İdərəetmədə bəzi insan tiplərinin fərdi xüsusiyyətlərinə yaxından bələd olmaqla şirkət və təşkilatın fəaliyyətini düzgün istiqamətləndirmək mümkündür. Bu yanaşma, ilk növbədə, idarə və müəssisə rəhbərlərinə, kiçik və orta sahibkarlara, şirkət daxilində əməkdaşlar arasında münasibətləri tənzimləyən koordinatorlara, habelə mal və xidmət satan menecerlərə, eləcə də personal, marketinq və PR üzrə mütəxəssislərə aid edilə bilər.



Bizim iş həyatımızın bir yarısı görüşlərə hazırlığın gedişindəki müzakirələrə, ikinci yarısı isə bu müzakirələrin nəticələrinin müştəri/sifarişçi ilə görüşlərin özündə müzakirələrə sərf olunur. Hər iki halda müxtəlif təbiətli və xarakterli insanlarla ünsiyyətdə olmağımız labüddür. İş prosesində ən çox problem yaradan insanlar konfliktli/münaqişəyə meylli subyektlərdir.


Ekspertlər uzun illərin araşdırmaların və müşahidələrinin yekunu olaraq, bu fərdləri qrupa bölmüşlər. Bu təsnifat nisbi olsa da belə, hər halda konfliktə meylli tiplərin arasında fərqi nəzərə almağı və bu zəmində davranışı nizamlamağı zərurətə çevirir.


Hər tipin fərdi xarakteristikasının nəzərə alınması onun bir layihə çərçivəsində daha effektiv olması üçün önəmlidir. Kreativ proses komanda işidir. Burada hər kəs konkret layihə üçün önəmli olduğundan bu fəaliyyətə cəlb olunan insanları bir istək ətrafında toplamaq və fərdi özəlliklərin üst-üstə düşəcək məqamlarını üzə çıxarıb işlək platformanı formalaşdırmaq tələb olunur.



Eqo bütün zamanlarda, bir qayda olaraq, MƏNİ BİZDƏN yuxarı daşımaq istəyir və bu baxımdan MƏNİ daha səmərəli çalışdırmaq, habelə sonda ortaya keyfiyyətli məhsul çıxarmaq üçün MƏNLƏRİN BİZ olmasının sadəcə arifmetrik toplam kimi deyil, fərqli özəlliklərin üzvi vəhdəti kimi dəyərləndirilməsi vacibdir.


Menecerlər özlərinə güvənərək, konfliktli tiplərin fərdi xarakteristikalarına soyuqqanlı yanaşa bilərlər. Amma kreativ proseslərdə konfliktlər ideya və mülahizə çərçivəsində yolveriləndir, lakin bunun şəxsiyyətlərarası müstəviyə keçilməsi mümkünsüzdür. Əks halda, hansısa bir effektiv sonluğa gələ biləcəyiniz boş xülyadır.


Ümumiyyətlə, xüsusilə reklam məhsullarının istehsalında kreativ prosesə ciddi tələb var. Çünki məhsulun hazırlığı müxtəlif proseslərdən keçir. Belə ki, ideyadan başlayan hər təklif kreativ müzakirələrdən sonra vizuallaşır, digər istehsal mərhələlərində müxtəlif daşıyıcı və məcralara çevrilərək ciddi kommunikasiya resursu kimi mal və məhsulun satışını və imicini formalaşdırır. Kreativ proses qırılmaz olduqda faydalıdır. Qırılmazlıq isə layihəyə cəlb olunan fərdlərin möhtəşəm polifoniyasına dəstək verəcək birləşdirici məqamların güvənilən birgə fəaliyyət əsaslanması ilə mümkündür.



Mənim təcrübəmdə elə bir reklam layihəsi olub ki, onun ərsəyə gəlməsində Bakıdan başlayaraq və Afrikanın cənubundan tutmuş Hollandiyaya və oradan da Azərbaycana qədər bir geniş coğrafiyada və neçə-neçə kreativ və istehsal strukturunun əhatə olunduğu 300 nəfərə yaxın insan çalışmışdır. Layihəyə cəlb olunan bu qədər insanın əlbir fəaliyyətində fərdi keyfiyyətlərin bir araya gətirilməsi ümumi uğuru təmin edəcək ciddi faktordur. Ümumiyyətlə, bu gün və gələcəkdə layihələrin uğurunda insan resurslarının düzgün əlaqələndirilməsi və kreativ ideya ətrafında rasional və emosinal zəmində səfərbər olunması uğurlara təkan verəcəkdir.



Ekspertlər münaqişəli şəxsiyyətlərin 5 və bəzən də 6 tipini fərqləndirirlər. Qeyd edək ki, ALTINCI tip olaraq sırf konflikt vasitəsi ilə öz istəklərinə nail olunan, özünün mövqeyini bütün hallarda üstün tutan, əksər hallarda məhz münaqişə yolu ilə öz istəklərinə nail olan fərdlər nəzərdə tutulur.


Münaqişəli fərdlər arasında BİRİNCİ tipə nümayişkar konfliktçilər aid edilir:


- onlar hər an diqqət mərkəzində olmaq istəyirlər


- digər insanlarda yalnız xoş təəssüratlar yaratmağa can atırlar


- insanlara verdiyi dəyər ona verilən dəyərlə düz mütənasibdir


- adi münaqişlərin mahir ustasıdır


- özünü əzabkeş, hər şeyə hamıdan çox can yandıran kimi göstərməkdən zövq alır


- onun davranışında emosiyalar həmişə ağılı üstələyir


- fəaliyyətdə planlaşdırmanı sevmir


- sistemli fəaliyyətin əleyhinə olur


- işlə ciddi məşğul olan deyil


- başdansovdu çalışmaq onun həyat fəlsəfəsidir


- münaqişə yaranan anda özünü öz boşqabındakı kimi hiss edir


- komanda oyunçusu deyildir.



Bu qəbildən olan insanlarla davranış taktikası kimi onların təxribatçılığına uymamaq, belə fərdlərlə münasibətlərin sərhədlərini qabaqcadan müəyyən etmək, belələri ilə qeyri-formal münasibətlər yaratmamaq, həddi gözləmək, habelə arada pərdə saxlamaq məsləhətdir. Münaqişə zamanı onlarla emosional dialoqa girməməliyik, özünün növbəti münaqişə təxribatı kartlarını tam açana kimi onların sözünü kəsmədən dinləməliyik və yalnız bundan sonra münaqişəni adekvat məntiqlə nizamlamalıyıq. Onunla münasibətdə öz silahı ilə savaşda mövqe uduzulmuş olardı. O yerdə ki, ciddi müzakirələr kreativ axında getməlidir və reklam kampaniyası üçün konkret ideya ortaya çıxarılmalıdır, bu tipli insanların iştirakı minimuma endirilməlidir.



Münaqişləi işçilərin İKİNCİ tipi rigid konfliktçilərdir. Hamıya şübhə ilə yanaşırlar, tez inciyirlər, dəymədüşər olurlar, emosionaldırlar. Özlərindən çox məmnun olurlar. Mütəmadi olaraq özlərinin seçilən və daim diqqət mərkəzində olmalı olduqlarını umurlar. Çevik deyillər, sözlərini birbaşa deyirlər. Özlərinə tez düşmən qazanmaqda mahirdirlər. Başqalarının nöqteyi nəzəri onlardan ötrü vacib deyil. Heç kəsi sona qədər dinləmək istəmirlər. Tovuzquşu kimi tərifə ehtiyac duyurlar. Onlar tənqidə qarşı çox həssasdırlar. Belə insanlarla münasibət qurmaq çətin deyil. Belə ki, onların özləri haqda yüksək fikirlərini sarsıtmadan, maksimum məntiq çərçivəsində yanaşmaqla və xətirlərinə dəymədən, məsələnin mahiyyətini anlamağa münasibətdə müdriklik nümayiş etdirərək, səbirlilik və öz motivinizi səmimiyyətlə əsaslandıraraq riqit münaqişəçilərlə problemi rahat həll edib, əməkdaşlığı davam etdirə bilərsiniz.


Reklam işi tamamilə kreativ prosesə bağlıdır. İdeyadan tutmuş istehsala kimi, media satınalmasından tutmuş birbaşa sosial mediada kontent yaradılmasına qədər, bütün mərhələlərdə kreativ önəmli yer tutur. Belə olan halda münaqişəyə meylli və qrupdaxili normalara adekvat münasibət bəsləməyən işçidən nə gözləmək olar?


ÜÇÜNCÜ konfliktçilər tipini idarəolunmayanlar kimi təsnif edirlər. Onlar çox impulsiv olurlar, hərəkətlərini tam nəzarətdə saxlamırlar, kollektivdə iş ovqatına ziyan vururlar, özlərini intizamsız və aqressiv aparırlar, ünsiyyət etikasını pozur və həmsöhbətlərinə psixoloji həmlələr edirlər, özünütənqiddən uzaqdırlar, şəxsi davranışlarını qarşıda duran vəzifələrin həlli və kollektivin ümumi marağı ilə uzlaşdırmağa uyğun qurmurlar, təcrübədən nəticə çıxarmağa meylli deyillər. Belələrinə münasibətdə etik və iş normaları çərçivəsində kollektivin mənafeyini rəhbər tutaraq, davranışda belə insanları nəyin incidə biləcəyindən ehtiyatlanmaq lazımdır, onların ümumi qəbul olunan sosial qrup və kollektivin normalarına əməl edəcəyini gözləmək mənasızdır, onlar hətta şirkət rəhbərliyinə münasibətdə belə davranış normalarından kənara çıxa bilərlər. Onları cərimələrlə və ya işdən çıxarmaqla hədələmək də mənasızdır. Əgər şərait tələb edirsə, onlara fərdi yanaşmaq yeganə adekvat addım ola bilər.



Reklam şirkətində kreativ prosesin effektivliyi üçün zəruri şərait yaradılmalıdır. Burada mehribanlıq, bir-birinin fikirlərinə dostcanlı münasibət ön plana çəkiməlidir. Çünki yaradıcılıq prosesləri göründüyü qədər də asan fəaliyyət forması deyildir.


DÖRDÜNCÜ qrupa daxil olan konfliktçi tiplər yüksək dəqiqlik pərəstişkarlarıdır. Onlar işə çox dəqiq və təfərrüatlı yanaşırlar, özünə və ətrafına qarşı ifrat tələbkardırlar, həyəcanlıdırlar, mız-mızıdırlar, ən xırda detallara qarşı həssasdırlar, ətrafdakıların onların barəsində söylədiklərinə ciddi önəm verirlər, əsəbidirlər, qrup daxilində qarşılıqlı münasibəti hiss edə bilmirlər. Bu tipli insanlarla da işləmək və sosial qonşuluq etmək, bir mühitdə davranmaq asan deyildir. Heç nədən onun xətrinə dəymək olar, istəmədən belə onu incitmək olar, onunla ünsiyyəti maksimal taktiki tərzdə qurmaq məsləhətdir. Hiss etsəniz ki, o, çox həyəcanlanır, qarşıya qoyulan vəzifəni və mövcud durumu səbirlə və xoş ünsiyyət tərzində ona söyləmək lazım gələcəkdir, həyacan keçdikdən sonra onun adekvatlığı öz axarına dönəcəkdir.


Düşünmək olar ki, bu tip insanlar daha effektiv ola bilərlər. Amma reklam şirkətində kreatif proses fikir sərbəstliyini sevir, mövcud standartların çərçivəsi ona darlıq edir. Çünki nəsə yeni bir fikir, yeni ideya tapılmalıdır ki, planlaşdırılan reklam kampaniyası öz hədəflərinə çatmış olsun.


BEŞİNCİ konfliktçi tipi isə konfliktsiz tipdir. Fikirləri dəyişkəndir, mövqeyində ardıcıllıq olmur, tez bir zamanda başqalarının təsirinə məruz qalır, daxilən çox ziddiyyətlidir, fərd olaraq zəif iradəlidir, perspektivləri görmür, indiki zamanla yaşayır, ətrafdakıların fikrindən çox asılıdır, hər an güzəştə getməyə hazırdır, prinsiplərinə sadiq deyildir, özünün və ətrafındakıların əməllərinin nəticəsi üçün məsuliyyət hiss etmir, hərdəmxəyaldır, ciddi işlər görməyə həvəsli deyildir. Bu tipli insanlara güvənmək olmaz, onlara məsul vəzifələr həvalə etmək yolverilməzdir, onunla münasibətləri mütləq rəsmiyyət çərçivəsində və sənədləşdirmələr əsasında qurmaq tələb olunur. Münaqişə baş verdikdə, onu tək dinləməyin və bütün konflikt iştirakçılarının fikrini öyrənərək qərar verin.


Kreativ fəaliyyətin əsas ehtiyacı müzakirədə səmimi və prosesdə hər bir iştirakçının yaxından iştirakdır. Bu zaman hər kəs orijinal olan fikirlər söyləməyə çalışır. Belə olan halda hər iştirakçıdan öz düşüncəsini, fərqli yanaşma tərzini nümayiş etdirmək tələb olunur və buna nail olmaq mümkündür.


O yerdə ki, kollektiv müzakirələrə, beyin fırtınalarına, ideyaları axtarışında hər bir iştirakçının fikirlərini dinləməyə ehtiyac var, o zaman ki, komandanın uğuru hər bir təmsilçinin fəal iştirakından və səmimi dəstəyindən asılıdır, belə yerlərdə, belə zamanlarda münaqişə təşəbbüskarları-onların hansı konfliktçi tipinə aid olmasına baxmayaraq-ümumi işə yalnız ziyan gətirirlər və belə hallarda onların kreativ prosesə cəlb olunmaması məsləhətdir.


Onu da unutmaq olmaz ki, öz təbiəti etibarən, reklam işi, digər sahələrdə də olduğu kimi, kreativə dayanıqlıdır, məhz ideya axtarışı və onun vizuallaşdırlması sifarişin gələcək uğurunun və müştərini etimadının təminatçısı ola bilər. Əks halda, müştərinin etibarını qazanmaq mümkünsüzdür.


Teymur Məmmədov,


Kreativ direktor


Adver.az