Son günlər, daha doğrusu son illər ölkə mediasının gündəmində duran əsas mövzulardan biri “copy-paste”, “plagiat”, “oğurluq” bir sözlə görüb-götürülmüş ideyaların tətbiqinin həyatda və ya müxtəlif iş sferalarında, istər incəsənətdə, istər təhsildə, istərsə də biznesdə nə qədər uğurlu olması və ya nə qədər etik olması məsələsidir.
Ümumiyyətlə yaşadığımız məkanda “görüb-götürülmüş” ideyalara bir növ barmaqarası baxırlar. Əgər kimsə deyirsə ki, mən hər hansısa bir layihəni, hansısa ölkədə həyata keçirilmiş və uğurlu olmuş layihədən ilhamlanaraq həyata keçirmişəm, bizim “ağlıgöyçəklər” həmin adama qeyri-ciddi adam, ortaya qoyduğu işə isə qeyri-ciddi iş donu geyindirirlər. Bir çox hallarda isə həmin insanları ideasızlıqda, plaqiarizmdə hətta daha da irəli gedib “oğurluqda” günahlandırırlar. Düzdü bu adətən incəsənət sahələrində olurdu, amma son zamanlar şirkətlərin xarici təcrübəni ölkəmizdə tətbiq etməyə başlaması onların rəqiblərini qıcıqlandırmağa başlayıb və rəqiblər şirkətləri “copy-paste” şirkət olmaqda suçlayırlar (yeniliklər adətən gec qəbul olunur). Amma məsələnin yegane sevindirici tərəfi odur ki, artıq bu tip düşünən insanların sayı nisbətən azalmaqdadır və həyata keçirdiyin iş uğurludursa, bu “ağlıgöyçəklər” daha çox susmağa üstünlük verirlər. Bəs dünyada uğurlu biznes qurulan ölkələrdə vəziyyət necədir?!
Texnologiya, internetin və sosial medianın iş həyatına daxil olmasıyla birgə, bir neçə qeyri-adi peşələr yaranmağa başladı, hansı ki, daha əvvəllər o peşələrin adı eşidilməmişdi və o peşələrə sadəcə ehtiyac yox idi. Bu peşələrdən biri son dövrlər yaranmağa paşlayan və genişlənməkdə olan “trend ovçusu”dur (bəzi hallarda “trend müşahidəçisi” və ya “fikir ovçusu” olaraq adlandırılırlar). Yaxşı bəs nədir bu “trend ovçusu”?
“Trend ovçusu” – digər ölkə və məkanlarda həyata keçirilən və uğurlu olan ideyaları, çalışdığı ölkənin xüsusiyyətlərinə uyğunlaşdıraraq həmin məkanda fəaliyyət göstərən şirkətlərə təklif edir. Daha ətraflı yazsam, ideya götürülən ölkədə şirkətə təsir edən makro mühit amilləri ilə çalışdığı ölkənin makro mühit amillərini qarşılaşdırır, fərq yarada biləcək nüansları dəyişdirilir və bu ideyanın tətbiq olunacağı təqdirdə şirkətə nə qədər xeyir verə biləcəyi hesablanıb hesabat şəklində təqdim edilir. Və şirkətlər bu işin qarşılığında “trend ovçuları”na pul ödəyirlər. Bu zaman ideya götürülən şirkətlə, ideya tətbiq olunacaq şirkətin eyni sektor şirkəti olması heç də vacib deyil.
“Trend ovçuları”nın bir digər işi isə yaxın və uzaq çevrəsində baş verən hadisələri izləməklə insanların nəyə ehtiyacı olduğunu öyrənmək və şirkətlərə bu haqda əlumat vermək. Bir növ kənardan şirkətlər üçün marketinq fəaliyyəti həyata keçirirlər.
Bu iş artıq o qədər genişlənib ki “fikir ovçuları” özlərinin şəbəkə saytlarını yaradıblar hansı ki burada dünyanın müxtəlif ölkələrindən olan “fikir ovçuları” öz müşahidələrini, öz ölkələrində uğurlu həyata keçmiş fikirləri paylaşırlar.
Əslində Azərbaycanda da trend ovçuluğunun ilk addım səsləri eşidilməkdədir. Dostumuz, Marketing AIR məzunu Hamid Ağayevi ilk trend ovçularından biri hesab etmək olar. Öz blogunda bir neçə xaricdə uğurlu olan ideyaları paylaşıb. Və şirkətlər səviyyəsində də bu gün artıq ilk cücərtilər görsənməkdədir : addımla.com saytı yeni “İşiniz işimizdir” sloqanının Cem Yılmazın “Fundamentals” stand-up şousundan ilhamlanaraq yaratdığının şahidi oluruq (bu fikirlər də məhz Həmidə aiddir, kimsə plaqiatlıqda suçlamasın məni.
Ümid edirəm ki, yaxın bir neçə il ərzində xaricdə uğurla həyata keçirilmiş biznes layihələr ölkəmizdə də yetişməkdə olan “fikir ovçuları” tərəfindən şirkətlərə təqdim olunacaq və şirkətlər tərəddüd etmədən bu ideyaları tətbiq edəcəklər.
P.S. bu postu yazarkən facebookda "birlik üçün oxu" layihəsi çərçivəsində hazırlanan “Ay Laçın” kompozisiyası qarşıma çıxdı və video klipin aşağısında qeyd olunduğu kimi ideya ABŞda həyata keçirilmiş "Playing for Change" layihəsindən ilhamlanaraq həyata keçirilib və məncə uğurlu da alınıb.