Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin “Ulduzlar Liqasını qarşılayın” reklam çarxı Ukraynada keçirilən 14-cü Kiyev Beynəlxalq Reklam Festivalının “Kompleks reklam kampaniyaları və proqramlar” kateqoriyası mükafatçılarının qısa siyahısında (“short list”) yer alıb.


Bu reklam çarxı özündə mobil telekommunikasiya ilə futbolu, eyni zamanda “Bakcell” in müştəri xidmətləri ruhu ilə futbol ulduzlarının gücünü və yumorunu birləşdirir, müştəri xidmətləri işinin çətinliyini və maraqlılığını futbol ulduzlarının köməyilə əks etdirir.


“Müştəri məmnuniyyəti bizim işimizin çox vacib bir hissəsidir. Bakcell şirkəti müştəri xidmətlərinin təkmilləşdirilməsi və effektivliyinin artırılmasına mütəmadi olaraq sərmayə yatırır. “Mançester Yunayted”lə əməkdaşlıq isə regionun ən böyük və maraqlı marketinq layihələrindən biridir. Bizim cəmi 10 ay əvvəl başlanan əməkdaşlığımız çərçivəsində “Mançester Yunayted” oyunçularının iştirakı ilə 2 reklam çarxı ərsəyə gəlib və onların hər biri böyük maraqla qarşılanıb” - deyə “Bakcell”in baş marketinq direktoru Aynur Abjanova bildirib.


“Mançester Yunayted” klubu ilə tərəfdaşlıq çərçivəsində ərsəyə gələn reklam çarxının ideyası “McCann Baku” şirkətinə məxsusdur.


Rejissor Mona El Mansuri tərəfindən Mançester şəhərində çəkilən reklam çarxı “Mançester Yunayted” in ulduz futbolçuları Rio Ferdinand, Rayan Qiqqz, Patris Evra və digərlərini tamamilə fərqli rolda təsvir edir.



“Əlbəttə ki, “Bakcell”in bu layihəsi bütün MDB ölkələrinin marketinq bazarı üçün misilsiz bir hadisədir. Bu tərəfdaşlığı əks etdirən çarx isə, sadəcə futbol ulduzlarının bir yerdə toplandığı bir reklam məhsulu deyil. Bu reklam çarxı vasitəsilə Bakcell öz abunəçilərinə mükəmməl xidmət göstərmək üçün inanılmaz bir şey etməyə qadir olduğunu vurğulayır. Tam əminliklə demək olar ki, belə bir çarxın təqdim olunması “Bakcell”in marketinq bazarında yeniliklərə can atmasından, ümumiyyətlə, Azərbaycanın reklam sahəsinin inkişafına təkan verməsindən xəbər verir” - deyə “McCann Baku” şirkətinin icraçı direktoru Elnur Nurəliyev bildirib.


Qeyd edək ki, “Ulduzlar Liqasını qarşılayın” reklam çarxı Azərbaycanda ən yaxşı televiziya reklamını müəyyən etmək məqsədilə mak.az online marketinq jurnalı tərəfindən keçirilən “İlin ən yaxşı TV reklam çarxı” müsabiqəsinin qalibi seçilib. Bu layihənin keçən ilki qalibi də “Sür@ hədlərini aşaraq” adlı reklam çarxı ilə məhz Bakcell şirkəti olmuşdu.