Yazını yazmağıma səbəb, təsadüfən bu gün son 6 ay (180 gün) danışdığım telefon dəqiqələrinin statistikasına baxdım. Son 180 gün ərzində hər gün ortalama 25 dəqiqə telefonla danışmışam. Bu da 180 gündə 3 gün vaxt edir. Çox ciddi və önəmli məsələdir. Həmin danışıqların 75%-i işlə bağlı danışıqlardır. Keçim bir az mətləbə Uğurlu ünsiyyət, uğurlu satış, uğurlu davranışlar haqqında yazılar kifayət qədərdir. Həm şəxsi həyatda, həm də iş həyatında telefonda danışdıqlarımız həyatımıza ciddi təsir edir.
Bəzən telefonda danışarkən, qarşıdakı insanın bizi görmədiyi üçün ola biləcəyimiz maksimum rahatlıqda davranırıq. Amma aşağıda etdiyimi bəzi cızma qaralar, düşünürəm ki, faydalı ola bilər. Xüsusi ilə də, əgər siz satış işi ilə məşğul olursunuzsa, faydalanacağınız məqamlar olacağına inanıram. Başlayaq,
1. Mənə tez tez zəng edən dostlarım bilir. Heç vaxt, amma heç vaxt telefon dəstəyinin gec qaldırılmasını “yüksək imic” saymamışam. Hətta mənə görə bu qarşıdakı insana hörmətsizlikdir. Çalışdığım qədər telefonu ilk eşitdiyim vaxtda açıram. Telefonun özəlliyindən yararlanıb, avto mesajla zəng edən şəxsi məlumatlandırmağa da çalışıram. (Sükan arxasındayam, toplantıdayam, hal hazırda danışa bilmirəm sms yazın və s.) Dəstəyin tez götürülməsi həmçinin qarşı tərəfdə müsbət emosiya yaradır. Bu ona verəcəyiniz cavabların daha tez qavranılmasına da yardımçı olur.
2. Mənə görə ən mənfi cəhətlərimdən biri, zəng etdiyim şəxslə ilk 10-15 saniyə “narahat etmədim?” və ya “sizi narahat edən Muraddır” kimi sözlərlə başlamağımdır. Bunun iki mənfi cəhəti var. Birincisi qarşı tərəfi narahat etdiyinizi əmin olmuş olursunuz. Halbuki, bu belə olmaya da bilər. İkincisi, qarşı tərəfin eqosunu oyatmış olursunuz. Bunun yerinə hal əhval soruşmaqla başlamaq daha uyğundur.
3. Professor İsmayıl Kaya deyir ki, canlılıq və həyacanlılıq yoluxucudur. Ona görə, qarşı şəxsə zəngdən məmnunluğunuzu səsinizdə də ifadə etsəniz, əksər hallarda qarşılıq ala bilərsiniz. Amma bu hal təbii ki, ilk dəfə danışdığınız və ya tanış olduğunuz şəxslərlə keçərli olmaya bilər .
4. Psixoloqlar deyir ki, telefona ayaq üstə cavab verməyin bir neçə faydası var. Diafraqma genişləndiyi üçün səsiniz daha gümrah olur. Həmdə fikirləriniz də daha aydın hərəkət etmiş olur. Mən telefonla danışanda kənardan diqqətlə məni izləyənlər, bir çox hallarda gülməli mənzərə ilə qarşılaşır. Sanki, səhnədə məşq edən birisi kimi əl qol hərəkətləri, olduğum otağın və ya yerin o baş bu başına gedib gəlmələr və s.
5. Psixoloqlar deyir ki, müştərinizlə danışarkən hətta o sizi görməsə belə, gülümsəyin. Gülümsəyərkən bu səs tonunuza yansıyır və qarşı tərəf adətən bunu hiss edir. Məndə bunu bir neçə dəfə yoxlamışam. Danışıq səsimi dinləyərkən doğurdanda fərqi hiss etmək olur. (bilirəm bəzi dostlar yoxlayacaq )
6. Çox tez, uzun cümlələrlə, qarışıq sözlər və terminlərlə dolu danışmaq qarşı tərəfi mövzudan uzaqlaşdıra bilər. Xüsusi ilə, iş həyatında bu ciddi məsələdir.
7. Mütləq amma mütləq qarşı tərəflə qarşılıqlı danışdığınızı unutmayın. Tək tərəfli danışıq qədər can sıxıcı bir şey yoxdur. Dinləməyi unutmayın, qarşı tərəfin fikirlərini ifadə etməsi üçün hətta siz daha az danışmış olun. Həm söhbətiniz (müştəriniz) özünü daha önəmli hiss etmiş olar.
8. Psixoloqlar deyir ki, çox ciddi telefon danışıqlarını, güzgü önündə danışmaqda fayda var. Bu özünüzü nəzarətdə saxlamaq üçün, yuxarıda qeyd etdiyimiz emosiyaların idarə olunması üçün faydalıdır. Məsələn güzgülü binaların önündə, avtomobilin içindəki güzgünün önündə və ya özümüzün əksini görə biləcəyimiz məkanlarda telefon danışığımızı həm də izləmək daha zövqlüdür .
9. Qarşı tərəfin tez tez sözünü kəsmək yaxşı deyil. Əgər qarşı tərəf müştərinizdirsə, ümumiyyətlə çalışın heç vaxt bu addımı atmayasınız.
10. İşlə bağlı zənglərdən əvvəl yanınızda qələm və kağız olsun. Qeyd edilməsi lazım olan məqamları sonradan xatırlamamaq kimi hallardan sığortalanmış ola bilərsiniz. Hətta bəzən qeyd etdiyiniz önəmli məqamları qarşı tərəfə deyəndə, müsbət fikir yaratmış olursunuz.
11. Qarşı tərəf uzun danışanda arada boşluq yaranmasın deyə , dinlədiyinizi hiss etdirəcək səslərlə cavab verin. Yoxsa bəzən olur ki, qarşı tərəf telefonun bağlandığını (Operator atdı) və ya sizin onu ümumiyyətlə dinləmədiyinizi düşünür. Belə suallar olur: “Eşidirsiniz?”, “Bayaq dediklərimi eşitdiniz?”, “Xətdəsiniz?” və s.
12. Hər bir işdə olduğu kimi, telefon danışıqlarında da həddindən çox qarşı tərəfin vaxtını almayın. Mümkün qədər qısa bitirməyə çalışın. Qarşı tərəf mədəniyyətindən sizi qırmaya bilər. Amma bu o demək deyil ki, siz bütün mümkün cümlə və sözləri danışmalısınız. Əsas məsələni danışdıqdan sonra çox xırdaçılıqlara ehtiyac yoxdur .
13. Heç vaxt danışığa mənfi sözlərlə girməyin. Hətta qarşı tərəfə hansısa mənfi xəbərlə (işlə) bağlı zəng etmiş olsanız belə. Psixoloqlar deyir ki, (hətta mən də əminliklə deyirəm ), siz telefonda qarşıdakı insana mənfi xəbər (söz) ilə danışığa başlasanız, qarşı tərəf ilk 15-30 saniyə ərzində nə baş verdiyini anlamağa çalışacaq. Sonradan dediklərinizi ya təkrarlamaq məcburiyyətində qalarsınız, yada sizdə qarşı tərəfdən bir başa mənfi cavablar ala bilərsiniz. Əsasən də iş həyatında. Problem haqqında daha sakit tərzdə məlumatdan sonra qarşı tərəfi də sakit tərzdə dinləmək yaxşı nəticələrə yol açır adətən.
14. Danışığı minnətdarlıqla, təşəkkürlər bitirmək, xoş sözlərlə bitirmək doğurdan da çox faydalıdır. Həm şəxsi həyatda həm də iş həyatında.
Bu yazını həm də ona görə yazdım ki, özümün də hələ də öyrəşə bilmədiyim və ya riayət etmədiyim məqamlar var. Onları birlikdə həll edək
Yazımı səbrlə və sona qədər oxuyan dostlara salam olsun…