Bu yaxınlarda, daha dəqiq desək may ayının əvvəli TV-lərin reytinqini müəyyənləşdirmək üçün Facemark.az portalına sorğu sifariş etdik. Bundan öncə də bir neçə dəfə bu səpkidə sorğular olub. Radioların reytinqi ilə bağlı Facemark.az-ın sorğu nəticələri radio kanallar üçün çox maraqlı olmuşdu. Bunu radio kanallarda çalışan yaxın dostlardan da tez-tez eşidirdim. Bu səbəbdən çoxdandır ki, istər şirkətlər, istərsə də yerli reklam agentlikləri üçün bu tip sorğuya ehtiyac yaranmışdı.
Sorğunun nəticələrini qeyd etməklə yanaşı Sizə son zamanlar tv kanallarda verilişlərin reytinqi ilə bağlı da məlumat verəcəyəm. Ümumilikdə onu qeyd edim ki, sorğuda seçim olaraq yerli kanallar və ancaq “heç biri” variantı verilmişdi. Çünki bəzi məlumatlara görə hazırda ölkədə 35-40% civarında peyk kanalları izlənilir. Lakin bu o demək deyil ki, həmin peyk antenaları vasitəsilə yerli kanallara baxılmır. Bunu isə ölçmək mümkün olmadığından çox vaxt bəzi mütəxəssislər yanlış olaraq ölkə əhalisinin 40%-i yerli kanalları izləmir fikrinə gəlir.
Beləliklə, biz “Ən çox hansı yerli TV kanalını izləyirsiniz?” sualı ilə müraciət etdik.
Sorğunun linki - https://www.facebook.com/questions/563149817041807/
Nəticələrə keçməmişdən öncə bəzi statistik məlumatları qeyd edək;
- Sorğuda 28 948 nəfər səs verib
- Sorğunu 453 760 insan facebookda görüb
- 1089 nəfər sorğuda iştirakla yanaşı şərh bildirib
- 2474 insan sorğunu facebookda bəyənib
- Facebook reklamı vasitəsilə sorğu 0.67% CTR alıb.
- Ümumi post bağlılığı (post engagement) – 64 357
İndi isə nəticələr:
- ATV – 9428 səs (32.5%)
- Heç Biri – 8661 səs (29.9%)
- Xəzər – 3138 səs (10.8%)
- İdman Azərbaycan – 2695 səs (9.3%)
- Aztv – 2420 səs (8.3%)
- ANS – 1699 səs ( 5.9%)
- İctimai – 302 səs (1%)
- Mədəniyyət – 220 ( 0.75%)
- Space – 218 səs (0.75%)
- Lider – 167 səs (0.6%)
Sorğuya yazılan şərhlər də maraqlıdır. 1089 şərhin içində kanalların ancaq xəbərlərini izləyənlər də əksəriyyət təşkil edir. Daha sonra futbol izləyənlər gəlir. Bir çox şərhçilər isə hesab edir ki, bizim kanallardakı verilişlər türk və rus kanallarından “kopyalamadır”. ANS-in sorğuda 6-cı olması və Lider-in sonuncu olması da düşündürücüdür. Hər kəs ATV-nin çox baxıldığına şübhə etmir, amma reklamçılar ATV-dən sonra ANS-i ikinci görsələr də bu sorğuda ANS Xəzər, İdman və Aztv-dən də geridədir. Futbola görə İdman kanalının reytinqi yüksəkdir. Şərhçilərdən birinin yazdığı kimi dünyanın heç yerində bu qədər futbol oyunlarını pulsuz vermirlər.
İndi isə gələk kanallardakı verilişlərə. Sözsüz hazırda ən çox baxılan veriliş ATV-dəki “Səni Axtarıram” verilişidir. ATV xəbərin Xəzər xəbəri reytinqdə geridə qoyduğu da məlumdur. Xəzər Xəbər ilk vaxtlar çox maraqla qarşılanırdı, lakin son zamanlar xəbərlərdə köhnə youtube videolarından istifadə reytinqə təsir etmiş ola bilər. Buna baxmayaraq Xəzərdə “Qaynana” serialı populyardır. ANS-də isə “Elgizli axşamlar”, “düzbucaq”, “cinayət işi” reytinqlidir. Bundan başqa Liderdə “Lift” şou, İTV-də “Carçı” və “”Qanundan kənar”, Space-də “Hər Səhər”, “Sevimli Şou” da baxılan verilişlər sırasındadır. Ümumən isə ATV-nin verilişləri daha çox auditoriyaya sahib kimi görünür.
Facebookdakı sorğu 30 000 insanı əhatə etdiyindən ciddi nəticədir. Üzvlərinin 50%-i gənc olan facebookda 1-ciliyin ATV-də olması, ATV izləyiciləri içərisində gənclərin çox olduğunu göstərir. Ancaq 30%-ə yaxın insanın “heç biri” cavabı seçməsi də düşündürücüdür. Buna görə kanallarımızda ciddi ölçüdə intellektual və maarifləndirməyə, dünya görüşünün artırılmasına yönəlik verilişlər yaranmalıdır. Təəssüf ki, şou verilişlər daha çox reytinq yığdığından onlara sponsor tapmaq daha asan olur. Amma intellektual verilişlər isə maliyyə çatışmamazlığı səbəbindən adətən uzun ömürlü olmur.