Bir zamanlar yazı olmayıb. Hər şey dildən-dilə keçərək hafizələrdə yaşayıb. Biliklər toplandıqca insanlar canlı seyrdən mücərrəd təfəkkürə yol alan, oradan da praktikaya keçən qavrayış prosesini daş və qayalar üzərində əbidələşdirmək,dana dərisi və ya mixi yazılarda, papirus və ya gil lövhəciklər üzərində yeni nəsillərə ötürmək ehtiyacı ilə qarşılaşdılar. Biliyin artması və onun öyrənilməsi daha kiçik həcmli, asan daşına bilən formatlara transfer edilməsini tələb edib. Bax beləcə kitab meydana gəldi.


İnsan üçün torpaq və ətraf mühit qədər önəmli olan ikinci bir dünya var-sərvəti yoxdur. Torpaq ötən nəsillərin bizə mirası deyil, övladlarımızdan girovsuz götürdüyümüz borcdur. Bunu eyni uğurla hindu kitablara da aid etmək olar. Torpaqlarını itirmiş hinduların bu müdrikliyini eyni dərəcədə bilik və kitab kimi əvəzsiz sərvətlərə də aid etmək olar.


Çünki insan torpaq və biliklərə xor baxdıqca, meşə, çay, cücü, quş, göl və çiçəkləri itirəndə pulun yeməli olmadığını tam anlayacaqdır.


Kitab bütün ağaclardan ən barlısıdır, bütün su mənbələrindən ən zənginidir, bütün səmalardan ən dərinidir, Günəşlərdən ən parlağıdır. Çünki ağaclar, okenlar, dənizlər, səmalar, günəşlər, kainatlar, qalaktikalara barədə bilik və təcrübənin sistemli, zəka məhsulu səviyyəsində xəzinədir.


Kitab öz dövrünün səlnaməsi, zamanın ürək döyüntüsünün kardioqramması, təkamülün çığırdaşı, keçmişin zənginliyinin və gələcəyin cazibəsinin ən etibarlı bələdçisidir. Bax, əgər bu konteksdən yanaşsaq, Azərbaycanda gənc fəaliyyət sahələrindən olan marketinqə dair bilik və təcrübələrin indidən toplanması, sistemləşdirilməsi, audio, video və çap materialları, ilk növbədə kitab halında kataloqlaşması, habelə mütəxəssis təhkiyəsində maraq göstərənlərə bu sahənin tələbələrinə və sahənin incəliklərini nəzarətdə saxlayan insanlara böyük faydası olardı.



Bu günlərdə təqdimat və imza günü keçirilən, BUGÜNÜN Marketinqinin üçüncü cildinin işıq üzü görməsinin sevincini yaşamaq xoş idi. Əvvəlan, ona görə ki, kitab yaxşı tərtib olunub, əsi kitab kağızında çap olunduğundan font (şrift) və fon (kağız) seçimi göz yormur, rahat oxunur. Bu detal olsa da, çox vacibdir, çünki nəşrin həcmi kifayət qədər böyükdür. Burada verilən məlumatların bügünün təcəssümü baxımından maraq doğurması, onu yenidən və təkrar-təkrar səhifələməyə təkan verəcəkdir, səhifələrin oxunaqlı olması isə gözlərin yorulmasına səbəb olmayacaqdır.


İkincisi, müəlliflər kifayət qədər fərqlidir ki, bu da yazıları daha cəlbedici edir. Yazarların yaşı, ixtisası və fəaliyyət sahəsi önəmli deyil, başlıcası onların fikirlərinin səmimiliyi və real həyat təcrübəsinə əsaslanmasıdır.


Üçüncüsü, kitabı ərəsəyə gətirənlər çox faydalı iş görmüşlər ki, bu da özünü marketinq sahələrində fəaliyyət göstərən insanların öz fikirlərini bölüşməsi üçün maraqlı bir format təqdim olunmasıdır. İstər gənc, istərsə də, yaşlı və təcrübəli insanlar üçün meydan açıqdır. Yazın, söyləyin, mülahizələrinizi deyin, təki yazılanlar oxuyanlar üçün faydalı ola bilsin.


Dördüncüsü, insanların yazı tərzləri və təhkiyə üslubları saxlanılmışdır ki, bu da məqalələri daha səmimi edir, materiallar daha inandırıcı təsir bağışlayır, çünki akademizmdən və şablonçuluqdan qidalanmır.



Beşincisi, nəşrdə illərin təcrübəsi yer almışdır ki, bu da vərəsəliyin qorunmasına imkan verir. Zaman keçəcək, həm məqalələrin müəllifləri, həm də oxucular üçün burada yazılanlar sadə və bir az da bəsit görünəcəkdir. Çünki marketinq hər gün dəyişir. Klassik marketinq öz yerini daha çevik və plastik, daha dinamik və adaptiv formatlara verir.


Altıncısı, bu texnologiya inanılmaz sürətlə inkişaf edir. Texniki nailiyyətlər bizim təsəvvürlərimizə, düşüncələrimizə, alışqanlıqlarımıza və müxtəlif səviyyədə olan vərdişlərimizə ciddi təsir göstərir. Hamımız harasa tələsirik, hər şeyi eşitmək, hər şeyi görmək, sınamaq, zamanın ritmində addımlamaq, sosial baxımdan fəal olmaq, həyat tərzini daha effektiv axara yönəltmək, bir sözlə, YENİ ZAMANLA ayaqlaşmaq üçün cəhdlər edirik. Belə olan halda barəsində danışılan kitabın əhəmiyyəti daha da artır. Çünki o yaşadığımız son dövrün əksidir, inikasıdır, təcəssümüdür.



Yeddincisi, insan hər zaman daha yaxşısını əldə etmək üçün bir məsləhətçiyə ehtiyac duyur. Biz nə qədər hafizəli olsaq da, hər şeyi ekspert səviyyəsində bilə bilmərik. Bu baxımdan bizə etibarlı bələdçi kimi bilik mənbələrinə ehtiyac hər gün daha yüksək temp ilə artır. Çünki internet az qala yuxularımıza da nüfuz edir. Real və virtual məkanlar arasında sərhədlər daralır və onların üzvi vəhdəti günün realğına çevrilir. Belə olan halda cari informasiya təlatümündə burulğana düşməmək, zəruri və faydalı biliklərin təsnifatının aparılmasına zamanın olmadığı bir dövrdə bəhs etdiyimiz kitab köməyə gəlir. Çünki burada marketinqin müxtəlif sahələri üzrə təcrübəyə dayanıqlı yazılar yer almışdır.


Səkkizincisi, kitabda yeni zamanın özəllikləri müstəvisində texniki tərəqqinin tempinə adekvat yazılar xüsusi ixtisasyönlü ədəbiyyatın kifayət etmədiyi bir dövrdə əvəzolunmaz mənbədir. Tələbələrin kurs işlərində çox faydalı ola bilər. Çünki materiallar konkret sahələrin mütəxəssisləri tərəfindən yazılıb və akademizmdən uzaq dildə söyənildiyi üçün gəncləri yormayacaqdır.


Doqquzuncusu, burada dərc olunan yazılar istər-istəməz oxuculara yeni-yeni ideyalar verə bilər. Bütün kitab insanların beynini yeni ideyalar burulğanında sınağa çəkəyəcəkdir. Kitabın heç belə missiyası da yoxdur. Məsələ burasındadır ki, praktiklərin hər sahədə söylədikləri, yazdıqları onunla dəyərlidir ki, onlar ən azından nəyi etməməyi məsləhət görürlər. Nəyi etməyi isə dinləyən tərəf özü arayır, müqayisə edir və bir gün mütləq aradığını kəşf edəcəkdir.


Onuncusu, sahələr üzrə mütəxəssislər özləri üçün əhəmiyyətsiz görünən bəzi həqqiqətləri elə səmimi və inandırıcı dillə söyləyirlər ki, o zaman necə gəncin qəlbində EVRİKA üçün uçuş meydanı qurduqları heç ağıllarına belə gəlmir, təcrübəli insanları, öz işini bilənləri, məsləkini sevənləri dinləmək zəruridir, onların yazdıqlarını oxumaq lazımdır.


On birincisi, kitabın həcminin böyük olmasına baxmayaraq, qiyməti məqbuldur. Məllimlərin və tələbələrin cibinə uyğundur. Bu qəbildən olan kitab və vəsaitlərə böyük tələbin olduğunu bildiyimiz üçün, bir daha qeyd edirəm ki, bölgələrdə də bu kitabın satış nöqtələrində oxuculara təklif olunması çox faydalı olardı.


On ikincisi, kitab bu nəşrdə yazıları çap olunan insanları da gələcəkdə, dördüncü buraxılışda, yeni, daha maraqlı və günün tələbləri səviyyəsində yeni yazıların hazırlanmasına həvəsləndirir. Bu da daha maraqlı mövzularda fikirlərin bölüşməsinə stimul verəcəkdir.


On üçüncüsü, qarşıdan növbəti marketinq forumu gəlir. Belə məsul tədbir ərəfəsində bu mühüm kitab sayəsində forum iştirakçıları ötən illərin yekunu olan bu kitabdan ip ucu alaraq, daha da maraqlı və diqqətəlayiq çıxaşlarla forumun işini rəng qatacaqları və gündəliyi maraqlı edəcəkləri şübhə doğurmur.


On dördüncüsü, bu kitab kollektiv əməyin bəhrəsidir. Bu qədər insanın bir araya gətirilməsi, onların fikir və düşüncələrinin belə sanballı formatda balanslaşdırılması, həm yazarların, həm də kitabın redaksiya üzvlərinin ruh yüksəkliyi, layihə rəhbərlərinin belə bir fəaliyyətə motivasiya qatması və insanları bir ideya ətrafında səfərbər etməsi marketoloqların özünütəşkil səviyyəsinin xeyli yüksəldiyini sübut edir.


On beşincisi, Bugünün Marketinqi seriyasından olan növbəti buraxılış çapa hazırlanarkən, yeni bir fəslin əlavə olunmasını təklif edərdim. Nəşrə daxil olan materiallar sayt vasitəsiylə təqdim olunduğundan tanış yazılar təsiri bağışlayır. Odur ki, kitabın sonunda 10-12 eksklüziv, yəni xüsusi olaraq bu kitab üçün nəzərdə tutulan və heç bir yerdə çap olunmayan yazıların yer alması, məncə, doğru olardı, intiriqanı artırardı, kitaba bir fərqlilik və özünəməxsusluq bəxş edərdi.


Vəd etdiyim 25 yazıdan üçüncüsünü sizinlə bölüşməkdən qürur duyuram.


Teymur Məmmədov,


Kreativ direktor,


Adver.az