Bu dünyada hər faydalı iş, hər bir xoş niyyətli əməl daim təkmilləşməyə ehtiyac duyur. İlk sənət nümunələrini min illər bundan əvvəl daş və qaya üzərində, bu gün üçün bəsit görünən forma və stildə, amma o dövrün ictimai şüurunun ifadə tərzində əks etdirirdilər. Bütün sahələrdə belə olmuşdur. Belə də olacaqdır.


Bu sətirləri isə bayramqabağı təqdim edirəm. İndi hamının haraysa tələsdiyini nəzərə alaraq qısa yazıram. Bu gün hər kəsin daha səfərbər olması məqamıdır. İnsanların çoxluq baxımından bayramla bağlı bir fikir və ya qayğı ətrafında sevinci və həyəcanı artır. Bu güclü bir enerji axınına çevrilərək, yeni-yeni insanları öz tərəfinə çəkir, onları da bu enerji ilə elektrikləndirir ki, nəticədə toplum miqyasında bir YALLI istəyi formalaşır. Hamını xəyallarda əl-ələ tutmağa, bir gün də olsa, bizim birlikdə olduğumuzu simvolizə etməyə yalnız bayramların gücü çatır...



Bayramlarda kasıblar da gülümsəyir. Xəstələrin də çöhrəsinə təbəssüm qonur. Bayram günləri uşaqların sevincinin həddi-hüdudu olmur. Savab işdir, uşaqları sevindirin.


Yalnız yeməklərlə deyil.


Şirniyyatla deyil.


Bayramlarda insanlar daha rəhmdil, səmimi və həssas olurlar sanki...


Hisslər dar qəfəslərini tərk edir, insanlarda yaxşılıq etmək duyğusu güclənir, yaxınlara əl tutmaq, bir az da nəvazişli olmaq istəyi baş qaldırır.


Bayramlarda yeməklər daha dadlı, insanlar daha səxavətli olurlar...


Bacalardan tüstü daha daha gur çıxır...


Qazanlar qaynayır, evlərdən biş-düş ətri gəlir...


İnsanlar daha al-əlvan geyinir, daha dürüst düşünürlər, daha xoşniqab olular...


Bəlkə də dünyanın özü bir az bəxtəvərləşir bayramlarda...



Yeni il astanasında dünya dəyişir.


Yeni ümidlər baş qaldırır.


Yaşamaq istəyi, qurmaq-yaratmaq istəyi güclənir.


Bayram yeməkləri daha çeşidli və dadlı olur.


Onlara sadəcə nahar, şam yeməyi və qida kimi baxmırlar.


Hər kəs, xüsusən aşçılar öz bacarığını və istedadını, fikir və düşüncələrini, axtarış və sınaqlarını təqdim edirlər, yeni zirvəyə yüksəldirlər.



Bu da öz növbəsində qida texnologiyasının və çeşidlərinin yenilənməsinə və tərəqqisinə dəstək verir, bəşər mətbəxinin zənginləşməsi istiqamətində yeni mərhələyə qədəm qoyulur.


Yeməklərin, içkilərin və qeyri-təməl qidaların tarixi qədim və gələcəyi sonsuzdur.


Hələ ki, insan var, mətbəx inkişafda olacaqdır, yeni resurslar, yeni kombinasiyalar, yeni dadlar və ləzzətlər yaradılacaq. Mən həmişə düşünmüşəm ki, təbiətdə qida üçün yaramayan heç nə yoxdur.



Sadəcə hər şeyin öz zamanı var. Bu gün atılan qida tullantıları bir zaman inanılmaz ləzzətlər üçün qida xammalına çevriləcək. Reklamda qida maddələrinin, qida maddələri istehsalının, qida istehlakının görüntüyə alınması qədər çətin sahə yoxdur. Bunu food stilistlər gözəl bilirlər. Axı foto-video çəkilişləri uzun zaman və sonsuz sayda dubl tələb edir, çoxlu işıq effektlərindən istifadə olunur, temperatur və əsəb gərginliyi yaradıcı insanlarda düşdükləri çətin vəziyyətlərdən çıxış yolu tapmaq üçün daim yeni yollar axtarmağa sövq edir. Ən çətin anlarda isə ən çətin yolların həlli tapılır.



Yeməklərin hamısı gözəldir. Reklamı olsa da, olmasa da...


Hər orqanizmin öz istəyi, öz zövqü, öz tələbləri, öz fərqlilikləri var.


İstər-istəməz bu özəllikləri də nəzərə almaq tələb olunur.


Amma hər qida məhsulunu qədərincə, ağ eləmədən, əndazədən çıxmadan, nəfs həddini aşmadan yemək, dadmaq və qida zövqünü yaşamaq gözəldir.


Qida məmulatlarının reklamında çalışdığım zaman, həmişə həddi aşmamağı və qida məhsulları seçiminin genişliyinin acgözlük üçün deyil, hər kəs üçün yalnız ona xas olan özəl dieti gözləməklə təqdim və təşviq etməyə can atmışam.



Reklamda qida məhsullarının təqdimində yaradıcı kollektivdən səmimilik və dürüstlük tələb olunur. Keyfiyyəytsiz qida məmulatların ən güclü və orijinal reklamı belə səviyyəsiz və standartdan kənar tərkibə sahib olan qidanı satdıra bilməz. Çünki ilk dadım anlayışı var. Müştərini təkrar satışa motivə edən dad yoxsa və məhsul keyfiyyətsizdirsə, zövqə uyğun deyilsə, yaxşı qablaşdırmayıbsa reklam onu satdıra bilməz. Qidanı sevdirən və aldıran təzəlikdir, təravətdir, məhsulun rəng və əmtəə görüntüsünün cəlbediciliyidir. Bunlar olmadan heç bir reklam vasitəsi qida məhsulunun elçisinə çevrilə bilməz.



Gələcəkdə yeni qida məhsullarının yaradılmasında və reklamında görüşmək ümidi ilə Sizə süfrələriniz bərəkətli, qəlbiniz sevincli, həyatınız doğmalarınız və əzizlərinizlə şən olsun deyirəm.


Teymur Məmmədov


Kreativ Direktor