Əvvəlki 2 yazıda toplam 6 bənddə keçirdiyimiz forumların “sirrlərindən” yazmışdım. İndi isə sonuncu bəndləri Sizinlə paylaşıram.
Buna da bax:
Forumu forum edən sirrlər – I hissə
Forumu forum edən sirrlər – II hissə
7. Keyfiyyətdən qənaət etmək olmaz
5 il az müddət deyil. Hər ötən il səhvlərimizi bir az da düzəldirik. Tənqidləri qiymətləndirib yeniliklər edirik. Bu müddət ərzində anladığımız bir həqiqət var – Keyfiyyətdən qənaət etmək olmaz. Bu bizim əsas prinsipimizdir. Az etmək olar, amma keyfiyyətə xələl gətirmək olmaz. Məkan, səs, işıq effektləri, proqramın zənginliyi, qidalanma, təşkilati komanda, çəkiliş və onlarla digər iş. Hamısını il-ildən daha keyfiyyətli etməyə çalışırıq. Çünki bizdən gözləntilər də eyni qalmır. O səbəbdən bir çox hallarda maddi sıxıntı yaratsa belə buna gedirik. Özümüz də açığı zövq alırıq. Dostlarımız da şahiddir ki, maddi tərəfini düşünmədən tədbiri maraqlı nə edə bilərsə, həmən qəbul edirik. Əziz dostlar, biz səhvlərimizin üzərində öyrənirik. Biz xarici təcrübədən öyrənirik. Nə qədər maddi və mənəvi gücümüz olacaq, dəstək olan şirkətlər və dostlarımız çox olacaq biz bu işi davamlı edəcəyik. Yenilik gətirmək və daha yaxşı etmək adına özümüzü yetərsiz hesab etdiyimizdə isə bu işi dostlarımıza həvalə edəcəyik. Təki bu ənənə yaşasın. Bir gün mütləq bu işlərdən danışacaqlar, yazacaqlar. Bir gün marketinq də ölkəmizdə çox yüksəklərdə olacaq. Və o zaman şorbada bizim də duzumuz var deyə fəxr edəcəyik. İnanın ki, bizim komandada hamı bu cür düşünür. Çoxu da bəlkə hələ tam dərk etmir ki, nə boyda faydalı iş görür. Zaman, nəticələr bizə göstərir ki, düz yoldayıq. Odur ki, keyfiyyətdən qənaət etmək olmaz. Rəqib yoxdursa, bir öncəki tədbiriniz sizin üçün müqayisə predmeti olacaq və bir sonrakını daha gözəl etməyə çalışacaqsınız. Başqa yol yoxdur.
8. Sponsorlarla işdə diqqətli olmaq lazımdır
Sponsorlar dedikdə bizə dəstək olan bütün şirkət və dostlarımızı nəzərdə tuturam. Sevinirik ki, artıq 5-ci ilimizdə bizim müraciət etdiyimiz şirkətlərdən daha çox bizə müraciətlər var. Ölkəmizin böyük holdinqləri, bankları, irili-xırdalı 100-ə yaxın şirkət bu müddət ərzində bizə dəstək olub. Onu da deyim ki, MMF həmin şirkətlər üçün təkcə KSM layihəsi deyil, eyni zamanda böyük proyektlər, tanınma, yeni iş, əməkdaşlıq imkanları da qazandırıb. Bunu danmaq olmaz. Və bizim də istədiyimiz budur. Qarşılıqlı faydalı olmalıyıq. Azərbaycanda bu tip eventlərdə sponsorlara diqqət o qədər yüksək olmur. Əsas sponsoru cəlb edənə kimidir. Bizim bütün tədbirlərimizdə aktivliklərimiz 3 yerə bölünür. Forum öncəsi, forum, forum sonrası. Bu mərhələlərin hər birində dəstəkçilərimizin xüsusi yeri olur. Həm də çox yaxşı başa düşürük ki, dəstəkçilərimizə fayda gətirə bilməsək, əməkdaşlığımız uzunmüddətli olmayacaq. Şükürlər olsun ki, bugünə qədər elə ciddi narazılıq olmayıb. Fürsətdən istifadə edib bütün dostlarımıza, dəstək olan şirkətlərə çox sağ ol deyirəm. Onlar da Azərbaycanda marketinq tarixinin formalaşmasında ciddi rol alıblar.
9. Forumun mahiyyəti
Bunu qeyd etməsəm olmazdı. Tez-tez eşidirik ki, gəldi özünü təriflədi, şirkətini təriflədi, nə bilim danışa bilmədi, heç nə öyrətmədi və s. Əzizlərim, forum seminar, təlim, master klas deyil. Forum əsasən keyslər üzərində qurulur. Ola bilər ki, forumda Siz spikerin 15 dəqiqəlik çıxışından 1 cümlə tutasınız, o cümlə ilə işinizdə əhəmiyyətli dəyişiklik edəsiniz. Foruma gəlməmişdən öncə gözləntilərinizi dəqiqləşdirin. Ondan sonra qiymətləndirmə edin. Marketinq forumunda spikerə şirkətindən danışdı demək olmaz, marketinq işi şirkət üzərində, məhsullar üzərində, müştərilər üzərində qurulur. Bu təbiidir. Daha çox yaradıcı olmaq lazımdır. Bəzən görürsən ki, 15 dəqiqəlik çıxışda bir balaca səhvi tutub böyüdürük. Adamın dediyi faydalı məlumatlar bir kənara atılır, balaca səhv şişirdilir. Təbii ki, bir çoxları məqsədli şəkildə edir bunu. Çünki özünü ağıllı göstərmək istəyəndən, mən də varam demək istəyənə kimi hər kəsim bizim forumlarda iştirak edir. Bizim forumların ən üstün cəhətlərindən biri videoya alınmasıdır. MMF2013-dən bu tərəfə keçirdiyimiz 9 forumun hər birinin tam videosu var. Necə deyərlər, bu meydan bu da şeytan. Bugün də girib onların hər birini izləmək mümkündür (www.facemark.tv)
10. Komandada fikir ayrılıqları normaldır, yola davam edin
Bizim komandamız çox güclüdür. Tez-tez yenilənirik. Layihə rəhbərlərimiz, komanda əlaqələndiricilərimiz bizim işimizin əsas aparıcı qüvvəsidir. Marketinq Azərbaycan facebook qrupu kimi böyük qrupumuz, eyni zamanda güclü əlaqələrimiz var. Networking məqsədli tədbirlərimiz bizi daha da gücləndirib. İstənilən zaman istənilən event üçün 100-200 nəfəri, forumlarda isə 500 nəfəri bir araya gətirə bilirik. Komanda və yenə də komanda. Hər şeyi üzərinizə çəkə bilməzsiniz.
Amma dediyim kimi komandada mütəmadi yenilik etmək lazımdır. Arada qatardan yarı yolda düşənlər, işləməyib uğurdan pay alanlar da olacaq. Və ya komandaya qoşulub şəxsi PR-ı üçün işləyib onu kifayət hesab edəndən sonra ayrılanlar da olacaq. İlahi ədalət və “ələk” onları zamanla ələyib kənarlaşdıracaq. Bir gün özünüz belə kənarlaşa bilərsiniz. Sistem insandan asılı olmamalıdır. Davamlı və daha güclü bir şey qurmaq istəyirsinizsə, özünüzə aid hissəni daha yaxşı edin, gücsüz olduğunuz anda isə daha güclüyə dövr edin. Bunu anlayan və anlamayan adamlar da olacaq. Bunların heç birindən narahat olmağa dəyməz. Çünki “O hər şeyi görür”