#istəyirəm 9-6 bir işim olsun. 7-yə keçəndə xətrimə dəysin.


Orta sinif menecer olum. Birində 1 il, birində 5 il, toplam 6 il stajım olsun. CV-mə 3 ay işlədiyim yeri isə yazmayım. Test elədilər, keçəmmədim, ixtisara salmışdı, əclaflar. Həmişə “qabağa getmək” haqqında düşünüm və mənə elə gəlsin ki, bu illər ərzində məndə alınmamağının səbəbi Azərbaycanda yaxşı işçiyə qiymət verilməməsidir. Hər il Green Card-dan tutmuş, “Work in Canada” kimi proqramlara ilk mən baş vurum. 2-3 ay da onun havasında fırlanım ki, “bu zibili də udsaydım rədd olub gedərdim xarabadan. Hər günü əsəb, stress, üstəlik müdir də mazqidir”. Bütün günü də işdəkilərin başını xarab edim ki, “odeyna filankəs, bir sinifdə oxumuşuq. Filan yerdə auditdə işləyirdi 400 manata. Bir də eşitdik ki, qaqam uje Amerikadadır. Arada danışırıq, deyir ilk 3-4 ay çətin olur, sonra öyrəşirsən”.


Adətən işə 10-15 dəqiqə gecikim, gələn kimi də tez dünəndən “draftda” saxladığım emaili göndərim ki, elə bilsinlər səhərdən bunun üstündə işləyirəm. Gecikməni də belə ört-basdır edəndən sonra keçim mətbəxə. Ancaq işdə olanda içdiyim kofedən süzüb bir siqaret yandırım. İşdəki qızlara dünənki “macəralarımdan” danışıb bir 15 dəqiqə də belə fırladım. Gəlim oturum yerimə, votsapı açım. Uşaqların qrupa atdığı videoya dünən axşam baxa bilmədiyim üçün, nauişniki taxım baxım. O video – bu video bir də baxım ki, saat oldu 10. Bayaq qızlarla danışanda o biri şöbədən Məhyəddinin zəng etdiyi və mənim də qızların yanında buna forsla adboy verməyim yadıma düşsün. Geri yığım ki, “bağışla, səhər 9-a iclas salıblar, cavab verəmmədim. Fayl abedə səndədir”. Obedə də 12:30-da gedim ki, sonra basa-bas olur.


İşdən məni “şəxsi inkişaf”ımla bağlı təlimlərə göndərsinlər. Amma mən iş vaxtına düşmədiyi üçün bu təlimlərin heç birinə getməyim. Hər dəfə müxtəlif bəhanələr gətirim. Şəxsi vaxtım mənim vaxtımdır – deyib öz aləmimdə “işi” evə gətirmədiyimi düşünüm. Amma ola ki, iş vaxtına təlim salalar və məni yazmayalar, qırğın düşər. Xüsusən 2-3 gün dalbadal iş vaxtı təlimləri bir ayrı ləzzətli olur. İşi fırlatmağın bundan gözəl yolu ola bilməz. Təlimdə verilən ruçka-dəftərin şəklini böyürdən çəpəki çəkib instagrama qoyum. Başlıq da belə olsun – “Today a reader, tomorrow a leader”. Ümumiyyətlə təlimdi, tədbirdi belə eventlərdə gərək post başlıqları ingiliscə olsun. Onda cool görsənir. Qısası təlimdəki digər iş yoldaşım da məni kimi instagramda fırlananda bu şəklimi görüb direktə “əə x..r, sen ne vaxdan oxuyan vidi verirsen, olursen de risovkalanmaq uchun, lol” yazsın, mən də “sakit dur, müdür dostluğumdadı, görüm ayın axırı trinadçıtını qoparda bilirəmmi” yazım.


Mənim üçün yaxşı iş kalendarın bütün qırmızı günləri iş olmayan yerlər olsun. Mart məsələn. 7 gün iş olmasın, 2 qabağından, 2 gün də dalından məzuniyyət götürüm çıxım aradan. Altı-bazarı heç cürə imkan eliyəmmiyib məzuniyyətimə salanda qanım it qanına dönsün. Məzuniyyətdə olanda da arada 1 gün 1 saatlıq işə gəlim komputeri açım ki, guya nəsə vacib iş var. Üz falan saqqallı, bir az da paxmel vidim olsun. Guya dünən bomba yeyib-içməkdə olmuşam. Koroçe işdə hamı bilsin ki, məzuniyyətdəyəm, amma gəlmişəm.


İşə təzə adam gəlsin. Görüm ki, nəsə bütün günü qurdalanır, deyəsən başı işləyən biridi. Yaxınlaşım ki, “özünü yorma qaqa, burda keçmir. Mən də əvvəl səni kimiydim. Gördüm qiymət vermirlər başını buraxdım”. Qonum-qonşudan da işimi soruşan olsa “yaxşıdı, gedib-gəlirəm” deyim. Hər ilin axırına yaxın uşaqlarla yığışanda əsəbi şəkildə söz verim ki, “vse, gələn ildən keçirəm başqa yerə. Burda pespektiv yoxdu”. O keçən – bu keçən 5 ilim tamam olsun. Bu 5 ildə də hər şey cəhənnəm, bir sual həmişə məni düşündürsün: – Maaşım niyə artmır?!


Ardı var, mənası yoxdu.