Nahaq yerə bu qədər əziyyət çəkdim. 10 ilimi boşa verdim. Vaxtında ağlım olsaydı heç bu qədər gözləməzdim. Mən az qala 5 il gecə-gündüz bu şirkət üçün can qoydum. 3 ildir ki, maaşım qalxar deyə səbr edirəm. Mənim yerimə götürdüklərini 1 ilə menecer etdilər. Aramızda belə insanların sayı belə olmayanlardan qat-qat çoxdur. Çünki təbiətən çoxumuz iş yerində ağacların, daha doğrusu qədir ağaclarının əkilməsini istəyirik. Amma nədənsə iş yerlərini güllər-çiçəklər bəzəsə də, bu ağaclara demək olar ki, heç rast gəlinmir və sonda da yuxarıdakı şikayətlər ortaya çıxır.
Fikrimcə, vəzifəsindən, təcrübəsindən asılı olmayaraq öz gördüyü işi peşəkar görən insanın bu ağac haqqında düşünməyinə heç ehtiyacı yoxdur, xüsusən də Azərbaycan biznes mühitində. Ən yaxşı halda həmin insan üçün əkilmiş ağaclar o işdən çıxar-çıxmaz yaşıllaşdırma (oxu – müdirin adamları) idarəsininin iştirakı ilə kəsiləcək. Amma istənilən halda bu təbii ehtiyacı tənzimləmək işçilərin daxili aləmi baxımından çətin olduğundan şirkətlərin bununla bağlı etməli olduğu bəzi məsələlər ilə bağlı fikirlərimi sizlərlə bölüşmək istəyirəm.
Niyə görə bu ağaclar əkilməlidir?
İşçi sayından, dövriyyəsindən asılı olmayaraq hər bir şirkəti hər bir vəziyyətdə dözümlü edən məhz onun daxili kommunikasiyası və öz işçilərinə verdiyi dəyərdir. İstər pul üzərində olan motivasiya sistemi olsun, istər şirkətin işçini qoruyub saxlamaq üçün etdiyi manipulyativ alətlər olsun, bunlar səmimi mühit ilə müqayisədə effektsizdir. Əlbəttə motivasiya da, bonuslar da çox vacibdir. Ancaq şirkət üçün vacib olan hər bir işçinin şirkət üçün vacibliyini göstərə bilən və onların şirkətin ən vacib resursları olduğunu xatırlada bilən və onların qədirlərininin bilindiyini göstərən səmimi mühiti varsa, işçilər dar gündə belə loyal olaraq qalacaqlar və ümumiyyətcə şirkəti dar günə düşməyə qoymayacaqlar. Məhz bu səbəbdən hər bir şirkətin belə simvolik bağı olmalıdır ki, orada ara-sıra bu ağaclar əkilsin.
Bu ağacları kim(lər) sulamalıdır bəs?
Əlbəttə, ilk ağla gələn HR olur. Bu menecer və supervayzerlər də ola bilər. Burada istifadə edilə bilinən ən effektiv alətlərdən biri məhz PR-dır. Çünki mesajın kim tərəfindən ünvanlanmasından asılı olmayaraq PR məğzi açmağa, istənilən xoş addımı reklam kimi təqdim etməyib onu nümunə kimi göstərməyə imkan verir. Bəzən hansısa işçi doğurdan da şirkət üçün çox vacib işlər görür, inanılmaz satışları reallaşdırır və ya alışlarda şirkətin böyük qənaət etməsinə səbəb olur. Elə işçilər var ki, onlar şirkətin ideologiyasını bütün gənc işçilərlə paylaşırlar. Əgər bəzi nailiyyətləri performans dəyərləndirilməsiilə görmək mümkün olursa, bəzi pozitiv addımlar var ki, onları şirkətdə heç də bütün işçilər duya bilmirlər. Burada məhz işə yarıyan daxili səmimi kommunikasiyadır. Şirkət rəhbərinin hamıya ünvanlanan e-maili və ya HR və ya Marketinq şöbəsindən gələn e-maillərlə məhz niyə görə ağacların əkildiyini "izah etmək" elə bu ağaclara su tökməyə bərabərdir.
Bir də görürsən dağ boyda ağac kəsildi, yerində bir "dekorativ ağac" əkdilər
Hansısa bir sistemi qurmaq, bunun üçün bəzən illər sərf etmək. Azərbaycanda biznesin yaşı çox olmadığından indi yaşı 30-35 olanlar üçün bu çox tanış mühitdir. Bəzən gündəlik işlərin içində itib-batmaq da imkan vermir ki, işlərini tam mükəmmələşdirəsən. Hansısa səbəblərdən şirkətdə böyük əziyyət çəkmiş belə insanlar çıxıb gedəndə onun yerinə gələn yeni insan artıq hazır platformada işə davam etdirir. Öncəki işçinin fiziki olaraq vaxt çatdıra bilmədiyi işləri yeni işçi artıq daha rahat görür. Çünki öncəkindən fərqli olaraq o platforma qurmağa vaxt-filan sərf etmir. Belə epizodlarda da ən böyük səhvi məhz şirkət rəhbərləri, menecerlər edirlər. Onlar öncəki işçinin əməyini puç edirlər və bəh-bəhdən onun üçün əkilmiş ağaclar doğranıb əvəzində yeni işçi üçün dağdan da böyük ağaclar əkirlər. Yeni işçinin əməyinə kölgə salmaq olmasın, amma mən belə ağaclara dekorativ ağac deyərdim. Bu işə qarışmalı olan məhz HR, Marketinq və Kommunikasiyalar olmalıdır ki, şirkətdaxilimühit də xoşagəlməz söhbətlər olmasın və hərənin öz dəyərli yeri bilinsin.
Peşəkarlıq həm də işə həvəslə yanaşmaq və işi ürəklə görməkdir. İnsanın peşəkar çalışması hər şeydən, hamıdan öncə məhz özü üçün vacibdir. Maksimum çalışmaq lazımdır ki, sənin qədrini bilən insanların əhatəsində, iş mühitində olasan, ancaq bəzən bizdən asılı olmayan səbəblərə görə bu mümkün olmur. İnanıram ki. bu məsələlər də 19 dekabrda baş tutacaq Milli İnsan Resursları Forumunda müzakirələrdən qaçmayacaq.