Facemark.az Xəqani Səfərovun "Allah biznesdə olmağımızı, işləməyimizi istəyirmi?" mövzusunda köşə yazısını təqdim edir!


Mövzuya başalamamışdan qabaq vurğulamaq istədiyim bir məsələ var. Mən bu yazılarda biznes deyəndə sözün həqiqi mənasındakı sahibkarlıq fəaliyyətini yox, ümumi mənada işləmək fəaliyyətini bütünlüklə nəzərdə tutacam. Yəni bura investorluq, sahibkarlıq, frilanser işlər, menecerlik, mütəxəssislik, karyera qurmaq və s. kimi bütün fəaliyyətləri aid edəcəm. Bu sözləri davamlı təkrarlamayım deyə ümumi mənada biznes eləmək kimi ifadə etməyə çalışacam.


Əvvəlcə istəyirəm ki, ümumiyyətlə işləmək, biznes qurmaq, karyera - yəni biznes eləmək barəsində fikirlərimi deyim. İşləmək, biznes eləmək, çalışmaq nə olan şeydir və bu fəaliyyət bizim hansı işimizə yarayır?! Bəlkə ümumiyyətlə bu proses təməlindən olmamali idi?! Bəlkə elə bu kapitalist dünya bizi biznes, işləmək, karyera və s. kimi bir şeylərin sevdalısı edib?! Bəlkə dünya böyük bir kənd olmalı idi, hamımız əkin biçinlə dolanmalıydıq?! Bu texnologiya, telefonlar, bizneslər, işlər, plazalar, holdinqlər, şirkətlər bizi özümüzüdən uzaqlaşdırıb?! Mövzunun əvvəlində bu böhranı çıxarmağım əbəs yerə deyil. Çünki doğrudan da bizim özümüzdən ən çox uzaqlaşdığımız yer elə biznes eləməkdir, iş mühitidir.


Başımızı iş, biznes, karyera dediyimiz hadisələr elə qatıb ki, real yaşamdan zövq almaq çətinləşib.


Biz karyera ilə, bizneslə məşğul olduqca ailə qurmaq, uşaq dünyaya gətirmək, böyütmək, özümüzü inkişaf etdirmək, sevdiklərimizə vaxt ayırmaq və s. kimi həyati funksiyalarımız zədələnir. Bir dəfə böyük bir şirkətin CEO-suna demişdim ki, mən heç vaxt sənin kimi olmaq istəmərəm. O da təccüblə soruşmuşdu ki, niyə? - Mən də ona demişdim ki, sən uşaqlarının böyüdüyünü görməmisən. Bu söz onu çox pis tutmuşdu. Neçə gün bu sözün təsirində qalmışdı. Adam CEO olmuş, böyük bir şirkəti idarəetməyə enerji, vaxt sərf eləmişdi. Amma övladının böyüdüyünü görməmişdi. Buna dəyərdimi? Allah bunu bəyənirmi?


Hər halda birinci bu mövzuya aydınlıq gətirsək növbəti günlərdə danışacaqlarımız üçün yaxşı bir baza hazırlamış olarıq.


Biz niyə işləyirik?


Allah niyə bizim işləməyimizi istəyir və ya Allah bizim belə bir biznes dediyimiz işlə məşqul olmağımızı istəyirmi?


Ümumiyyətlə biz bütün səmavi dinlərə, kitablara baxsaq görərik ki, insanın bu dünyaya gəlməsi üçün təməl bir hədəfi var. Bütün peyğəmbərlər məhz bunun üçün çalışıb. Maraqlısı budur ki, bizim yaşamımız da qeyri-ixtiyari və ya ixtiyari buna xidmət edir. Bütün işlər insanı Allah tərəfindən bu dünyaya göndərilərilmə hədəfinə çatıdırmağa xidmət edir. Bu hədəfin adı nədir? Bu hədəf kamilləşməkdir. İnsanın bütün fəaliyyətlərinin təməlində kamilləşmək istəyi yatır. Kamilləşmək yəni əvvəlkindən yaxşı bir şey olmaq, əvvəlkindən yaxşı etmək, əvvəlkindən yaxşıya doğru irəlləmək istəyi. Heç kim deyə bilməz ki, mən kamilləşmək istəmirəm və ya kamilləşməməkdən zövq alıram. Hamı fitri olaraq, missiya olaraq, hədəf olaraq bu düynyaya kamilləsmək üçün gəlib. Hər kəs gördüyü işin ən yaxşısını görmək, ən kamilini etməyə çalışır və bundan zövq alır. Bir biznesmenin hədəfi daha yaxşı biznesmen olmaqdıq. Bir menecerin hədəfi daha yaxşı menecer olmaqdır. Heç kim müdirindən gedib maaşının aşağı salmağını, vəzifəsinin aşağıya endirilməsini istəməz. Heç kim az maaşı, çox maaşdan üstün tutmur və tutmaz. Heç kim evi, maşını olmağı, evsizlikdən aşağı tutmaz. Daha yaxşını, kamilini istəmək o qədər fitridir ki, onun sübuta belə ehtiyacı yoxdur.


Amma əlbəttə ki, bu bir istək, hədəfdir. Bu o demək deyil ki, hami bu hədəfə çatır. Çoxumuz bu hədəfə çata bilmirik. Əksinə bəzən insan hədəfinə zidd addımlar da atır. Amma bunu belə edərkən kamilləşmək üçün etdiyini düşündüyü üçün edir. Ola bilər səhv edir. Amma o bunun onu kamilləşdirdiyini düşündüyü üçün edir. Oğru birindən pul oğrayarkən Allahın ona təyin etdiyi kamilləşmə xəttinə zidd getdiyini anlamır, əksinə əlinə keçən pulun pulsuzluq halından daha kamil olduğunu düşündüyü üçün edir.


Yəni hədəf hələ ona çatacaqsan demək deyil. Və ya istəyin olması hələ hər şeyi düz edirik mənasına gəlmir. Bu birinci bilməli olduğumuz məsələdir.


İkinci deyilməli məsələ də odur ki, bizim bu dünyada müxtəlif rollarımız var. Biz kiminsə övladıyıq, kiminsə atasıyıq, kiminsə xanımıyıq, kiminsə nəvəsiyik və s. Bunu biz iradəvi olaraq seçmirik. Bəli, çox məhdud halda qismən seçimlər var. Ancaq bu rollar bütünlüklə Allah tərəfindən bizə təqdim edilib. Biz övladımızı, atamızı, anamızı, bacımızı, qaydaşımızı seçmirik. Allah bizə bu rolları verir.


Deməli əlimizdə iki təməl data var:


1. Kamilləşməyə gəlmişik


2. Çoxlu rollarımız var


Nəticə olaraq bu çıxır ki, deməli, biz bu rollarımızdakı davranışımızla kamilləşməliyik.


Bəs biz bu rollarda kimik? Bunların işlə, karyera ilə, bizneslə nə əlqəsi var?


Cavablar növbəti yazıda. Necə deyərlər: Ardı var…