Uğurlarınızla sizin aranızda meylləriniz vardır. Həyatda uğur qazananlarla qazanmayanlar arasındakı fərq budur. Uğur qazanan insanların da, uğursuz insanların da həyatlarını düşüncələr idarə edir və istiqamətləndirir. Diqqət edirsinizsə, düşüncənin tərkibi burada çox önəmlidir.
Bir qab, ancaq öz içindəkin bayıra sızdıra bilər. İnsan gün boyu düşündüklərinin cəmidir. İnsan nə düşünürsə odur və insan ancaq beynindəkiləri həyata keçirə bilər. İnsanın içindəki yaradıcılıqdırsa, insan yaradıcı olacaqdır. Əksinə, insan dağıdıcı düşüncə tərzinə malikdirsə, onun zehni yenə də içində mövcud olanı gerçəkləşdirəcəkdir.
Zehin üçün yaxşı-pis yoxdur. Zehin ancaq ona verilən əmrləri icra edir. Zehnini faydalı düşüncələrlə proqramlaşdırmağı bacaran insan fayda görəcəkdir. Eynilə bir el məsəlində deyildiyi kimi: “Nə tökərsən aşına, o da çıxar qaşığına”.
Əsasən insanlar, başqalarının köməkləri sayəsində bir şey olduqlarını düşünürlər. Həyatdakı mövqelərini, ətrafındakı sistemin müəyyənləşdirdiyini zənn edərlər. Əslində isə bizi biz edən, ətrafımızda olanlar deyildir, içimizdəkilərdir. Nəticə etibarı ilə, həyata baxışlarımıza görə özümüz məsuliyyət daşıyırıq. Nasist Almaniyasının bir əsir düşərgəsindən sağ-salamat qurtarmağa nail olan Viktor Frankl belə demişdir: “İnsanın hər bir şərt altında öz meyllərini müəyyənləşdirə bilməsi, onun əlindən heç bir zaman alınmayacaq azadlıqdır.”
Öz düşüncələrini idarə etməyi bacaran insan dünyanı idarə edər. Gün ərzində insan beynindən təxminən 60.000 fikir keçir. Bu fikirlərin 40.000-i eşq haqqındadırsa, eşq həyatınız hərəkətə gələcəkdir. Nə barədə düşünsəniz, onu reallığa çevirəcəksiniz. Unutmayın ki, bu günə qədər meydana çıxan hər bir şey, gözlə görünən hər bir elmi nəticə, əvvəlcə bir insanın beynində fikir şəklində olmuşdur. Böyük Sosialistİnqilabı V.İ.Leninin beynində düşüncə şəklində olmasaydı və o bu düşüncəni digərlərinə nəql etməsi barəsində düşünməsəydi, o inqilab barədə indi tarix kitablarında bölmələr olardımı?
Əgər bədbin və neqativ düşünürsünüzsə, uğursuz olacağınıza şübhəniz olmasın. Beyin bir tarla kimidir. Qərənfil toxumu əksəniz qərənfil, qanqal toxumu əksəniz qanqal bitəcək. Həyatda yaşadıqlarımız, düşüncələrimizin məhsuludur. Bu gün həyatımız, əvvəllər düşündüklərimizin nəticəsi olaraq bu şəklə düşmüşdür. Bu gün düşündüklərimiz isə, sabahkı həyatımızı formalaşdıracaqdır.
Düşüncələrinizi işə salaraq gözəl bir gələcək qurmaq istəyirsinizsə, nə istədiyinizi dəqiq bir çərçivəyə sığdırmağınız vacibdir. Nə istədiyini soruşduğumuz zaman insanların nə İSTƏMƏDİKLƏRİNƏ dair uzun bir siyahı sadaladığına heç diqqət etmisinizmi? “Onu istəmirəm, bunu istəmirəm, orda yaşamaq istəmirəm, filan şeyi tərgitmək istəyirəm”. Digər bir tərəfdən də NƏ İSTƏDİKLƏRİNİ sadalamaqda da çətinlik çəkdiklərinə fikir vermisinizmi? İnsanların çoxu şəxsi və ya iş həyatlarındakı hadisələri problem olaraq görürlər. Bu səbəbdən də problemlər onlara mane olduğu zaman ilişib qalırlar. Şəxsən mən, indiyə qədər neqativə meylli və daim uğur qazanan bir adam da görməmişəm.
Düşüncələrinizə diqqət edin! Onlar reallaşırlar.