Gəlin, kredit sifarişi prosesinə birlikdə nəzər salaq:



Kredit almaq arzusunda olan şəxs, ona tələb olunan məbləğ və götürdüyü kreditin məqsədini göstərən məlumatları əks etdirən məktubu (ərizə) banka təqdim etməlidir. Adətən bu tələblərdə kreditin təyinatı, onun məbləği, növ və müddəti, kreditin ödənilməsi mənbələri, krediti qaytarma imkanları, kredit növlərinin faizləri və s. haqqında qısa informasiya əks olunur. Bu yazılan məktubdan ya imtina edilir ya da, kreditin təqdim olunması üçün sonrakı prosedurlara başlanılır. Daha sonra bank potensial borc alanla görüş keçirməlidir. Müsbət qərar verildikdən sonra kredit müqaviləsi imzalanır daha sonra kredit verilir.



Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müqavilə asan və aydın oxunan, çox qəliz və peşəkar terminlərdən istifadə edilmədən və xırda olmayan şriftlərlə yazılmalıdır.



Kredit müqaviləsində nələr göstərilməlidir?


-kreditin məqsədi və dəqiq təyinatı;


-kreditin şərtləri (məbləğ, müddət, faiz, komissiyon haqqlar və s.)


-kreditin qaytarılma qrafiki;


-kreditlərin ödənilməsi müddətlərinin uzadılmasına, habelə vaxtından əvvəl ödənişlərin bank tərəfindən tələb edilməsinə, habelə borcalan tərəfindən kreditin vaxtından əvvəl ödənilməsinə dair şərtləri;


-kredit müddəti ərzində əlavə və dəyişikliklərin edilməsi qaydası;


-tərəflərin hüquq və vəzifələri;


-tərəflərin məsuliyyəti;


-mübahisələrin həlli qaydası. Kreditdən imtina edildikdə belə aydın şəkildə sifarişçiyə imtina səbəbi izah olunmalıdır.



21 dekabr 2015-ci il devalvasiyasından sonra bank və boclular arasında kütləvi məhkəməyə kimi çıxan mübahisələr başladı, bunlara başlıca səbəb nə oldu?



Məlumat üçün deyim ki, borc məsələlərində, kredit borcu birtərəfli müqavilədir və burada borc verən tərəf hüququ yaranır, borc alanın isə borc verənə qaytarmaq vəzifəsi. Onu da, qeyd etmək istərdim ki, burada borc verən onsuz güclü və krediri götürən borclu isə zəif tərəfdir, banklarında bu vəziyyət və üstəlik devalvasiyanın yaratdığı fəsadlardan sui-istifadə edən banklar daha da borcluları sıxmağa başladılar, bəli məhz sıxmağa.



Sual verə bilərsiniz necə? İlk olaraq banklar şəxsin və zaminin iştirakı olmadan müqavilələrdə onların xəbəri olmadan gələcəkdə vəziyyətlərini pisə doğru əhəmiyyətli dərəcədə dəyişdirəcək əlavə və dəyişiliklər etdilər. Bunlar müddətin uzadılması, faiz və cərimələrin şişirdilməsi, manatla kredit verərək dollara imza atdırmaqları, mülkiyyət girov qoyulasa da yəni (notarial qaydada təsdiqli olmayan sənədlə) hərraclarda satdırıb borclara yönəldilməsi, maaş kartlarına “bank sirri”nin yəni Mülki Məcəllənin 967-ci və “Banklar Haqqında Qanun”nun tələblərini pozaraq oradan pulların çıxarılması, borcluların evlərinə, iş yerlərinə, qohumlarına zəng edərək, təhdid və hədə qorxu gəlmələri, ödəmə qabiliyyəti yaxşı olan borclularında yüklənilməsi, gecikmələrinə aqresiv yanaşmaları, zamin ikinci dəfə kredit alanla banka getməsə də, saxta imza atdıraraq kreditin götürülməsi və s.



Bu sadalananlar şəxsin xəbəri olmadan olur və borclu bunu biləndə artıq onun vəziyyəti əhəmiyyətli dərəcə də dəyişmiş olur. Bankın şəxsə verdiyi kredit bir borcdur, borc və kredit müqaviləsinə nəzər salsaq görərik ki, oxşarlıqlar çoxdur məhz buna görə ümumi borc müqaviləsi adı ilə əhatə olunur, baxmayaraq ki, müqavilələrin predmet və subyekt tərkibi fərqlidir. Mülki Məcəllənin 422.1-ci maddəsinə nəzər salaq, orada göstərilmişdir ki,:


Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur. Hətta Ali Məhkəmə 6 oktyabr 2015-ci il tarixli 2(102)-446/15 saylı Qərarı ilə Mülki Məcəllənin 442-ci maddəsinə əsasən borclunun vəfatı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini hesab edərək ipoteka müqaviləsinə xitam vermişdir. Bu qərarda özlüyündə mübahisələr doğursa da, yuxarda sadaladıqlarımda da heç bir ölüm faktoru yoxdur ki? bu maddənin yüzə yüz dəqiq və yerində verilmiş qərar olduğunu göstərir.



Borc haqqında Mülki Məcəllənin 739.1-ci maddəsində borc müqaviləsinə verilən anlayışda real xarakterli müqavilə olsa da, “hər iki tərəf öhdəsinə götürür” ifadəsi ona işarə verir ki, konsensual xarakterli müqavilənin elementləri var. Yuxarda sadaladıqlarım hansı səbəbdən baş verir? Banklarda rəhbərliklər, kredit mütəxəssislərini ilk olaraq az olsa da, hüquqi biliklərlə təmin etməmələridir, çünki bu onlara da, maraqlı deyil əksinə onlar bank işçilərini məcbur edirlər ki, qanunsuz yolla olsa da, pulu geriyə alsınlar və fürsət olduqca da, artıqlaması ilə.



Mən belə hesab edirəm ki, bu neqativ halların olmaması üçün və banklar nüfuzdan düşməməsi üçün müqavilədə misal olaraq 12 aylıq kredit dəqiq faizi ilə nə qədər edir göstərilməli və orada hesablanan məbləğə imza atdırılmalı və nə baş verəcəyindən asılı olmayaraq məbləğ həmin günün məzənnəsinə uyğun və pul vahidi manatla ifadə olduğu üçün manatla tələb olunmalıdır. Kredit tam ödənildikdə boclunun istəyindən asılı olmayaraq kreditin tam ödənilməsi barəsində arayışın verilməsidə, şəfavlıq üçün çox əhəmiyyətli olar. Kreditin ödənilməsində çətinlik çəkəndə ən azında bank tərəfindən araşdırılmalıdılr, ödəmə qabiliyyətinin zəifləməsinin səbəbi nədədir? Əgər hər hansı köməklik edə bilərsə bank təhdid və sıxma boğma əvəzinə, vətəndaşın sərbəst qrafiklə ödəniş etməyini və ya cəriməsinin azaldılmasına dəstək olaraq bankın borcunu geri qaytarmağına kimi addımlar ola bilər ki, bu da borcluya stressiz ödəniş etmək üçün maraq və motivasıya verər.



Son olaraq qeyd edim ki, bankda bir növ dükandır və kredit mütəxəssisləri isə satıcı, borc alan isə alıcıdır, sadəcə dükandan fərqli olaraq pul satırlar. Hər bir alıcının (borc verilənin) haqsızlıqla üzləşdiyi zaman peşəkar müdafiyəyə ehtiyacı var və bu onun hüququdur. Necə ki, ən ağır cinayət törədən şəxsin həbsdə belə öz hüquqları var. Əgər şəxs bankdan kredit götürürsə bu o demək deyil ki, bank istədiyini edə bilər. Bəli, edə bilər amma qanun çərçivəsində “rekert” sistemi ilə deyil.



Səbuhi İsazadə


Hüquqşünas