Ötən həftə kreativin enerji qaynağı olan ideyadan danışmağı vəd etmişdik. Bu yazıda söhbət ideyanın həyatımızda yeri və rolundan gedəcəkdir.


Etiraf edin, yaradıcılıq prosesinin bəxş etdiyi duyğuları şəxsən yaşamısınızmı?


Bir anda beyində baş verən qısa qapanmadan sonra sanki dünyanın qaranlıqlara qərq olacağını gözlədiyiniz zaman, əksinə, parlaq və yumşaq işıq selinin gözlərinizi necə qamaşdırdığını hiss etdinizmi?


Uzun saatlar ərzində Sizi üzən düşüncələrdən sonra nə isə yeni bir ideyanın meydana çıxacağından əl üzməyi düşündüyünüz anda birdən, heç bir gərginlik keçirmədən, belə komfortlu şəkildə, bədahətən beyininizi hərəkətə gətirən fikir qanadlarında kreativə start verdiyiniz zaman yeni ideyanın nə qədər dərin emosional təsir bağışladığını xatırlayırsınızmı?


Fikir bir seldir, çaydır, axır öz istəyi ilə, amma bu axında, yaz yağışlarının gətirdyi lil dolu suda olsa belə, yenə də dadlı balıq tutmaq bizlik deyilmi? Müasir tarixi dövr, yaşadığımız yeni era-ideya zamanıdır. Orijinal, təkrarsız, heyrətləndirən, üfüqləri genişləndirən, insanları ruhlandıran, tərəqqiyə səsləyən ideyalara ciddi aclıq var, yepyeni fikirlərə, mülahizələrə bir yavanlıq qədər ehtiyac duyulur, beyinin özü də orijinal qidaya – ideya axınına ehtiyac duyur…


Amma bu gün tərəqqinin tempi yüksəldikcə, ideya defisiti duyulur. Daha çox müzakirə edirik, yeri gəldi-gəlmədi mübahisə edirik, əbəs yerə enerji sərf edirik, təkəbbür postamendindən hər şeyə münasibət bildiririk. Amma ideyalar axtarışına zaman qalmır… Hər halda ideya bazası ilə seçilən və öyünüləsi işlər hələ azdır. Çox azdır.


https://www.youtube.com/watch?v=QrKBdY2x7_U


İdeya-fikrin təntənəsidir, rasional və emosional yanaşmada duyğuların zirvəsidir. Biz vücudumuzda baş verən emosional partlayışdan sonra təfəkkür üfüqlərindən doğan ideya Günəşinin işığında gərçəkliyin rasional tərəfini düşünməyə başlayırıq. İdeyanın gəldiyi anda - o bənzərsiz və heyranedici məqamda - real gerçəklikdən bir anlıq qopuruq, ayrılırıq, sanki orbitimizdən çıxırıq, qravitasiyaya meydan oxuyuruq, bu zaman beyinin bütün əzaları ehtizaza gəlir. Sanki ayağımız yerdən üzülür, sanki bir ovuc bulud parçası olaraq səmanın geniş ənginliklərində mehin sığalı ilə harayasa uçuruq.


İdeya – gərçəkliyə meydan oxumaq deyildir, sinəyə döyərək, mənəm-mənəmliyin də təzahürü ola bilməz.


İdeya – hamının görə bilmədiyini görmək, duya bilmədiyini duymaq, gerçəkliyi yeni baxış bucağından gur işıqlandıraraq, insanlara tanıtmaqdır, təkəbbürdən daşındırmaqdır, bizi əhatə edən gerçəkliyin milyardlarla sirrinin heç olmazsa birinin pərdəsini qaldırmaqdır və bu ideya tapıntısından dünyanın və insanın özü üçün faydalı və effektiv istifadə etmək bacarığıdır.



İdeya insandan cəsarət istəyir. O, şablonu sevmir, yenilikçiliyi və araşdırmanı xoşlayır. İdeya əslində gerçəkliyi yenidən dəyərləndirməkdir, bəzən nazik, bəzən də qalın pərdə arxasında gizlənən, bizdən asılı olmadan mövcud olan və axtaranın tapa biləcəyi qədər yaxında, axtarmayanın heç vaxt yanaşa bilməyəcəyi milyonlarla kilometr uzaqlıqda lövbər salan səadət gəmisidir.


Cəsarətli düşünülən, mövcüd stereotipləri sındıraraq, bizi əhatə edən dünyanın hüdudlarını daha da genişləndirməyə can atan insanların atıldığı axtarışlar və araşdırmalar meydanıdır ideya məkanları...


Onun silahı beyin resurslarıdır, qavrayışıdır, təfəkkürüdür, ziya işığıdır, nur selidir.


İdeya beyin fırtınalarının yaratdığı sunamidir. Onun impulsları bütün Kainata yayılır. Biz Kainatda bir toz qədər kiçik olsaq da, təfəkkürlə Kainatın özü qədər hüdudsuz və mükəmməlik.


Gölə daş atmısınızmı? Daşın yaratdığı və radiusunu durmadan genişləndirən dairələri izləmisinizmi? Yəqin elə düşünürsünüz ki, bir necə dəqiqədən sonra bu dairə öz ömrünü başa vurur? Gözlə görünmədiyi üçün hərəkətinin çevrəsini tamamlayır?



Xeyr!


Həmin dairələr bütün gölün ərazisi boyu sahilə çatır və bizim gözümüzlə görünməyən səviyyədə sahili ləpələndirilər. Bunu göl hiss edir.


Düşüncə də belədir. Təfəkkürün ləpəcikləri sahilə çatanda, görünməz dairələr gölü başdan – başa öz ağuşuna alanda ideyaya çevrilir. Bax, onda biz aradığımız suala cavab tapırıq.


Hamımız yox, o daşı atan kəs… O dairəcikləri son anına-sahilə çatana qədər izləyən yaradıcı insan, kreativ düşüncəli adam buna qadirdir.


Düşüncənin impulsları isə eyni qaydada bütün Kainatı dolanır, yuxuda belə gedə bilməyəcəyimiz uzaqlıqlara baş alır, hərlənir, fırlanır, nə qədər kosmik obyektləri həyəcanlandırır, geriyə isə yüklə dönür, fikir enerjisi ilə, yeni İDEYA ilə qayıdır…



Mikelancelo adi qranit parçalarından yalnız 3-5-ni seçərdi. Soruşurdular ki, bəs niyə o gözəl qranit parçasını seçmədiniz? Niyə ilk baxışda diqqəti cəlb etməyən bu parçaların üzərində dayandınız? Korifey sənətkar cavabında deyirdi ki, mən seçdiyim parçaların dərinliyinə sığınan mələkləri görürəm. Tişəni götürəcəm, qranitin tozunu uda-uda onu tişələyəcəm, həmin mələkləri azad edəcəm ki, dünyamız bir az da gözəl olsun.


İdeya da belə bir anatomiyaya sahibdir. Onu görmək üçün gözlər kifayət deyil. İdeya qəlb və beyinlə görənlərin nəsibidir.



Bundan ötrü haray-qışqırıq yetmir. Bundan ötrü heç tərki-dünyalıq da yetərli deyil. İdeya-nə istədiyini bilən insanın istədiyinə doğru səfəridir.


Bu səyahət bəzən az, bəzən də çox zaman aparır. Bu gəzinti zaman keçirmək üçün deyildir. Yeni bir araşdırma üçün dünya yeni bir pərdəarxası sirrin açıqlanmasına hamilədir. Elə sirr ki, bəzən tərəqqi atını finişə ağlasığmaz sürətlə gətirə bilir.


İdeya - dünyanın inkişaf ritminə, texnologiyanın miqyasına impuls verən, ilk baxışda dəli sayaqlamasına bənzəyən, heyrətamiz dərəcədə real olmayan, hər kəsin qəbul edə bilməyəcəyi qədər qeyri-standart və inanılmaz səslənən, bəzən isə sıradan olan insanlarda bayağı reaksiya doğuran, amma beyin cəsarəti tələb edən bir təfəkkür və düşüncə zirvəsinin təcəssümüdür.


Özünüz gözəl bilirsiniz ki, istər elmdə, istərsə də sənətdə fərqli ideyalara dayanıqlı fikir və təfəkkür sahibləri tarixin müxtəlif dövrlərində inkivizisiya ələyhində ələnmişlər, yenə də Yer Kürəsi hər halda fırlanır demişlər.



İdeya-köhnənin inkarıdır, amma tam oturuşmayan yenidir. Onun tam qərarlaşması üçün zamana ehtiyac var. Cəmiyyət tərəfindən tanınmasına, ictimai şüurun malı olmasına ciddi ehtiyac var.


Deyə bilərsiniz ki, bunun marketinqə və ya reklama nə dəxli var?


Cavab verirəm. Birbaşa təsiri var və ciddi adiyyəti var. İnsana təsirin, bəzən hətta manipulyasiya səviyyəsində, bir hərəkətə motivə etmək üçün, mal və ya xidmətdən istifadə etməyə sövq etməkdə kreativ resurslar qədər optimal vasitə yoxdur.


İnsan pul xərcləyəndə nə qədər rasional düşünsə də, marka seçimində istər-istəməz emosional hərəkət edir. Kreativ təsir vasitələrin və məcrasının səmimiliyi sayəsində duyğulara xitab etməklə satışa öz təsirini göstərəcəkdir və öz bəhrəsini də verəcəkdir. Buna zərrə qədər şübhə etməyin.



Kreativ insanlar öz fikir və düşüncələrində qətiyyətli olmalıdırlar. Öz ideyalarına varlıqları qədər dərindən inanmalıdırlar ki, özlərinin əmin olduqlarına başqalarını da inandıra bilsinlər.


Mən dəfələrlə şahidi olmuşam ki, bir fikri qəbul etdirə bilmək üçün nə qədər ciddilik və yüksək hazırlıq səviyyəsi tələb olunur. İnanın ki, öz ideyasını qəbul etdirmək, zor ilə deyil, duyğular səviyyəsində sübut etmək, çox çətindir.


Bu zaman hamı sənin əleyhinədir. Dostların və əzizlərin belə sənə kömək edə bilmir. Çünki sənin ideyan onların malı deyil, sənin ideyan SƏNİN İDEYANDIR. Döyüşən də sən olacaqsan.


Qələbə çaldıqda hamı səni alqışlayır. Uğursuzluğa düçar olanda yalqız qalırsan. Çünki bu ideya SƏNİN İDEYANDIR. Ruhdan düşməyən bir döyüşçü olman zamanıdır. Bəzi döyüşlər savaş başlanmazdan xeyli qabaq, beyində qazanılır. Döyüşün özü isə hərbi fəaliyyət teatrında özünə və ideyana inamının təcəssümüdür.


Kreativ insanlar güclü olduqları qədər də kövrəkdirlər. Cəmiyyət həmişə onlara qarşı amansız olur. Çünki, hər kəs kövrəyi tapdalaya bilir. Bu baxımdan kreativçilər zəif olduqları qədər də sərtlik nümayiş etdirə bilməli, öz ideyaları naminə hər cür fədakarlığa qətiyyətlə hazır olmalıdırlar. İdeyalar onların övladları, həyatlarının mənası, onların bu günü və gələcəyidir.



Kreativlik əqli əmək fəaliyyətidir. Əqli əməyi tərif düsturuna və təsnifata uyğunlaşdırmaq asan deyil. Odur ki, bu səhədə fəaliyyət göstərənlər həmişə maliyyəyə və sponsor dəstəyinə ehtiyac duyurlar.


İdeya satışı gözlə görünməyən və ya əl ilə toxunulması mümkün olmayan bir abstraksiya məhsulu təklifinin təzahürüdür. Yalnız istehsal prosesinə qədəm qoyduqdan sonra ideyanın nəyə qadir olduğu duyulmağa başlayır.


Keçən əsrin birinci yarısında Tesla iki okean arasında simsiz telefon bağlantısının mümkünlüyündən bəhs edəndə heç kəs onun təklifini ciddi qəbul etməmişdi. Amma bu gün siz ibtidai sinif şagirdini simsiz telefon rabitəsi ilə heyrətləndirə bilməzsiniz.


Mən bir çox görüşlərdə irəli sürdüyüm fikirlərin aktuallığına tam əmin olduğum halda, ona qarşı nümayiş etdirilən reaksiyanın acınacaqlı təəssüf hissini çox yaşamışam. Hələ bu mənzərələrlə təkrar-təkrar üzləşəcəyimin perspektivini də ürək ağrısı ilə etiraf etməli oluram.


İdeya heç də seçilmişlərin nəsibi deyildir. Bu gün insanları iynəni kimin icad etdiyi, ilk çörək buğdasının Orta Asiyanın hansı əyalətində yetişdirildiyi, baramadan ipək alan ilk ustanın kim olduğu o qədər də maraqlandırmır...


https://www.youtube.com/watch?v=GtJx_pZjvzc


Mənə inanmırsınızsa, insanlardan soruşun, milyonlarla qadının əl əməyini yüngülləşdirən soyuducunu, paltaryuyanı, tozsoranı, mətbəxin bərəkəti və yaraşığı olan unu, çörəyi kəşf edəni, misi, dəmiri və yanar qazı məişətə daxil edən ustanı, od üstündə yeməyi ilk bişirən qədim insanı kim tanıyır?


İnsanlar sevmək və sevilmək, dünyaya övlad gətirmək, lider olmaq, karyera qurmaq, pul qazanmaq və xərcləmək, gəzmək, əylənmək istəyirlər…


Bütün bu şərt və tələbləri təmin edəcək ideyalara və bu ideyaları həyata keçirəcək insanlara ehtiyac olub, ehtiyac var və həmişə ehtiyac olacaqdır.


Biz bunun qarşılığında konkret nəsə təklif etməsək, o insanlar öz bilik, ideya və təcrübəsini tətbiq etməyə başqa bir ölkə, mühit və investor tapacaqlar…


Teymur Məmmədov,


Kreativ Direktor,


Adver.az