31 avqust 2012-ci il. 4 il öncə.



O 4 il ki, hələ forumlar tam ölməmişdi, dəbdən düşməmişdi. O 4 il ki, hələ də əsas xəbərləri saytlardan oxuyurduq. Söhbət təbii ki, marketinqə aid xəbərlərdən gedir. Ən yaxşı halda kimin facebookda dostu çox idisə onun açdığı mövzu ətrafında daha çox müzakirə gedirdi və s. Təbii ki, az da olsa, üzvlərinin sayı elə də çox olmayan fb qrupları var idi. Facebook qruplar haqqında elə də məlumatlı deyildik. Yeni çıxmışdı. Bəlkə də yeni çıxmamışdı, biz yeni bilirdik. Dəqiq yadımda qalmayıb, amma marketinqlə bağlı əminəm ki, bir əlin barmaqları qədər idi bəlkə də. Düşünün ki, mən bloq yazırdım, onun daha çox oxunması üçün həmin bloqun mətnini NOTES bölməsinə də yazırdım. Hələ indi də qalıb NOTES-dakı bloqlar. Nə başınızı ağrıdım, mövzum MARKETİNQ AZƏRBAYCAN facebook qrupudur bu gün.



Bu gün blog yazımın səbəbkarı mənim üçün çox doğma olan – Marketinq Azərbaycan qrupudur. Tarix üçün çox da böyük olmasa da, bir insan ömrü üçün kifayət qədər vaxtdır. Bu gün marketinq azərbaycan qrupunun 10733 üzvü var. Təzə-təzə yarananda və bəlkə də hardasa 1000 üzvə qədər demək olar ki, hamını tanıyırdım. İndi 10 000 nəfəri tanımaq mümkün deyil. Hərdən fərdi görüşlərdə tam təsadüfən heç gözləmədiyin adamdan “mən də marketinq azərbaycan qrupunun üzvüyəm” sözünü eşidəndə çox xoş olur. O gün Crystal Hall-da görüşdə idik. Oranın SMM menecerini öncə heç görməmişdim, şəxsi də tanımırdım. Amma biz DMC üçün gedişatı izah edəndə “mən marketinq azərbaycan qrupundan izləyirəm, xəbərim var” deməsi qədər xoş hissdir bu sözləri eşitmək. Anlayırsan ki, əslində çox da böyük olmayan dünyada yaşayırıq. Əgər hansısa platformada insanlar qarşılıqlı fayda götürə bilirlərsə, nə gözəl. Bu hisslərin maddi dəyəri olmur, mənəvi olaraq çox rahatladır insanı.



Bir azca tarix…



Əvvəlki bloq yazılarımda çox yazmışam. Amma bloqumuzu oxuyanlar arasında keçmiş yazılardan xəbəri olmayanlar ola bilər deyə qısa xatırlatma vermək istəyirəm. Yuxarıda yazdığım kimi qrup 31 avqust 2012-ci ildə PR Club Baku adlı facebook qrupunda baş verən bir hadisədən sonra yaranıb. O gündən bugünə xeyli şey dəyişib. PR Club Baku o zamanlar 200-300 üzvü ilə ən çox üzvü olan marketinqlə əlaqəli qrup sayılırdı. Məlumat üçün deyim ki, indi facebookda qurdalandım gördüm ki, qrupun 730 üzvü var. Son paylaşım isə yanvar ayında olub. Fərq ortadadır. Həmin qrupdan bir yazı silinmişdi ya nə, dəqiq xatırlamıram. Bunu indi Genna Baku rəhbəri Aygün İslamzadə ilə müzakirə edən zaman bir anlıq qərara gəldim ki, alternativ yaratmalıyıq. Daha güclü olan ayaqda qalmalıdır. Çünki o vaxtlar yazan-pozan hamı orada yazısını paylaşırdı, bəzən də ayrıseçkilik falan halları olurdu. Nəisə ki, qrupu yaratdım, ilk admini 2 nəfər idik – mən və Aygün xanım. Bugün Aygün xanım admin deyil. Amma buradan türklər demiş “kendisine” hörmətlərimi çatdırıram. Qrupun yaranma səbəblərindən biri olduğuna görə. Daha sonra bu prosesə digər dostlarımız da qoşuldu və onlar da öz dostlarını dəvət etdi. Belə-belə qrup böyüməyə başladı. Qrupun adminlər birliyi yarandı, idarə etmə qaydaları yarandı. Məsələn, indi baxıram 244 adam qrupda blok edilib. Bu qaydalara uymayanlar “cəzalandırıldı” və s. Adminlərin tərkibi dəyişdirildi. Məsələn, qrupdakı idarəetmədən narazı olanları əməkdaşlığa dəvət etdik, gəl sən də fayda qat dedik. Gəlib fayda qatanlar da çox oldu, üzünə-gözünə bulaşdıranlar da. Gördülər ki, hər şey yazmaq qədər asan deyil, işin içində bir də zəhmət var. İndi qrupun 10 admini var, 10 000 üzvü var. Dizaynerlərimiz tərəfindən qrupun korporativ kimliyi də hazırlanıb. Bu işdə də əməyi keçən hər kəsə təşəkkür edirəm. Təmənnasız olaraq bu işləri görüblər.



Bu illərdə nələr oldu…



Qrup böyüdükcə faydalı müzakirələr artırdı. Bəlkə də deyərdim ki, ölkədə marketinq adına atılan ən ciddi işlərin mətbəxi Marketinq Azərbaycan qrupu olub. Bunu çox dostlarımız da təsdiqləyə bilər.



  • Məsələn, MMF2013 qrupun yaradılmasından bir il sonra olmuşdu. Sonra olacaq MMF2014, MMF2015, MMF2016-nın müzakirə mətbəxi bu qrup idi. Qrupun bu illər ərzində planlaşdırdığı 20-dən çox görüşü olub.
  • Marketinqə 4Ç gəldi adlı Şəki restoranında 111 nəfərin iştirak etdiyi Novruz görüşü
  • MMF2013-dən 1 ay sonra Qubaya getmişdik. Unudulmaz günlər idi. Onda da şüarımız Marketinq Dağa qalxdı idi.
  • 2013 iyulda “Marketinq Ramazannaməsi” adlı Ramazan ayına özəl görüşümüz oldu. Şəkillərə baxdıqca adam birtəhər olur. Nə aylar, nə illər keçdi ömrümüzdən.
  • Mümin Sekmanı gətirdik Bakıya
  • 2014 martında yenə yazı marketerlərlə biryerdə Novxanıda qarşıladıq.
  • 2014 iyulda yenə marketinqin iftarında iftarın marketinqi dedik toplaşdıq.
  • 2014 sentyabrında 2 yaşımızı belə qeyd etdik
  • Yenə həmin ildə qrup adminlərini bir yerə topladıq və ciddi dəyişikliklər etdik. Siz də baxın şəkillərə, əziz dostlar.
  • 2015 yanvarında PartiMarti adlı tədbirlə bütün marketerlər Ramada oteldə yeni ili qeyd etdik. Videosuna indi baxdım, çox təsirləndim. Hamısı tarixdir, bizi bizdən sonra bəlkə də beləcə xatırlayacaqlar.
  • Sonra 2015 Novruzu da biryerdə Gate25 restoranında qarşıladıq
  • Mən hələ bu ilin yanvarında “Krizis Party”ni demirəm
  • Bu ilin Ramazan ayında da fürsət tapıb marketerlər olaraq yığışdıq. Biriftar etdik.


Marketinq Azərbaycan qrupu bizə nə verdi?



  • Bu qrup Azərbaycan marketinqinin bugünkü real simasıdır. Necəyiksə, o cür də qrupda varıq. Sektoru bilmək istəyən qrupu incələsə kafidir.
  • Bu qrup marketerləri daha da yaxın etdi. Rəqabət yaratdı, məsuliyyət yaratdı.
  • Neçə-neçə marketerin yetişməsində əvəzsiz rol oynadı. Bir çoxları dana bilər, amma fakt faktlığında qalır. Nə qədər insan ilk addımlarını qrupdakı ilk sualı ilə atdı.
  • Yeni tanışlıqlar, yeni biznes ideyaları, yeni əməkdaşlıqlar bəxş etdi
  • Bugünün bir çox tanınmış bloqerlərin, marketerlərinin məşhurluğunda qrupun birmənalı olaraq rolu var.
  • Nə qədər yazarımıza, marketerimizə meydan oldu, faydalı müzakirə platdorması oldu və bunların nəticəsində də Azərbaycan marketinqi inkişaf etdi
  • Bu qrup özündən sonra neçə-neçə qrupun yaranması üçün stimul oldu, motivasiya oldu. Əgər bu qrupa qədər “filan şey boş şeydir, düzələn deyil” deyirdilərsə, qrupun fəaliyyətindən sonra alternativlər yarandı. Qrup qədər faydalı və məşhur olmasa da hər biri ayrılıqda cəmiyyətimiz üçün çox faydalıdır, faydalı işlər görürlər.
  • Qrup dolayı yolla şirkət rəhbərlərini Azərbaycan marketinqinə “inandırdı”.
  • Qrupun səhvləri də oldu. Qrupdan inciyənlər də oldu. Haqlı və haqsız narazılar da oldu. Qrupu bəyənməyənlər də oldu və var. Qrupdan faydalanıb bunu dananlar da az olmadı. Amma hara getsələr də bu şineli üzərlərində gəzdirəcəklərinin fərqində olmadı bir çoxu. Amma qrup bütün rəngli və fərqli düşüncələr olduğu üçün gücləndi, indi də buna görə güclüdür. Qrupun yaxşı cover şəkli vardı – Hamını razı salmaq ən böyük axmaqlıqdır. Sözsüz və şərhsiz.
  • Bu qrup Azərbaycan Marketinqinin marketinqi kimi məsuliyyətli vəzifəni 4 ildir ki, öz üzərində daşıyır.

31 avqust 4 il tamam olur. Ömür vəfa etdiyi sürəcə Sizinlə birlikdə daha da faydalı olmaq üçün çalışacağıq. Hətta 31 avqustda Sizinlə 10 000 nəfərlik üzvü olan qrupun profilini çıxarmağı da düşünürəm. Yəni inşallah qismət olarsa, artıq Siz qrupda bir-bir adı ilə hansı şirkətlər olduğu, hansı vəzifələrə sahib adamlar, nə qədər qadın, nə qədər kişi, nə qədər tələbə, nə qədər işləyən insan və s. parametrlər barədə məlumat verəcəyik. Bunun üçün 1 aylıq zəhmətli işə girişəcəyik, tək-tək incələyəcəyik. Ümidvaram hamıya da maraqlı olacaq.