Azərbaycanda mövcud olan şirkətlərin başlıca problemlərindən biri ictimaiyyətlə əlaqələrin zəif olması, yeni müştəri qazanamaqda çətinlik çəkmələridir. Ən ciddi zəiflik isə şirkətlərlə tələbələr arasında olan əlaqələrdədir. Hansı ki, inkişaf etmiş ölkələrdəki şirkətlərlə Azərbaycanda mövcud olan şirkətələri müqayisə edən də görürük ki, Azərbaycanda fəaliyyət göstərən şirkətlərlə tələbələr arasında əlaqələr çox zəifdir. Tələbələr universitetdə təhsil adlıqları zaman şirkətələrə inteqrasiya ola bilmir. Halbuki inkişaf etmiş ölkələrdə üçüncü kurs tələbəsi artıq bir neçə yerdə təcrübə keçmiş, dördüncü kursun sonlarına çatanda isə məzun olduqdan sonra harada işləyəcəyinə qərar vermiş vəziyyətdə olur. Bunun Azərbaycana baxan tərəfində isə görürük ki, tələbələrlə özəl sektor arasında əlaqəsizlik var. Tələbələr dördüncü kursu bitirənə qədər harada çalışacaqlarından xəbərsizdir. Bir çoxları isə özəl sektora güvənə bilmir. Ona görə məzun olduqdan sonra ya hərbi xidmətə gedirlər, ya da vasitəli şəkildə hansısa dövlət qurumunda işə daxil olmağa çalışırlar.
Təcrübə proqramları
Burda belə sual yaranır, necə ola bilər ki, inkişaf etmiş ölkələrdəki tələbələr belə asan və rahat işyeri tapırlar? Əvvəla qeyd etməkdə fayda var ki, bu prosesin Azərbaycanda gücsüz olmasının səbəbkarları həm tələbələr, həm də şirkətlərdir. Ancaq burada ən böyük günahkar, tələbələrə investisiya etməyən şirkətlərdir. Hansı ki, həmin şirkətlərin milyonlarla dollar sərmayəsi var, ama onun çox cüzi miqdarı ilə belə tələbələrə investisiya etmir. Çox az şirkət var ki, tələbələrə yay tətilində təcrübə proqramı təklif edir. Hansı ki, tələbə yeni işi olduğu üçün daha həvəskar, hətta daha az maaşla işləməyə razı bir qüvvədir. Və tələbələrin seçim üsulu ilə dəvət edilməsi, şirkətə olduqca savadlı kadrlar cəlb edir. Bizim şirkətlər bunu nə üçün etmir? Bu hələdə aydın olmayan sualdır. Azərbaycandan kənarda, inkişaf etmiş ölkələrdə mövcud olan şirkətlərdə bu işi etməyən şirkət tapmaq çox çətindir. Demək olar ki, bütün şirkətlərin təcrübə proqramı imkanı var. Çünki bilirlər ki, onlar bununla həm keyfiyyətli kadrlar cəlb etmiş olacaqlar, həm az maaşla daha çox qazanc əldə etmiş olacaq, həmdə öz şirkətlərini geniş tələbə kütləsi arasında reklam edəcəklər.
Çox uzağa getmədən, elə hamımızın tanıdığı Türkiyədəki vəziyyəti təhlil edək. Hansı ki, dünyada inkişaf baxımından bir çox ölkədən geridədir. Ancaq bu ölkədə il ərzində on minlərlə tələbə təcrübə proqramı keçir. Məsələn, Türkiyənin ən böyük şirkətlərindən olan "Sabancı Holding"hər il 800 tələbə üçün təcrübə proqramı təklif edir. Ən böyük banklardan olan "Vakıf Bank" hər il ən azı 1000 tələbəyə iş imkanı yaradır. Bir başqa böyük özəl şirkət olan "Finans bank" hər il ən azı 500 tələbəyə iş imkanı yaradır. Digər şirkətlərdə bu rəqəmlər fərqlidir. Bir çox iş adamları da bu işdə xüsusi maraqlıdır. Məsələn, Forbes jurnalında Türkiyəninən varlı adamı olaraq göstərilən Hüsnü Özyeğin, öz adını verdiyi Özyeğin Universitetindən hər il 400 nəfər tələbəni öz şirkətlərində işə qəbul edir. Ama bizdə isə bu sahəyə diqqət nədənsə, çox aşağıdır.
Tələbə təqaüdləri
Bir digər məsələ isə, şirkətlər tələbələrə özlərini düzgün şəkildə təqdim edə bilmir. Tələbələrə potensial müştəri gözü ilə yox, potensial kadr gözü ilə baxmaq lazımdır. Azərbaycanda çox az şirkət var ki, tələbələr üçün müxtəlif yarışlar, təqaüd proqramları keçirir.Gəlin yenə bizə yaxın ölkə Türkiyəyə baxaq. Sabancı Holding, Eti, Ülker, Koç Holding, Enka, Borusan Holding və daha onlarla şirkət heç bir qarşılıq tələb etmədən tələbələrə təqaüdlər verir. Təqaüd alan tələbələr isə daha sonra yüksək maaşlı işlə təmin edilir. Bu çox ciddi bir prosedurdur. Əgər bu hadisə Azərbaycanda da ənənəyə çevrilsə, özəl sektorda daha ciddi canlanma, gəncləşmə yaranacaq.
Azərbaycanda Azercell, SOCAR, Unibank, Paşa Bank və bir neçə digər şirkət artıq bu prosesi reallaşdırmağı bacarıb. Tələbələr üçün az miqdarda da olsa, təqaüdlər təklif edirlər. Tələbələrdə bu təqüdlər üçün imtahan olunur. Şəffaf üsulla keçirilən seçimlərdən sonra, tələbələrə aylıq 100-150 manat məbləğində təqüd verilir. Bu tipli aksiyalar isə tələbələri sevindirir. Şirkət büdcəsindən aylıq 1000-1500 manata ayırmaqla, hansı ki, bu məbləğ çox cüzi bir miqdardır, şirkətlər tələbələr arasında maraq və prestij qazana bilərlər.
Layihələrin dəstəklənməsi
Tələbələrin hazırladığı layihələrə dəstək verən şirkətlər isə, “yoxdur” deyə biləcək qədər azdır. Dəfələrlə tələbələr tərəfindən kreativ, faydalı layihələr təqdim olunsa da, şirkətlər tərəfindən dəstək ala bilməyib. Halbuki həmin layihələrə verilən dəstək daha sonra çox ciddi reklama çevirilir. Şirkətlərdən dəstək alan tələbələr bunu həm layihə çərçivəsində, həmdə öz çevrəsində təbliğ edir. Ama çox təəssüf ki, Azərbaycan tələbəsi bu barədə şirkətlərdən dəstək görmür.
Şirkətlərin marketinq strategiyası
Bunların olmamasının əsas səbəbi ondan ibarətdir ki, şirkətlərin marketinq strategiyasında tələbələr üçün ayrı bir qanad ayrılmır. Marketoloqların diqqətdən qaçırdığı əsas məsələlərdən biri budur. Dünya təcrübəsi onu göstərir ki, böyük şirkətlər hər zaman tələbələr, gənclər üçün xüsusi strategiya izləyib. Bunun nəticəsində isə qısa müddətdə istənilən qədər reklam, əlavə müştəri, prestij, etimad qazanıb.
Cüzi miqdarla belə, böyük investisiyaların edə bilmədiklərini etmək mümkündür. Hər bir şirkətdə gənclər sektoru üçün ayrı strategiya yaradılmalıdır. Mən yüksək büdcəli şirkətləri tələblərimizə təcrübə proqramları, təqaüd imkanları təklif etməyə, onlara etimad edib ideyalarını dəstəkləməyə, innovasiya mərkəzləri yaratmağa dəvət edirəm. Düşünürəm ki, xarici ölkələrdə olan şirkətlərin tələbələr üçün yaratdıqları imkanlar Azərbaycan tələbəsi üçün də yaradılmalıdır. Bu eyni zamanda, şirkətlərin cəmiyyətin qarşısındaki sosial məsuliyyətidir. Bu həm şirkət üçün qazanclı olacaqdır, həm də yetişən tələbələr üçün.