Gözümü bir anlığa yumub Bakı şəhərinin ərazisini “Google Map”siz xəyalən fraqmentlərə böldüm və yaddaqalan bilbordları təsəvvür etmək istədim.


Alınmadı. Xatırlaya bilmədim. Ola bilər. Yaşlı adamlar adətən yaddaş zəifliyindən şikayət edirlər. Bəs siz? Yaddaqalan bir bilbord xatırladınızmı?


Bu yazıda mənim məqsədim dizaynerlə mükalimə aparmaq deyildir. Onlar ciddi və faydalı işlə məşğul olurlar. Yəqin ki, nə tələb olunursa, onu da edirlər. Axı bizdə musiqini sifariş edən də pulu verəndir. Ona görə də, belə əzik-üzük yaradıcılıq məhsulları insanların-şəhərin qonaqlarının və sakinlərinin - mülahizəsinə verilir. Amma onların fikrini bir soruşan varmı?


Doğrusu, heç dizayn ilə bağlı da müzakirə açmaq niyyətində deyiləm.



Bir anlığa bu bilbordları olduqları yerdən silsək, marketoloqlar satışın ciddi surətdə axsayacağından şikayətlənərək, bilbordları yerinə qaytarın, biz bunu tələb edirik, deyə etiraz edəcəklərinə əmin deyiləm. Və heç Siz də buna iddia etməyin.


Bilborddur da, durub orda, dursun da...


Kiminsə yerini dar etmir ki...Oldu!


Bilbordları da unudaq. Rahat buraxaq. Durduqları yerdə təkəbbürlə dursunlar. Üzərilərində nə varsa onunla bərabər...


Yadda qalmayan şeyləri unutmaq da asan olur.


İnsafən, üzərində üç vacib elementin – məhsul, mesaj və koordinatlar olmalı olduğu bilbord əslində güclü kommunikasiya alətidir.


Üzərindəki dizaynla harmonik olaraq yadda qalmaya bilər, amma məcra və daşıyıcı olaraq unudulması mümkün olmayan daşıyıcıdır.


Texnologiyanın durmadan yenilənməsi və onların da kompleks rəqəmsal formata keçəcəyi təqdirdə - əslində bu qaçılmazdır - unikal və effektiv kommunikasiya məcrası olaraq önəmli yer tutacaqdır.


Bilbord sutkada 86 400 saniyə göz önündə dayanan və özəl yerlərdə quraşdırılan vizual vasitədir və ona biganə münasibət doğru deyildir.



Bəs bilborda baxıb onun üzərindəki satış və sosial mesajı görmək və hafizəyə köçürmək üçün nə tələb olunur?


Bilbord müasir şəhər memarlığında, texnologiyanın sürətlə nüfuz etdiyi urbanistikada, şəhər arxitekturasında ayrılmaz üzvi elementdir. Onsuz müasir şəhəri təsəvvür etmək mümkün deyil.


Digər tərəfdən, binaüstü reklam konstruksiyalarının qoyulmasının yasaq edildiyi şəhərdə bilbordların dominant funksiyası daha da güclənir. Bundan səmərəli faydalana bilmiriksə, günah bilbordlarda deyil. Heç bilbordu quranlarda da deyil. Bilbordun üst örtüyünü çap edənlərdə də deyil.


Əslində məqsədim günahkar axtarmaq deyildir. Niyyətim sutkada 86 400 saniyə gözümüz önündə olan bu 6x3 müstəvisində diqqəti çəkəcək bir görüntünün olmasını istəmək və bunu gözləməkdə pozitiv olmağa davam etməkdir.


Üfüqi çərçivə tarix boyu işlək vizual məcra olmuşdur. Qədim Misir ehramlarında da yazı və təsvirlər üfüqi sıralanmşdır. Yunan mozaikaları da üfüqi müstəvi əsasında təşəkkül tapmışdır. İlk kino nümayişi və foto kadrlar da üfüqi müstəvi formatlıdır. Bəlkə də yazı lövhələrinin, televiziya monitorlarının, displeylərin əksər hallarda üfüqi olması bu baxımdan təsadüfi deyildir.



Amma şaquli displeylər də özünəməxsus üstünlüyə malikdir. Belə ki, insan gözləri səviyyəsində olan vizualların şaquli, amma gözdən yuxarı səviyyədə olan müstəvilərin üfüqi olması önəmlidir.


Amma bir sual meydana çıxır. Bu müstəvilərin üzərində nə əks olunub, nə dərəcədə doğru kombinə edilib, nə dərəcədə rəng baxımından uğurludur, nə dərəcədə müstəvidə əks olunan təsvirlər diqqəti cəlb edir və diqqəti nə sayda saniyələr qədər saxlaya bilir..?


Yalnız çöl reklamları deyil, daxili reklamlar da diqqəti cəlb edir. Onların işlək olması çox vacibdir.


Daxili məkanlarda bu daşıyıcılar bizə daha yaxındır, çünki bəlli səbəbdən pis hava şəraiti görmə imkanını məhdudlaşdırmır.


Daxili məkan işıqlandırma sisteminə malik olduğundan, onları sutkanın istənilən vaxtında görümlü və oxunaqlı edir.


Amma bu görüntülər və mətnlər, mesajlar nə qədər cəlbedicidir? Kompozisiya həlli nə qədər orijinaldır?


Məhsulun təsviri kombinativ təqdimatda və bədii həlldə nə dərəcədə cazibədardır?


Məhsul almaq üçün istehlakçıya nə qədər hərəkətləndirici təsirlidir?


Dizayn ustalığının təzahürünün daha bir ifadə müstəvisi avtomobillərin üzərinin geyindirilməsidir. Onların dizaynı, mənim zənnimcə, çox vacibdir. Amma reallıqda buna o qədər də ciddi əhəmiyyət verilmədiyinin şahidi oluruq. Qabaritindən asılı olmayaraq, avtomobillərin üzərindəki dizayn o qədər yüklənir ki, sanki qaraçı yaylığıdır. Elementlərin çoxluğu dizaynı ağırlaşdırır, cəlbediciliyini itirir, mesajlara marağı heçə endirir.



Ümumiyyətlə, mən həmişə dizaynın minimalistik, tez anlaşılan, məhsul və xidmətin missiyasına və mesajına harmonik dəstəyinin tərəfdarı olmuşam.


Dizayn işi marketinqdə festivallar üçün həyata keçirilmir. Sifarişçi də seçdiyi agentliyə və dizaynerə etibar etməlidir, onu zəruri tapşırıqla əhatəli məlumatlandırmalıdır və özünün yersiz müdaxiləsi ilə demotivə etməməlidir. Belə olduqda biz gözlənilən müsbət nəticəyə nail ola bilərik.


Axı biz gözəl bilirik ki, alış-verişdə spontan qərarlar olduqca önəmli faktordur və onsuz böyük satış yoxdur. Bu zaman məkandaxili dizayn işləri və həlləri müstəsna dərəcədə önəmlidir və böyük təsir gücünə malikdir.


Bir zamanlar - televiziya yenicə təşəkkül tapanda hamı posterlərin bir vizual daşıyıcı olaraq öz ömrünü başa vurduğunu israrla iddia edirdi. Amma bugünə kimi posterlər öz miqyasını ölçü və məkanda yeri baxımından mütəhərrik dəyişməklə yenə də marketinqin xidmətindədir.


Bunu deməkdə məqsədim ondan ibarətdir ki, heç də həmişə yeni olan nələrsə köhnəni tam inkar etmir və onların sağlam inteqrasiyasından hamı udur.


Rəqəmsal texnologiyanın gəlişi ilə klassik daşıyıcılarının aradan çıxaçağını düşünənlər yanılırlar. Yeni olan əslində nə vaxtsa unudulanın miks edilərək müasir həyat və yaşayış tempi səviyyəsinə uğurlu adaptasiyasından başqa bir şey deyildir.


Bu mənada kiçik həcmli reklam daşıyıcılarını da unutmamalıq. Bizə təklif olunan əl elanı, flayer və ya broşuru insanlar əksər hallarda arasını açmadan belə zibil qutusuna vızıldadırlarsa, biz bu barədə ciddi düşünməliyik.


Nə iləsə diqqəti cəlb edəcək həllər tapıb təklif etməli və reallaşdırmalıyıq. Kağıza və çapa verilən pula heyfimiz gəlsin. Elə edək ki, bu mobil və yığcam daşıyıcılar gözögəlimli və lakonik olsun. Oxunsun, baxılsın...


Mən bu mənada dizaynlara diqqətin artırılmasına çağırıram. Bu tıpli çap materialları ilə - əl elanı, plakat, banerlər-müharibələrdə qələbələr qazanılıb, böyük satışlar edilib, sosial aktivitələr, faydalı nəticələr verib...



Kreativ güclü silahdır. Onun marketinqdə yerini verə biləcək və eyni effektivliyi təmin edəcək bir əvəzedicini axtarmayın. Onsuz da tapmayacaqsınız. Sizə qədər belə cəhdlər edənlər az olmayıb.
Əslində hamının fantastik nəticələr verəcəyinə bel bağladığı rəqəmsal məcra da kreativsiz heç nədir və bu gün artıq bunu hamı anlamağa başlayır.


Vizuallar hələ ki varsa, deməli dizayna da tələb qalacaqdır və yaradıcı dizayn bu tələbi daha da aktuallaşdıracaqdır. Gördüyünüz kimi, mən əslində dizayn dedikdə, yaradıcılıq prosesinin bir qanadı olan vacib elementi nəzərdə tuturdum.


Söz və təsvir orijinal və lakonik həllinin üzvi vəhdətinə arxalanan dizayn müasir kreativin daha bir parlaq təcəssümü və qürur duyaran təntənəsidir.



Çöl və daxili reklamların kreativ həllinin uğurlu ola bilməsi üçün ölkədə kifayət qədər bacarıqlı dizaynerlər və konsepsiya yarada biləcək art direktorlar var. Kopirayterlər korpusu da formalaşmaqdadır.


Bəs niyə indi biz WOW və ya təxminən oxşar mənasını verən VAAY (elə düşünmək olar ki, bizim əcdadlarımız heyrətlənməyin nə olduğunu bilmirlərmiş və yaxşı ki, indi nənə-babalar da WOW deyirlər) nidasını eşitmirik?


Gələn görüşümüzdə “Video və Kreativ” mövzusuna toxunmağı nəzərdə tuturuq.


Teymur Məmmədov,


Kreativ direktor