Biznes mühitimizdə axır vaxtlar səsləndirirlər ki, insanları motivasiya etməkdə pul vacib yerdə deyil. Son dövrlərdə bu haqda yazılar və müsahibələrlə çox tanış oluram. Artıq pulun motivasiya gücünün zəiflədiyini düşünənlərin sayı artır və ya kimlərsə bunu artırmağa çalışır. Bəzən sahibkarlara məsləhət görürlər ki, işçilərini pulla motivasiya etməyə çalışmasın, başqa duyğusal və ideoloji metodlara əl atsın. Ancaq bunu deyənlər biznesdə əsl məqsədin pul qazanmaq olduğunu unudurlar yəqin. Hətta hansısa yazıda yazmışdılar ki, öz işçilərini motivasiya etməyən biznesin sonu SSRİ kimi olacaq. Ancaq əslində insanın genetik kodları ilə oynanılmadıqca pul onun ən böyük motivasiya vasitəsi kimi qalacaq. Bunun təbii, psixoloji, sosial səbəbləri var. Bu səbəbləri isə avtomatı odinochni-ya qoyub, bir-bir yağdıraq gəlsin.
Səbəb 1. Biznesin xüsusiyyəti. Bilirik ki, biznes duyğu fəaliyyəti deyil. Biznesdə hisslərə çox az yer var. Biznesə addım atan adamların da əksəriyyəti bunu xobbi kimi yox, pul qazanmaq vasitəsi kimi qəbul edir. Yəni məqsəd PULDUR. Ancaq bəzən biznesin satış olmadığını iddia edənlər də tapılırsa, əsas məqsədi unutmaları normaldı. Sahibkar işçilərinə pul verməyi unutsa, sahibkar işçisinə bazar dəyərindən az pul verməyə başlasa, həmin sahibkar işçisini öz biznesində saxlaya bilməz. Əksər adamlar pulun motivasiyada zəif olduğuna aid belə yumşaq desək, əsassız fikirlərə toxdu. Təsəvvür edin ki, siz hansısa bir şirkətin CEO-susuz. Ancaq maaşınız bazar dəyərindən azdır və hansısa digər bir şirkətin sıravi işçisinin maaşı qədər alırsız. Sahibkar isə sizə deyir ki, biz cəmiyyət üçün xeyirli iş görürük. Siz burda yaxşı pul qazanmaya bilərsiz ancaq əvəzində cəmiyyət qazanır, siz yaxşı yaşamasaz da əvəzində cəmiyyət sizin sayənizdə yaxşı yaşayır. Təsəvvür edin milyonlar qazandırdığınız sahibkar sizə qəpik-quruş verir, sizi isə inandırmağa çalışır ki, tələbat sonsuz pul isə məhduddur. Sizə pulun məhdud olmasından danışsa, tələbatın sonsuzluğundan dəm vursa, bu sizə həmin sahibkarın yanında qalmağa yaradacaq? Mənə yaratmaz. Biznes dini, siyasi, xeyriyyə fəaliyyəti deyil. Ancaq belə getsə, iddia edəcəklər ki, əslində biznes xeyriyyə fəaliyyətidi.
Səbəb 2. Biznes adamının ambisiyaları. Ambisiyasız adam biznes dünyasından uzaq olmalıdı. Bu ambisiyalar isə pulla sıx bağlıdı. Hər insanın sahib olma arzusu vardır, ancaq biznes adamında, sahibkar və ya işçi olmasından asılı olmayayaraq, bu hər kəsdən çox olmalıdır ki, uğur qazana bilsin. Əgər hansısa bir insan tərki-dünya deyilsə, əgər bir insan düşünürsə ki, onun bu dünyada görəcək işləri var, ona pul lazımdır. Hətta çox vaxt biznesin əzablarına pul üçün dözməli olur. Həmin adam sahibkar deyilsə, o gələcəkdə mütləq sahibkar olmaq istəyəcək. Ona görə bir vaxtdan sonra pul ilə xoşbəxtlik arasındakı əlaqə heç vaxt itmir. O daha çox pul yığsa, daha böyük biznesə girəcək. General olmaq istəməyən əsgər yaxşı əsgər deyil. Bu adamları digər duyğusal, ideoloji metodlarla aldatmaq mümkün deyil. Mənə maraqlıdı görəsən, bunu deyənlər özləri az pula razı olarlarmı?
Səbəb 3. Sosial və ailə faktorları. Hər bir normal insan sadəcə özü üçün yaşamır, ailəsi üçün də yaşayır. Onun qarşısında məsuliyyət daşıdığı, xoşbəxt etməli olduğu, gələcəyini qurmalı olduğu insanlar var. O insanların xoşbəxtliyi isə əslində onun xoşbəxtliyidi. Təsəvvür edin ki, sizə işdə yaxşı şərait yaradırlar, sizə diqqət nümayiş etdirirlər, sizdə ideoloji təbliğat aparırlar, sizi cəmiyyətə xeyirli işlər görməyə ruhlandırırlar, ancaq az pul verirlər. Siz isə pulun azlığı ucbatından sevdiklərinizə gələcək qura bilmirsiz, onları yaxşı yaşada bilmirsiz, bir sözlə xoşbəxt edə bilmirsiz. Onlar sizdən nəsə tələb edəndə deyirsiz ki, pul məhdud tələbat sonsuzdur. Onlar xoşbəxt olmayanda siz xoşbəxt ola bilərsiz? bu sizin motivasiyanızın qalxmasına müsbət təsir edəcək?
Səbəb 4. Peşəkarlığın gərəyi. Siz bir peşəkarsızsa, peşənizlə bağlı duyğusallıqdan çəkinməlisiz. Sizə edilən iş təklifləri arasında seçim edərkən duyğularla yox məntiqlə və ağılla qərar verməlisiz. Peşəkarlara onların dəyərindən az maaş verəndə onlar daha yaxşı maaşlara hə deməkdə haqlıdırlar. Sahibkarlar peşəkarları ilk olaraq maddi tərəfdən dəyərləndirməlidirlər. Sonra digər faktorlar. Hətta hisslərin və ideologiyanın ən çox yer aldığı biznes-futbolda da peşəkar futbolçular öz doğma və ideoloji olaraq bağlı olduqları komandaları tərk edirlər. Çünki onlar bu işi pul üçün görürlər XOBBİ ÜÇÜN YOX. Peşəkarlara ideoloji dərslər keçməyə çalışmayın, sadəcə onları qane edin.
P.S Dostlar, əgər sahibkarsızsa, işçinizə nağıl danışmağa çalışmayın. Çünki, belə şeylərin modası keçib. Əgər işçisizsə, çalışacağınız şirkəti seçərkən ilk olaraq pulu dəyərləndirin. BECAUSE, YOU ARE PROFESSIONAL, NOT AMATEUR.