Nəhayət bugün gəldi. 1 ildir ki, fasilələrlə də olsa, üzərində işlədiyim böhran marketinqinə aid kitabım artıq çapa verilib. Bu il milli marketinq forumunun tarixində ilk dəfə forumun konseptinə uyğun öz kitabı çıxacaq. Kitab 70/30 prinsipinə əsaslanıb. 70% praktiki proseslər, real Azərbaycan reallığında keyslər, 30% isə nəzəri məlumatlara əsaslanır. Bilirsiniz ki, bu ilki konseptimiz – Böhrandan Yeni Dövranadır. Açığı 1 il öncə mən bu kitabın adını “Böhran Marketinqi” kimi düşünmüşdüm. Lakin sonralar praktika göstərdi ki, marketinqə aid kitabın adında yumşaq desək marketinq sözünün olması elə də vacib deyil. Elə ona görə də MMF-in konsept adını kitaba vermək qərarına gəldim. Məlumat üçün deyim ki, magistr dissertasiya işim də məhz böhran marketinqi olmuşdu. Düşünürdüm ki, kitabı yazarkən o ildə etdiyim araşdırmalardan istifadə edə biləcəm. Amma oxuyanda gördüm ki, dövr artıq o dövr deyil, əsl böhran başqa şeydir. Ona görə də demək olar ki, yenidən yazdıq. Bu arada McCann Baku reklam agentliyinə həm konsept, həm də kitabın dizaynı üçün təşəkkür edirəm.



Böhrandan Yeni Dövrana kitabı ümumi hesabla 2-ci kitabımızdır. İlk kitab bildiyiniz kimi facemark.az-da yazısı dərc edilmiş yazarların 130 yazısının bir arada yığıldığı “Bugünün Marketinqi” kitabıdır. İnşallah ilin sonuna kimi daha 2 kitabın işıq üzü görməsi planlaşdırılır. Bunlar mənim üçün indiyədək ən çox əziyyət çəkdiyim iş olan “Məxfilər” və şəxsi fikir və düşüncələrimdən ibarət “Mənim həyat fəlsəfəm – O, hər şeyi görür” cib kitabıdır.



Əziz dostlar, bir insanın ən böyük sərvəti sahib olduğu biliyidir. 21-ci əsr texnologiya əsri olsa da, hər nə qədər istədiyimiz hər şeyə saniyə fərqi ilə çata bilsək də, bugünün gəncliyi ciddi mütaliə əskikliyindən əziyyət çəkir. Biz baxırıq, vururuq, görürük, amma oxumur və yazmıırıq. Yaxşı deyək ki, hamı yaza bilməz, amma hamı ki, oxuya bilər. Ona görə də insanın ən böyük mənəvi qidası olan kitabdan son nəfəsimizə kimi yapışmalıyıq. Həm oxumalı, oxuduqca da oxuduqlarının qarışığından yaranan yeni fikirləri ətrafınla paylaşmalısan ki, hamıya faydan toxunsun.



İnşallah, 27 və 28 may CinemaPlus kinoteatrında kitabın rəsmi təqdimatı və satışı baş tutacaq. Kitabın qiyməti 10 manat olacaq. Forumdan sonra isə artıq bütün kitab mağazalarında kitabımıza rast gələ bilərsiniz. Bu yazıda mən Sizinlə kitabın içində nələr var ondan danışmaq istəyirəm.



Böhrandan Yeni Dövrana kitabında nələr var?



Əvvəla qeyd edim ki, bu kitab təvazökarlıqdan uzaq olsa da, Azərbaycanda böhran marketinqi üzrə ilk kitabdır. Kitab 5 fəsildən ibarətdir:


I Fəsil: Böhran anlayışı, səbəbləri və şirkətlərə təsiri


II Fəsil: Anti-Böhran kommunikasiya modelləri


III Fəsil: Böhran dövründə tətbiq edilən strategiyalar


IV Fəsil: Böhran dövrünün effektiv marketinq kommunikasiya kanalları


V Fəsil: Böhran dövründə işçi, rəhbər və müştəri davranışları



I Fəsildə biz ümumi olaraq böhran anlayışına, mümkün böhran ssenarilərinə, böhranın səbəb olduğu problemlərə, onu fürsətə çevirə biləcək məqamlara toxunmuşuq. Qeyd edim ki, ilk fəsildə Siz ən yeni böhran ssenariləri və ona baxış fərqlərini daha aydın biləcəksiniz.



II Fəsil ən praktik fəsillərdən biridir. Bu fəsildəki 4 mövzunun 3-ü sırf praktik keys əsasında krizis kommunikasiya nümunəsinə əsaslanır. Bunlar Azərbaycan və xarici şirkət və şəxslərin böhranlı situasiyada atdığı addımların təhlilidir.



III Fəsildə biz anti-böhran strategiyalar, müştəri marketinqi modelinin xüsusiyyətləri, elastik istehsal strategiyası, böhran dövrünün effektiv marketinq kampaniyalarından bəhs edilir.



IV Fəsildə isə böhran dövründə hansı marketinq kanallarının daha effektiv olduğunu təhlil edirik. Bu fəsil Azərbaycan və dünya reklam bazarının cari vəziyyətini əks etdirir. Hər bir kommunikasiya kanalı ayrılıqda təhlil edilir. Bu fəsil də praktik araşdırmalarla doludur.



Sonuncu V fəsildə isə biz daha çox böhranın psixoloji təsirlərindən yazmışıq. Burada isə Siz Survivor Sindromu haqqında məlumat alacaq, böhranın işçilər və şirkətlər üzərindəki təsirlərini və davranışlarda nə kimi dəyişikliklər baş verdiyini təhlil edəcəyik.



Kitabın əsas özəlliklərindən biri – Praktik Müsahibələr



Daha bir ilkə də imza atdıq. Belə ki, Siz kitabdakı 5 fəsildən əlavə Azərbaycanın şirkət, agentlik və digər xidmət sahələrinin rəhbər şəxsləri ilə böhran dövrünün təhlilinə aid müsahibələri görə bilərsiniz. Bu hissə isə 100% praktiki hissədir. Burada həmin mütəxəssislər mənim verdiyim 5 suala ətraflı cavab veriblər. Suallar və ona cavab verənlər haqqında bilmək istəyirsinizsə, çox yox, foruma qədər səbr etməniz yetərlidir.



Hər birinizi sonda artıq bu il 4-cü dəfə keçirilən Milli Marketinq Forumunda iştirak etməyə dəvət edirəm. Marketinqin nəbzi may ayında MMF-lə döyünür. Gəlin, hamımız orda olacağıq. Elə kitabımız da .. :)