20 Oktyabr Los Angeles, Barcelona, New York, Amsterdam kimi şəhərlərdə davamlı olaraq keçirilən və trend halını almış NewCo İstanbul layihəsinə qatılmış oldum. Layihənin ana istiqaməti dünyanın müxtəlif nöqtələrində olan startup layihələrlə, eyni zamanda orta və böyük markalarla müştərilərin, tələbələrin və yeni bilgilər əldə etmək niyyətli olan şəxslərin görüşlərini təşkil etməkdir. Fərqli cəhət ondan ibarətdir ki, görüşlər məhz markaların ofislərində, PR, Marketing nümayəndələri, "CEO"ları və ya digər səlahiyyətli şəxslər tərəfindən aparılırdı.



Daha əvvəl keçirilmiş layihələrdə Google, LinkedIN, Twitter, Adobe Uber, Microsoft kimi dünya "ulduz"ları da qapılarını "Newco"çulara açmışdı. İstanbulda keçirilən NewCo layihəsi çərçivəsində bu il Vodafone, Garanti Bankası, Uber, Mynet, Borusan Holding, BlaBlaCarın ofislərini gəzib, spikerlərdən mövcud bazar fəaliyyətləri və gələcək işləri ilə bağlı bilgi əldə etmiş oldum. Mynet daha çox nəyə görə bazardan kənarda qaldığını ifadə edən çıxış etdiyi üçün, birbaşa olaraq digər təqdimatlarda öyrəndiyim bilgilərlə sizi tanış etmək istəyirəm. Vodafone və Garanti Bankasının əsas təqdimat mövqeyi startup layihələrə yarada biləcəkləri imkanları əhatə edirdi. Onu da qeyd edim ki, bu qurumlar Boğaziçi Universitetinin BUBA komandası ilə ortaq təşkil etdiyi layihələr çərçivəsində gənc startupçılara qarşılıqsız və hər hansı pay tələbi olmadan dəstək təmin edir, özlərinin gələcək tədarükçüləri kimi fəaliyyət göstərmələrini təmin etmiş olurlar. Görüşlər zamanı keçirilən prezentasiyalarda, göstərilən startup örnəkləri də göstərirdi ki, normalda sırf dəstək görmədiyi üçün diqqətdən kənar qalan onlarca maraqlı və fərqli ideyalar var və bunlar dəstək alırlar.



Deyilənə görə, daha çox texnologiya və IT istiqamətli layihə, fikirlərə üstünlük verirlər. Bu iki mərkəz gələcək ideyalarınız üçün sizin ən önəmli dəstəkçilərinizdən biri ola bilər. Borusan Holding 70 illik holdingin necə innovativ qurum halına gəldiyinin praktik nümunələrini təqdim edirdi. Qurum qocamanlaşmanın gətirmiş olduğu yavaşlamanın qarşısını almaq üçün Holding daxilində 30Altı deyə innovativ komanda ayırıb və buraya şirkətin hər hansı şöbəsindən istənilən şəxs qoşula bilir. Komandanın vermiş olduğu əsas fayda innovativ fikirləri, ideyaları olan şirkət işçilərinin öz ideyalarını qurum adından reallaşdırma və fəaliyyətin güclü olduğu təqdirdə birbaşa olaraq bu işin rəhbəri olma imkanlarıdır. Şirkət son illərdə Türkiyədə geniş fəaliyyətə başlayan ITA, Benim filom, Bukoli kimi layihələrə məhz bu komandada yer alan işçilər sayəsində start verib. PR Departamentinin rəhbəri Şule Yücebıyık-ın sözüylə desək, bu fəaliyyət holdingin işçilər baxımndan bacarıq maqniti (yetenek mıknatısı) olmasına qatqı sağlamış olur.



Bu örnək alınacaq fəaliyyətdir. Müvafiq olaraq Şəhər içi və Şəhərlərarası taksi xidməti kimi dünyaca məşhur olan Uber və BlaBlacar milyonlarca istifadəçini əhatə edir. "BlaBlaCar"ın məntiqi sadədir, bir şəhərdən digər şəhər şəxsi maşını ilə hərəkət edən birini əlavə xərclərdən qurtarmaq üçün ona eyni yolu gedən digər şəxsləri təklif edir. İnsanlar hansı tarixlərdə haradan haraya gedəcəklərini qeyd edirlər və platforma onları görüşdürmüş olur. Nəticədə İstanbuldan Ankaraya gedən maşın sahibi 100 manat benzin pulu xərcləyirdisə, bu rəqəm 25 manata qədər düşə bilir. Təbii ki, işin təhlükəsizlik məsələsi şirkət tərəfindən təmin olunmuş olur. Şirkət təkcə keçən ilki fəaliyyəti ilə müştərilərinə 10.000 dəfə dünya turu edəcək qədər benzinə qənaət etmək imkanı təmin edib. Uber-in əsas təqdimat istiqaməti Türkiyə bazarına girmələri ilə bağlı yaşamış olduqları çətinlikləri üzrə idi. Bu növ layihələrin verdiyi əsas faydalardan biri normalda görüşməyin uzaq göründüyü marka rəhbərləri ilə görüşmək və qatılımçılarla yaratmış olduğu Networking imkanlarıdır. Hər il dünyanın 10-a yaxın ölkəsində keçirilən bu festivallara qatılmaq barədə ciddi ciddi düşünmənizi tövsiyyə edirəm.