Facemark.az Xəqani Səfərovun "Rəhbər necə olmalıdır? - Hz. Musanın əhvalatı" adlı köşə yazısını təqdim edir!


İşlərimdən irəli gələrək illərdir insanlarla işləyirəm. Əsas işim rəhbərlərlə olur. Adətən rəhbərlərin, sahibkarların tabeliyində olan insanlara ən böyük iradı budur ki, üzərində əziyyəti olduğu insanlar onlara qarşı çıxıb. Rəhbərlərin iradlarını toplayıb, ümumiləşdirsək bunu çıxarmaq olar: Komanda sədaqətli deyil.


Quranda Musa peyğənbərin bir çox əhvalatı var. Bu yazıda onlardan birinə toxunacam. Həm gözəl bir hekayədir, həm də biznes rəhbərləri üçün çox önəmli bir dərs vardır.


Əhvalat müxtəlif ayələrdə, müxtəlif tərzlərdə işarə olduğundan mən onların ümumi icmalını yazmalı olacam.


Deməli, Hz. Musaya peyğəmbərlik verilir. Hz. Musa da Misir camaatına bunu elan edir. Özünün peyğəbər olduğunu və insanları haqq yola - Allaha dəvət edir. O zaman isə Misirdə bir Tanrı var idi. O da firon idi. Firon Hz. Musanı dinləyir və onu yolundan döndərmək üçün məclislər hazırlayır. Camaatı da ora dəvət edir ki, insanların gözü qarşısında Hz. Musaya qələbə çalsın və Hz. Musanın Allaha dəvət söhbəti bağlansın. Ancaq bütün tədbirlərdə Hz. Musa qalib gəlir və firon məğlub olaraq daha da zəifləyir. Belə vəziyyətdə Hz. Musanın tərəfdarları artır.


Firon yeganə çıxış yolu kimi Hz. Musanı və tərfdaşlarını öldürməyi düşünür. Allah tərəfindən Hz. Musa peyğəmbərə xəbər gəlir ki, tərəfdarlarını, ailələrini, uşaqlarını da götür və şəhərdən çıx. Hz. Musa peyğəmbər tərəfdarları ilə birlikdə şəhərdən qaçır. Firon ordusuda onun ardınca gəlir.


Sayları tam məlum olmasa da ayələrdən belə məlum olur ki, firon ordusu Hz. Musa və tərəfdarlarından qat-qat çox olurlar. Hz. Musa peyğəmbər və tərəfdarları gəlib bir dənizə çıxırlar. Yol bitmiş olur. Arxadan da başlarında firon olan bir qansız, qəddar ordu gəlir.


Və… Hz. Musa tərəfdarları Hz. Musaya isyan etməyə, deyinməyə başlayırlar. Sədaqətizlik, itaətsizlik edirlər. Deyirlər ki, biz gül kimi oturmuşduq evimizdə, bizi xoş sözlərlə aldatdın. Qul olsaq da fironun kölgəsində birtəhər yaşayırdıq. Sən bizə xoşbəxtlik vəd verib, bədbəxt elədin.


Bu adamlar o adamlardır ki, dəfələrlə Hz. Musanın Allahının möcüzələrinə şahid olmuşdular. Dəfələrlə Hz. Musanın firon qarşısındakı qələbəsinə şahid olmuşdular.


Allah Hz. Musaya nida edir ki, əsasını yerə vursun. Hz. Musa əsasını yerə vurur və dəniz ikiyə yarılır. Dəniz ikiyə ayrılır. Bu bilirsiz də nə deməkdir?! Bu nə boyda böyük hadisədir!. Ümumiyyətlə hiss edə bilirsizmi nə baş verib?!.


Hz. Musa və tərəfdarları buradan keçir, say etibari ilə qat-qat çox olan ordu isə onların arxasınca bu yarıqdan keçmək istəyəndə dəniz yenidən birləşir və firon ilə birlikdə ordusu məhv olur.


Hər kəs bu hadisəni görür, yaşayır və Hz. Musadan onları bağışlamasını istəyirlər. Hz. Musa Allahdan onların bağışlanmasını istəyir və yola davam edirlər.


Üzərindən bir necə müddət keçir. Aclıq başlayır. Çöldə yeməyə bir şey tapmırlar. Və bu adamlar yenidən başlayırlar. Hz. Musaya isyan etməyə, deyinirlər. Sədaqətizlik, itaətsizlik edirlər. Deyirlər ki, biz gül kimi oturmuşduq evimizdə, bizi xoş sözlərlə aldatdın. Qul olsaq da fironun kölgəsində birtəhər yaşayırdıq. Sən bizə xoşbəxtlik vəd verib, bədbəxt elədin. İndi biz bu çöldə açından öləcəyik.


Hz. Musa dua edir göydən yemək yağır. İnsanlar yeyir və doyur. Yenə hər kəs bu hadisəni görür, yaşayır və Hz. Musadan onları bağışlamasını istəyirlər. Hz. Musa Allahdan onların bağışlanmasını istəyir və yola davam edirlər.


Üzərindən bir necə müddət keçir. İnsanlar yenə başlayır şikayətə. Ət yemək istədiklərini deyirlər. Deyirlər ki, biz Misirdə olanda ət yeyirdik. Deyirlər ki, biz gül kimi oturmuşduq evimizdə, bizi xoş sözlərlə aldatdın. Qul olsaq da fironun kölgəsində birtəhər yaşayırdıq. Sən bizə xoşbəxtlik vəd verib, bədbəxt elədin. Necə ildir ət yemirik.


Peyğənbər dua edir və göydən bildirçin əti yağır. İnsanlar yenə üzr istəyir. Hz. Musa Allahdan onların bağışlanmasını istəyir və yola davam edirlər.


Və beləliklə hər dəfə bir şey istəyir, bir şeyə isyan edirlər, sonra Hz. Musa dua edir. Allah onu yetirir və onlar bağışlanmaq istəyirlər. Hz. Musa peyğəmbər də Allahdan onların bağışlanmasını istəyir və yola davam edirlər.


Rəvayətlərdə bu səfərin çox uzun illər bir çöl səfəri olduğu qeyd edilib.


Belə illər ötür. Tur dağı yaxınlarında bir yerdə müvəqqəti məskunlaşırlar. Peyğəmbər Allahla münacat üçün Tur dağına gedir və 40 gün orada qalır.


Və… 40 gün sonra Tur dağından qayıdan Hz. Musa görür ki, necə ilini onun ilə keçirmiş, yüzlərlə möcuzələrinin iştirakçısı olmuş, yaşayan camaat, Hz. Musanın olmamasından istifadə edib bir buzov düzəldib, onu tanrı eləna edib, ona sitayiş edərlər.


Quran burada Hz. Musanın hisrlənməsini o qədər şiddətli qeyd edir ki, adamın tükləri biz-biz olur.


Ancaq sonra onların bağışlanması üçün Allah dua edir və onları yenidən haqq yoluna dəvət edir.


Bu hekayədən nə öyrəndik?


Mən hər zaman “işçilərim mənə qarşı nankorluq edir, qədirbilməzlik edir, sədaqət göstərmir” deyən sahibkarlara, rəhbərlərə bu hekayəni danışıb, deyirəm ki, sən dəniz yarmısanmı? Göydən bildirçin yağdırmısanmı? Əsanı yerə vurub, su çıxarmsanmı? İnsanlar bunları edənə, dənizin içindən onları keçirənə qarşı çıxır. Sən kimsən axı, ay qafil.


Rəhbərlərlər istəyir ki, komanda itaətkar olsun, ağıllı olmasın, rəhbərə səcdə eləsin, sədaqətli olsun.


Ancaq kütlə, komanda, camaat, dost, yoldaş deyil ki, sədaqətli olsun. Kütlə emosiyadır. Kütlə hər zaman Hz. Musanın tərafdarları kimi olub və olacaqdır. Dənizi yarsan da, göydən halva yağdırsan da sədaqətləri olmayacaq, qədirbilən olmayacaqlar. Sonsuz sədaqət gözləyən rəhbər hər zaman yanılacaqdır.


Rəhbərin əsas xüsusiyyəti peyğəmbərvari olmasıdır. Peyğəmbərvari olmayan rəhbər rəhbər deyil. Uğurlu rəhbər hər şeyə rəğmən komandasını inkişaf etdirəndir. Komandanın itaətkarlıq istəyən, sədaqət istəyən rəhbərə yox, hər şeyə rəğmən onları inkişaf etdirən rəhbərə - Musaya ehtiyacı vardır.


Əsas məsələ insanları düzəltmək deyil, bu heç vaxt alınmayacaq.


Əsas məsələ itaətkar komanda qurmaq da deyil, belə komandası olanın çox zəif komandası var. O komandada heç kim düşünmür, ancaq rəhbər düşünür, deməkdir.


Əsas məsələ insanları özünə tabe etmək də deyil. Əgər insanlar hər şeyə rəğmən rəhbərə tabelilik göstərirsə, onların getməyə başqa yerləri yoxdur, deməkdir.


Bəs əsas məsələ nədir? Əsas məsələ Musa ola bilməkdir.


Rəhbərsənsə hər şeyə rəğmən komandanın başında durmağı və onları inkişaf etdirməyi bacarmalısan. Özündə bunu inkişaf etdirməlisən - Musa ola bilməlisən…


Ardı var…