Əgər bu gün Azərbaycanda fəaliyyət göstərən şirkətlərin maliyyələşmə mənbələri araşdırılarsa onların hamısının bank kreditləri olduğu ortaya çıxacaq. Bu gün şirkətlərin borc yükü az deyil. Bəzi hallarda, hətta borc yükü ümumi aktivlərin 65 faizi səviyyəsinə qədər qalxır. Böyük məbləğli kreditlər hesabına yaradılan iri şirkətlərin bəzilərinin hazırki potensialı isə həmin kreditləri qaytarmağa imkan vermir.


Nəticədə kredit yükünün artması və eyni zamanda onu qaytara bilməməsi şirkətlərin boynundan problemli kredit kimi asılır. Real sektorun risklərə davamlı olmaması səbəbdən 2016-cı ildə bank sektorundakı mövcud böhran daha çox hiss olundu.


Nəticədə 2015-ci ilin sonundan başlayaraq hökumətin kəskin monetar siyasət yürütməsi, manatın yüksək volatilliyi, həm də investorları sükuta qərq etmişdi. Lakin 2017-ci ilin əvvəlindən başlayaraq milli valyutanın kursundakı sabitlik yenidən iqtisadi canlanmaya səbəb oldu. Xarici investisiya cəlb olunması və şirkətlərin sağlamlaşdırılması, eyni zamanda maliyyəyə çıxış imkanlarının artırılması məsələsi yenidən gündəmə gəldiyindən hazırda digər maliyyə alətləri-səhm, istiqraz bazarının inkişafına maraq böyükdür.


Bazarda səhm yerləşdirmək isə yeni investisiya əldə etmək üçün şirkətlərin ən optimal çıxış yollarından biridir. Bu səhmlərin ilkin kütləvi təklifi deməkdir. Yəni, şirkətin öz səhmlərini kütləvi şəkildə bazara çıxartması baş verir. Bir neçə məqsədlə səhm buraxıla bilər. Bunların arasında-yeni investor axtarmaq, real bazar dəyərləndirməsi aparmaq, şirkətin müsbət imicini formalaşdırmaq, yeni biznes ideyaya kapital cəlb etmək kimi prioritetlər də qoyula bilər. Riskləri bölüşmək və inkişaf üçün yeni imkanlar aça biləcək ən yaxşı yol məhz səhm və istiqraz bazarıdır. Lakin Azərbaycan şirkətlərinin hazırki vəziyyətləri onların listinq və İPO etmələrinə imkan vermir.


Xatırlayırsınızsa, bir müddət əvvəl “Azərsun” şirkəti İPO etmək barədə təkliflə çıxış etdi, lakin Maliyyə Bazarlarına Nəzarət Palatası bu təklifə müsbət cavab vermədi. Palatanın mövqeyi belə oldu ki, “Azərsun” İPO etmək üçün hazır deyil.


Beləliklə, bəs bizim şirkətlər niyə İPO etmirlər sualı yaranır. Azərbaycanda şirkətlərin İPO etməmə səbəbi isə çox sadədir. Şirkətlərin əksəriyyəti ayrı-ayrı şəxslərin ailə biznesi halındadır. Buna görə də heç kim öz payını bölmək istəmir. Görünür, bu fikrin formalaşmasında “şərikli çörək baş yarar” kimi atalarımızın səhv fikirləri də az rol oynamayıb.


Azərbaycanlı sahibkar 100 minlik şirkətin tam sahibi olmağı, 500 milyonluq şirkətin 70 faiz sahibi olmaqdan üstün tutur. Məntiqsizdir, amma belədir. İkinci və əsas “niyələr”dən biri şirkətlərdə maliyyə şəffaflığı ilə bağlı problemlərdir. Maliyyə hesabatlarını beynəlxalq standartlara uyğun qurmayan şirkət İPO-dan danışa bilməz. Ümumilikdə yerli şirkətlərimizin mövcud problemləri isə ölkənin iqitisadi inkişafa zərbə vurur.


Bir sözlə,İPO Azərbaycan şirkətlərinin real bazar imkanlarının formalaşmasına kömək edəcək. İPO edən şirkət bundan daha çox qazanacaq. Odur ki, qazanmaq uğrunda yeni dövrün başlandığını demək olar. Belə demək mümkündürsə, yeni vergi qanunvericiliyinin sərt tələbləri və beynəlxalq uçot sisteminə keçidin sürətlənməsini şərtləndirən dövlət siyasəti yerli şirkətlərin maliyyə şəffaflığının artmasına müsbət təsir edəcək.