Facemark.az Xəqani Səfərovun "Qərar qəbul etməkdə niyə cəsarətli deyilik?" adlı yeni yazısını təqdim edir!
Biznes bütünlükdə “qərar qəbul etmədən ibarət bir yoldur”- desək, səhv etmiş olmarıq. Biznesdə, həyatda tez-tez qərarlar verməli olursan. Məhsul haqqında, iş haqqında, müştəri haqqında, karyeran haqqında və bir çox sahədə qərar qəbul etməli olur insan.
Ancaq biz görürük ki, insan qərar qəbul etmədə tərəddüdlər edir. Bilir ki, etsə yaxşı olacaq, ancaq narahat olur və cəsarət göstərə bilmir.
Bir halda ki, yaxşı olacaq, insan niyə qərar verə bilmir?! Çünki hər zaman yaxşı olmur. Yaxşı olacağı kimi pis olmağı da var. Yəni əslində insan əmin olsa ki, 100% yaxşı olacaq tərəddüd etmədən qərarı qəbul edər. Ancaq orada 10% alınmama (hansı ki, çox vaxt 50-60% olur) ehtimalı olsa, insanın qərar verməyə cəsarəti azalır.
Buradan görünür ki, insan uğursuz olmaqdan qorxur. Bəs, yaxşı, insan niyə uğursuz olmaqdan qorxur?
Bu sualı özümüzə versək bir necə cavab tapmış olarıq. Ancaq istəyirəm davranış psixoloqlarının fikirlərini qeyd edim.
Stanford universitetinin professoru, davranış psixoloqlarından hesab edilən, “Sosial Koqnetiv Nəzəriyə”nin banisi hesab edilən Albert Bandura deyir ki, insanın uğursuzluq qorxusunun əsasında özgüvən çatışmazlığı yatır.
Martin Seligman bunu ictimai səbəblərə bağlayır və deyir ki, əslində insanlar çevrənin reaksiyalarına görə uğursuz olmaqdan qorxurlar.
Koqnetiv müalicə sahəsində liderlərdən olan Aaron Beck isə uğursuzluq qorxusunun insanın özü üçün yaratdığı düşüncə və inancdan dolayı olduğunu iddia edir.
Həmçinin, uğursuzluqdan qorxma səbəbini bundan əvvəlki uğursuz təcrübələrlə və kontrol hissini itirməklə bağlı olduğunu iddia edənlər də var.
Bunları oxuyub öz əlavələrinizi də edə bilərsiz. Hansı səbəbdən olur olsun, bu bir reallıqdır ki, insan uğursuz olmaqdan qorxur.
Əslində isə biz məsələnin özünə baxsaq görərik ki, insan uğursuzluğu pis bir şey gördüyü üçün qorxur.
İnsan uğursuzluğu bir palçıq, iyrənc bir maddə kimi görür. Ona görə onun üstünə yapışmasından narahatdır. Halbuki, onun əksinə uğuru gözəl bir ətir kimi görür. Uğur ətrini vurub çölə çıxanda hamı onu bəyənəcək. Ancaq uğursuzluq palçığını üstünə yaxsa, çölə çıxanda hamı ona güləcək. Nəticə etibari ilə insan uğursuzluğa aşağı qiymət verir.
Bəs yaxşı insan niyə uğursuzluğa pis qiymət verir? İnsan niyə özünə uğursuzluğu yaraşdırmır? İnsan niyə uğursuzluğu aşağılayır?
Bununla bağlı Allanın kitabı - Quranın çox gözəl cavabı var. Quran deyir ki, insan uğurunu böyütdüyü üçün ziyandadır. İnsan gördüyü işlərdə uğurunu böyütdüyü üçün uğursuzluğu kiçiltməli olur.
“(Ya Rəsulum!) Etdikləri əməllərə görə sevinən və görmədikləri işlərə görə tərif olunmağı sevən kimsələrin əzabdan xilas olacaqlarını güman etmə. Onları şiddətli bir əzab gözləyir!” (Ali-İmran surəsi 188-ci ayə)
Ayəni həyatımızın axışına töksək görərik ki, Allah gördüyü işlərə görə təkəbbürlənən, tərif olunmağı sevən, hətta görmədiyi işləri öz adına çıxaran, buna görə qürürlanan adamlara deyir ki, onlar güman etməsinlər ki, xeyirdədirlər. Onlar ziyandadırlar.
Allah niyə insanın qürurlanmasını istəmir? Çünki insanın qürurlanması digərlərini özündən aşağı saymaqla olur. İnsan bir uğura o zaman qürurlanır ki, həmin işi başqalarından yaxşı etdiyi qənaətinə gəlir. Dolaysıyla başqalarını aşağılayır.
Məsələn bir forumda pis çıxış etməkdən qorxan spiker əslində yaxşı çıxış etsə qururlanacağı deməkdir. Uğursuz çıxışdan qorxmaq, elə uğurlu çıxışa qürurlanmaqdır.
Yaxşı çıxış edib qürurlanan spiker isə bir növ məna dünyasında “ o birilər yaxşı danışmadı, mən əla danışdım” deyir. Allah da bunu istəmir. Bunu xeyirli də saymır. Qürurlananların ziyan etdiyini deyir.
Quran bizə öyrədir ki, gördüyün işlərdə uğur qazansan da onu böyütmə, qürurlanma. Bunu etməsən uğursuzluğu kiçiltməyəcəksən, beləliklə uğursuzluqdan da qorxmayacaqsan. Cəsarətli addım atacaqsan.
Quran bizə öyrədir ki, bizim işimiz qərar verib addım atmaqdır. O uğurla bitəcək ya uğursuz bitəcək burada çox az payımız var. Çox pay Allahdadır. “Allah mülkü (uğuru) istədiyi şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldar.” (Ali-İmran surəsi 26-ci ayə)
Bizim işimiz addım atmaqdır. Nəticə Yaradandadır.