DMC2016-dan qalan şirin yorğunluq üzərimizdən getməmiş builki Digital Marketing Conference bizə nələri göstərdi təhlil etməyə çalışacam. Konfrans haqqında dünən Aysel xanım da ətraflı yazıb. İstəsəniz oxuya bilərsiniz. Bir sözlə nə demək olar ki?! Allaha çox şükür ki, bu il də çəkilən əziyyətlər yerdə qalmadı. Himn oxunmamışdan öncə səhnədən zala baxdım, tam dolu idi. Fərəhlənməmək mümkün deyil. Hər növbəti tədbirimizi əvvəlkilərdən qazandığımız təcrübə sayəsində daha yaxşı etməyə cəhd edirik. Bu il də öncəki DMC-də buraxdığımız bir çox səhvləri aradan qaldırdıq. Eyni zamanda bəzi risklər də aldıq. İndi baxaq görək builki DMC2016 bizə nələri öyrətdi?



# 1 gün kifayət eləmir



Bizdə MMF 4 ildir ki, 2 gün olur. Çox da uğurlu alınır. İnsanlar da artıq öyrəşib. DMC-ni düşünəndə isə dedik ki, MMF ümumi marketinq haqqındadır, 2 gün olması normaldır, 30 spiker çıxış edir. DMC isə tematikdir. Ona görə hətta DMC-nin qiymətini də ilk dəfə 25 manat qoymuşduq. Bu il göstərdi ki, 18 spiker bir günə sığışmır. Aralarında çox yaxşı spikerlər olur ki, zal da onlarla daha çox sual vermək istəyir, daha çox dinləmək istəyir. Bunlardan da əlavə insanlar yorulur səhərdən axşama kimi informasiya yüklü çıxışları izləməyə. Düşünün ki, hələ başdan ayağa əyləncə olan konsertlər belə 3-4 saatdan çox davam etmir. Amma bu il DMC təsəvvür edin 10 saat davam etdi. Kayahan bəy çıxış edib bitirəndə səhv etmirəmsə, saat 8 olurdu artıq. Ona görə də düşünürük ki, növbəti dəfə bir az daha gec başlayıb saat 16:00 kimi bitirək və 2 gün belə davam edək. Belə insanlar həm yorulmaz, həm də çıxışlar üçün vaxt daha çox olar. Düzdür, bu təşkilati baxımdan o qədər də əlverişli deyil. Bu halda ən azı yeri 2 gün icarə etməli, yeməyi də, kofe breyki də 2 gün verməlisən. Ciddi xərcdir. Amma bu haqda düşünəcəyik, mütləq.



# Spiker seçimi daha sərt olmalıdır



Bu məsələ həmişə ən yaxşı müzakirə mövsuzu olub. Çünki ya deyiblər ki, spikerlər öz tanışları, dostlarıdır, ya da nə bilim çox zəifdirlər və s. Hətta spikerləri fürsət bilib təşkilatçıların səviyyəsini də bununla ölçənlər tapılır. Spiker olmaq istəyib də ola bilməyənlərin, bu və ya digər səbəbdən hazırda spiker kimi dəvət edilməyənlərin “incimələri” isə bir ayrı mənzərədir. Əvvəla Allah şahiddir ki, bir çox spikerləri biz elə dəvət mailindən tanıyırıq. İlk görüşümüz elə spikerlərlə görüşdə olur. Mən istər MMF-də, istərsə də DMC-də komanda daxilində heç vaxt demokrat olmuram. Çünki bilirəm ki, 99% əlini uzatsan, biləkdən qopardacaqlar. O biri təşkilatçılar həmişə mənim fikirlərimi daha çox malalayırlar. Sözü net deməyi sevirəm. Yəqin ona görə də çoxları özünə “düşmən” görür. Amma mən bundan sonra da həmişə düşündüyümü deyəcəm. Gec-tez hər şey öz yerini tapır. Spiker seçimi həmişə subyektiv olub və olacaq da. 500 nəfərin hamısının bir nəfər kimi könlünü oxşayacaq spiker seçmək heç vaxt mümkün olmayacaq. Bir də spikerlərin səsvermə falan ilə seçilməsini təklif edənlər də var idi. Əzizlərim, dünyanın heç bir yerində belə şey olmur. DJ Fateh demiş, başa düşürəm, biz bəzi istəklərimizin gücümüz çatan yerlərdə yerinə yetirilməsini istəyirik, olmayanda da yaranan neqativləri məhz gücümüz çatan yerlərə bildiririk. Bu anlaşılandır, hardasa. Amma realda praktik olaraq mümkün deyil.Yenə də net deyirəm. Hamını eyni anda spiker etmək olmaz. Biz hər kəsə təklif göndəririk öz təhlillərimiz əsasında. Amma kimə ki, bu il alınmayıbsa, o adam düşüb bizi qaralayacaqsa, söyəcəksə, ora getmək lazım deyil, filan yerə gedərəm ondansa falan deyəcəksə, o tip adamlara bu tip tədbirlərin qapısı həmişə bağlı olacaq. Biz çox gözəl bilirik ki, bəzi neqativlərin səbəbi nədir. Spiker seçimində daha vacib məsələ isə spikerlərlə işdir. Biz öz səhvimizi bu il düzəltməyə çalışdıq. Spikerlərlə çox işləməyə çalışdıq. Amma etiraf edim ki, yenə də istədiyimiz kimi alınmadı. Düzdür, əvvəlkilərlə müqayisədə xeyli yaxşı idi, amma yenə də biz istəyən deyildi. Növbəti dəfə spikerlərlə iş daha sərt aparılmalı, qaydalara riayət etməyənlərlə işi uzatmamalıyıq. Amma Allah xatirinə deməliyəm ki, bu il spikerlərin əksəri yaxşı çıxış elədi, zal da bəyəndi. Zəif spikerlər də var idi. Zalın gözü həmişə tərəzidir. Bəzən səhnə vermək lazımdır ki, hər kəs görsün.



# Otel formatı və uzaqlıq riski özünü doğrultdu



Biz həmişə kinoteatrlarda etmişik. İlk MMF hələ 28cinema-da olmuşdu. Kinoteatr seçmə səbəbimiz zalın teatral olmasıdır. Mən həmişə düşünmüşəm ki, düz zallar forumlar üçün yaramır. Festivalların kralı olan Kan Festivalı da bu cür zallarda keçirilir. Düzdür bəzən sponsorlara görə məcbur qalıb həmin məkanda etmək zorunda qalanlar da olur. Amma mən bir çoxu ilə söhbət etmişəm xaricdə, hamısı da deyib ki, bu iş üçün ideal məkan teatral olan yerlərdir. Bu il risk edib teatral zalı olan otellərlə maraqlandıq və əvvəlki Kempinski, indiki Badamdar Oteldə qərarlaşdıq. Amma məkanın riski var idi, şəhərdən uzaq idi. Və ətrafda yemək yemək üçün şərait yox idi. Biz həmişə düşünürdük ki, insanlar uzağa gəlmək istəməyəcək. Parkinq olmayan yerlərə gəlməyəcək. Düzdür, parkinq problem deyildi, amma otel mərkəzdən uzaq idi. Otelin gözəlliyinə, rahatlığına söz ola bilməzdi. Eyni zamanda üstünlü də o idi ki, biz otelin Auditorium zalını istədiyimiz zaman ziyarət edib müəyyən işlər görə bilirdik. 3 gün öncədən isə demək olar ki, gecəyarıya qədər orda olurduq. Bu da bizə daha yaxşı hazırlaşmağa şərait yaradırdı. Kinoteatrda isə 1 gün öncədən və ancaq son seansdan sonra məşqlər etmək mümkün idi. Bu il risk etdik və alındı. İnsanlar uzaq olmasına baxmayaraq öncəki ildən 2 dəfə çox sayda ziyarət etdilər. Deməli keyfiyyətli kontent və mühit olsa, yer sadəcə bəhanə ola bilər gəlməmək üçün.



# Proqram çox ağır olmamalıdır, insanlara bir-birilə ünsiyyət üçün daha çox vaxt vermək lazımdır



Bəli, yuxarıda yazdığım kimi insanlar 8 saat informasiya ilə yükləndikdə çox yorulurlar. Ona görə naharı uzun etmək, fasilələr vermək, proqramdakı çıxışlarda da bunu nəzərə almaq lazımdır. Mən həmişə cəhd eləmişəm ki, gəlin nəsə musiqili bir şey də proqrama əlavə edək, qoymayıblar :) Əvvəl dediklərim düz çıxıb, bəlkə gələn il buna da icazə versinlər. :) Belə tədbirlərdə adam 100 ildir görmədiyi adamları görür, fərqli sektorlardan nə qədər adam informasiya alış-verişi edib xeyli yeni şey öyrənir. Onlara bu fürsəti çox görmək olmaz. Düşünün ki, tədbirdə 300-dən çox şirkət nümayəndəsi iştirak edirdi. Azərbaycanda toplam nə qədər aktiv şirkət var ki? Demək olar əsas şirkətlər orada olub. Bu zaman da insanlar daha çox ünsiyyətdə olmaq, yeni əlaqələr qurmağa çalışırlar.



# Tərəfdaşlar da təşkilatçılarla bərabər çalışmalı, can yandırmalıdır. Bu həm də onların adıdır.



Bu il Ledaz-dan Əliağa bəy 3 gün bütün günü bizimlə bərabər oldu. Hətta son anda oteldə qısaqapanma nəticəsində ana proyektor yananda da gecə ilə məsələnin həllində çox yaxından dəstək oldu. Lime Ketrinq şirkəti 1 günün içində restoranın yerini dəyişdik deyə bizimlə bərabər bəzən özlərinə aid olmayan işlərdə də bizə kömək etdilər. Eyni münasibəti oteldən də və tədbirin digər təşkilatçılarından da gördük. Və əmin olduq ki, hamı əlini daşının altına qoyanda çox gözəl iş ortaya çıxır. Bütün tərəfdaşlarımıza dərin təşəkkür edirik. Baş sponsorumuz Gilan Holdinq isə Fərid Məmmədovun timsalında sponsordan daha çox tədbiri daha yaxşı keçirmək üçün çalışan qurum olaraq özünü apardı. Ümidvaram ki, tərəfdaşlarımızın hamısı bizdən razı qaldı. Amma biz onlardan 100% razıyıq yəni :)



# Tədbirin gündəm olmasından sui-istifadə edənlərə fikir vermək olmaz



Biz artıq öyrəşmişik. 4-5 ildir ki, hər forum, konfrans öncəsi bəlli bir qrup çıxır. “Belə olsa daha yaxşı ola bilər, əşşi onsuz düzələn deyil, bizdə heç vaxt düz heç nə olmayıb, təşkilatçıların səviyyəsi aşağıdır, spikerlər zəifdir, daha yaxşı ola bilərdi, filan yerdə filan cür oldu” kimi ümumi cümlələri yazanlar olur. Haqlı tənqidlərin heç birinin haqqına girmək istəmirəm. Biz onların hamsını nəzərə alırıq. Amma tənqid edəndə də etik həddi keçmək olmaz. Onu keçən adamlara yumşaq desək, tərbiyəsizlik edənlərə ən gözəl cavab onlara cavab verməyib öz işini görməkdir. Danışıb-danışıb susacaqlar. Bu il də elə oldu, 4-5 nəfər stəkanda burulğan yaradıb rola girdilər, amma nə olsun. Nəticə ortadadır. İş hər bir iddianın güzgüsüdür. Onu etmək isə zəhmət tələb edir, hər şey yazmaq qədər asan olsa idi, nə vardı ki. Mən komandamıza qətiyyən bu tip boş tənqidlərə baş qoşmamağı, cavab verməməyi xahiş etmişdim, elə də etdik. Çünki bilirdim ki, qalib müzakirə edilmir. Çalışıb qalib olmaq lazımdır. Bəyənməyənlər həmişə olub, olacaq da. Amma bu açıq bazardır, bəyənmirsənsə, özün nəsə etməlisən. İllərdir heç nə etməyib ancaq narazısansa, o zaman problem 100% bizdə deyil. Siz də bir iş görsəniz, çalışın həmişə komandanızın motivasiyasını heç nəyin zədələməsinə imkan verməyəsiniz. Onsuz da bu ölkədə ayaqdan dartan adamlar çoxdur, yaxşı işi alqışlamayan, ona “dili gəlməyən”lər kimi. Səhv hər işdə var, amma ümumi fonda 1-2 səhvə görə bütün işə qara yaxmaq əməyə hörmətsizlikdir. Qoy belə forumlardan ildə 100-ü keçirilsin, bu ancaq xeyrimizə olacaq. Pis olan, keyfiyyətsiz olan öz-özünə bazardan itəcək. Necə ki, çox insanlar da, çox tədbirlər də bu cur itdi getdi. Hərdən bizim tədbirlər zamanı həmin “ölülər” dirilib söz atmağa başlayırlar. Bu mənim şəxsi bloqumdur deyə, necə düşünürəm elə də yazıram. Bir işə xeyriniz yoxdursa, çalışın ziyan da verməyəsiniz. Arxadan atılan daşlar hədəfə dəymir, çalışıb öndə olmaq lazımdır həmişə.



Təkliflərə cavab olaraq



Nəticələrlə bağlı bu qədər. İndi isə konfrans ərəfəsi səslənən bəzi təkliflərə münasibət bildirmək istəyirəm. Məsələn, təkliflərdən biri bu idi ki, qiyməti 30 manat olan konfransın hissəli giriş imkanı verən versiyaları da olsun. Və ya yeməkli, yeməksiz versiyaları. facemark.az olaraq son 5 ildə iştirak etdiyim xarici konfransların sayını unutmuşam. Amma hələ heç bir yerdə bütün konfransın bir zalda keçirildiyi yerdə hissəli giriş imkanı ilə rastlaşmamışam. Bu işin kralı dediyim kimi Cannes Lions festivalıdır. Orada da iştirak etmişəm. Orada məlumat üçün deyim ki, bir-birindən fərqli 5-6 böyük teatral zal, bir o qədər də kiçik otaqlar var. Həmin festivalda 11000 adam iştirak edir. Festival ərəfəsi bütün zallarda spikerlər çıxış edir. İnsanlar artıq özləri zala görə seçimlərini edirlər. 11000 adam onsuz da bir zala yerləşməz. Yəni məsələn, mən bütün zallara giriş imkanım olmasına baxmayaraq, Coca-Colanın CEO-su Muhtar Kentin çıxış etdiyi zala yaxınlaşdım, qapıda barkodla skan etdilər və yaşıl yanandan sonra içəri keçdim. Amma dediyim kimi bu ancaq eyni anda bir neçə zalda keçirilən tədbirlər üçün keçərlidir. Əksi isə mümkün deyil və etik də deyil. Düşünün ki, bir zalda spikerin biri çıxışını bitirir. Və zalda ikinci çıxışa bilet almayanlardan zalı tərk etməsi xahiş edilir. Və ya yemək yeməyənlər foyedə və ya hardasa gəzişir, yeyənlər restorana daxil olur. Nə qədər etik və düzgündür, Sizcə. Ona görə də bu təklif praktik real deyil. Onu dəyişən dünyaya, yeni texnologiyalara bağlayıb ağıllı obrazı yaratmağa da ehtiyac yoxdur. Hər şey görünür onsuz. Daha sonra isə görürəm ki, tez-tez səslənir ki, pullu edirlər tədbiri, niyə pulsuz etmirlər falan. Ən gülməlisi budur yəqin ki. Əvvəla heç yerdə bu tədbirlər pulsuz olmur, olursa da çox fərqli məqsədlər daşıdığından istisna təşkil edir ki, istisna da qaydanı pozmur. Onu deyənlərin bir çoxu şirkətinin 500-1000 euro verib onu konfransa göndərməməsindən gileylənir. Əvvəla niyə kimsə gecəsini-gündüzünə qatıb sizin üçün pulsuz nəsə etməlidir. Onsuz da Azərbaycan reallığında 30 manat 2 nəfərin ortabab nahar qiymətidir. Əgər bunu öz şəxsinizə yatırım etməyə ərinirsinizsə, həqiqətən bu tədbir o adamlar üçün deyil. Təşkilatçılar 6 ay bu işlərə zaman ayırırlar. O zaman ailələri ilə, sevdikləri ilə və daha çox pul qazana bildikləri başqa işlərə sərf edilə bilər. Görünən odur ki, biz bəzən sadəcə görüntü üçün maarifçilik falan kimi boğazdan yuxarı sözlər işlədirik, lazım olanda isə 30 manat bizə çox görünür. Sonra da iddia edənlər olur ki, məsələ 30 manatda deyil. Deyilsə, bəs nədədir?)) Niyə kimsə sizə təmənnasız nəsə etməlidir? Ki siz də sonra çıxıb orda-burda ağzınıza gələni yazasınız. Ailə necə ki, kiçik dövlətdir, eləcə də hər fərqli sektor və ona münasibət də mini iqtisadi modeldir. Biz marketinq olaraq bu sektorda gördüklərimizi bir az böyüdəndə görürük ki, ümumi iqtisadi modelin də istənilən kimi uğurlu olmamasında yanlış düşünən məntiqin çox payı var. DMC-yə qədər bu şeylər haqqında yazmaq düz olmazdı. Amma artıq bitib deyə oturub sakit-sakit yazmaqda ziyan yoxdur :) İnşallah MMF2017-də görüşərik. Allah amanında.