Şirkətlər prioritetləri müəyyənləşdirəndə bəzən çox böyük yanlışlığa yol verirlər – başlarını aşağı salıb əskikliklərini aradan qaldırmaqla məşğul olurlar…
1. Böyük şirkətlərə oxşamaq istəmək, "benchmarking"dən istifadə etmək çox gözəldir. Amma bu, şüurlu olmalıdır. Şirkətin strategiyasına əsaslanmalıdır. Hansısa böyük şirkətə oxşamaq strategiya ola bilməz.
2. Əskiklikləri aradan qaldırmağa yönəltdiyin səyləri üstünlüklərindən faydalanmağa yönəlt. Şirkəti Coca Cola, P&G, Unilever və s. ilə müqayisə etmək olar. İllər ərzində qurduqları sistem, bir çox üstünlükləri var ki, hər bir şirkətin öyrənəcəyi çox şey var orda.
Amma unutmamalıyıq ki, həmin nəhəng şirkətlərdə olmayan bir sıra üstünlüklər var ki, onlardan faydalanmaq lazımdır. Bu üstünlüklərə misal olaraq çeviklik, qərarvermə sistemi, mürəkkəbliyin minimum olması, böyüklükdən doğan təşkilati problemlərin az olması və s. göstərə bilərik. Bu üstünlüklərdən faydalanmaqla daha yaxşı və tez fərq yaratmaq olar, nəinki bütün səyləri, resursları əskiklikləri aradan qaldırmağa yönəltməklə.
3. O faktı da unutmamalıyıq ki, hər sahədə yaxşı olmaq mümkün deyil. Həmin o uğurlu, nəhəng şirkətlərin uğur qazandığı sahələr sənin şirkətinə uyğun olmaya bilər. Və ya vaxtı gəlməmiş ola bilər. Coca-Cola’nın 100 ildən sonra etdiklərini bir gənc şirkətdə tətbiq etmək yersiz ola bilər. Bunlar əskiklik olsa da, onların aradan qaldırılması şirkətin resurslarının, səylərinin israfı olar.
4. Ən yaxşı müdafiənin hücum olduğunu da nəzərə almalıyıq. Davamlı şəkildə əskikliklərin aradan qaldırılması ilə məşğul olduqca hücum etmək, rəqabət üstünlüklərindən faydalanmaq arxa plana keçir. Nəticədə əskikliyi aradan qaldırmanın alternativ xərci (ziyanı) bir az da artır.