Hər birimizə yaxından tanış olan “Matrix” filmindəki bir səhnəni xatırlamağınızı istəyəcəm. Kahin Neoya mətbəxin qapısında asılı olan yazını göstərir: “Temet nosce" (Nosce te ipsum), yəni “özünü tanı”.
Üzərində düşünməyin vacib olduğu bir ifadədədir bu. İstər bir firma olsun istər bir şəxs, ancaq özünü tanıdığı halda cıxacağı yolda daha uğurlu ola bilər. Sun Tzu “Savaş Sənəti” əsərində belə qeyd edir: "Əgər sən düşmənivi və özüvü bilirsənsə yüzlərlə döyüşün necə nəticələnəciyi haqda qorxuya düşməyə ehtiyac yoxdur“.
Biznesdə SWOT analizi də bu məqsədlə tətbiq olunur. “Bilməyin gərəkən ilk şey sen elə özünsən. Özünü taniyan insan özündən kənəra addim ata və bir müşahidəçi kimi öz reaksiyalarına baxa bilər" - deyir Adam Smith. Benjamin Franklin isə bu məsələnin çətinliyi ilə əlaqədar bele qeyd edir: "Üç şey var ki onlar çox bərkdirlər (qırılmazdır): dəmir, almaz və birinin özünü tanımağı". Bu məqalədə bu dəfə biznes yox, sırf özümüzü daha yaxşı tanımaq məqsədi ilə müşahidə elədiyim bəzi fikirləri sizinlə bölüşəcəm. Mövzuya hər birimizin bildiyi bir misalı çəkərək başlamaq istəyirəm. Bu misal fikirlərimi daha aydın bir şəkildə sizə çatdırmağa kömək edəcək. Belə ki, hər birimiz canlıların - İstiqanlı və Soyuqqanlı canlılar olaraq iki yerə bölündüyünü bilirik.
İSTİQANLI CANLILAR: İstiqanlı canlılar bədən tempraturlarını müntəzəm olaraq eyni səviyyədə tutan, bədən tempraturalarını ətraf mühitə görə dəyişdirməyən canlılardır. Bədən tempraturunu sabit saxlmaq üçün bu canlılarda bəzi mexanizmlər var. Məsələn: Soyuq havada titrəyərək, əzələ hərəkətləri nəticəsində istilik yaratmaq mexanizmi və isti havada tərləmə yolu ilə bədəndəki istiliyin azaldılması mexanizmi. İstiqanlıların ətraf mühitdəki dəyişikliklərə rekasiya verməsi beyində olan bir bölmə tərəfindən tənzimlənir.
SOYUQQANLI CANLILAR: Bu cür canlılarda bədən tempraturu ətraf mühitdəki tempratur dəyişikliklərinə passiv şəkildə rekasiya verir. Bədən tempraturu ətraf mühitdən asılı vəziyyətdə olur. Bu cür canlılar özləri üçün uyğun olmayan şəraitlərə qış yuxusuna gedərək və ya daha uyğun (isti) yərlərə köçərək müqavimət göstərirlər. Qısacası İstiqanlı canlılar istiliyi daxildə yaradır, Soyuqqanlılar isə ətraf mühitdəki temepraturdan asılıdır. Yuxarıda qeyd olunanları bənzətmə metodu qəbul edərək insanların da iki qrupa ayrıldığını qeyd etmək olar.
1. Enerjilərini daxildən yaradanlar: Bu cür insalar daxildən motivasiya olurlar. Özləri özlərini motivasiya edirlər. Ətrafdakı dəyişikliklərə daha az reaksiya verirlər. Çünki ətrafdakı dəyişikliklərdən asılılıqlarını azaldırlar. Onlar hətta ətrafdakılarla əlaqədə olduqda yorulurlar, enerjiləri azalır. Tək olduqlarında daha məhsuldar olan bu insanlar özlərinə yaratdıqları dünya vasitəsilə ətraf mühitdən uzaqlaşırlar. Onlar ətraflarına daha az təsir edirlər. Ətrafdakıların bu cür insalar haqqında fikirləri sərbəst formalaşır, bu cür insanlar ətraflarına özləri haqqında fikir formalaşdırmaq üçün təsir etmirlər. Biznes sahəsində bu cür insanları xarakterizə edən bir sahə kimi Mühasibatlığı göstərmək olar. Burada demək istədiyim bütün mühasiblərin bu qrupa aid olmasını iddia etmək deyil, sadəcə mühasibatlıq sahəsinin tələb etdiyi xüsusiyyətlərin bu cür insanlara daha yaxın olmasıdır. Digər sahələrdən isə bəzi rəssamları, yazıçıları və ya alimləri misal göstərmək olar (John Nash, Servantes, Lermantov).
2.Enerjilərini xarcidən alan insanlar: Bu cür insanlar xarici təsirlərlə motivasiya olurlar. Ətraflarında baş vərən hadisələrin bu insanlar üzərində təsirləri böyük olur. İnsanlarla daha çox əlaqədə olmağı sevir və enerjilərinin böyük hissəsini həmin insanlardan alırlar. Ətraflarında özlərinə uyğun olmayan dəyişikliklər baş verdikdə məkanlarını dəyişir və ya ətrafdakı insanlardan uzaqlaşaraq özlərinə daha uyğun bir mühit axtarışında olurlar. Bu cür insanlar daha emosional olurlar. Ətrafdan aldıqları enerjini digərlərinə yayırlar. Müsbət və ya mənfi ətraflarına yüksək səviyyədə enerji ötürürlər və enerjinin müsbət və ya mənfi olmasından asılı olaraq ətraflardakıların sevgisini və ya nifrətini qazanırlar. Enerjisini daxildən alan insanlardan fərqli olaraq enerjisini xaricdən alan insanlar cəmiyyətdə daha aktiv mövqe tuturlar. Onlar ətrafdakı insanlara təsir edərək özləri haqqında fikirləri formalaşdıra bilirlər. Liderlik etmək potensialları yüksək olan bu insanlar siyasət sahəsində daha fəal olurlar.
Onlar kütlələri arxalarınca apara biləcək xüsusiyyətlərə malikdirlər. (Hitler, Napoleon, Atatürk, Avraam Linkoln və s.). Biznes sahəsində bu cür insanları xarakterizə edən bir sahə kimi Marketinqi misal göstərmək olar. Bu qurup insanlar ətraf mühiti daha yaxşı başa düşdükləri üçün onlara reaksiya vermək qabiliyyətləri daha böyükdür. Şirkət rəhbərləri, direktorlar, müxtəlif sahələrdə təlimlər keçən insanlar çox vaxt bu cür insanların arasından çıxır.
Qeyd: Bir insan tamamilə bu iki qrupdan birinə məxsusdur deyərək məsələyə təktərəfli düzgün olmazdı. Hər bir şəxs hər iki qrupun xüsusiyyətlərinə malik ola bilər (həm enerjini daxildə yarada bilər, həm də xaricdən ala bilər). Sadəcə bu insanın enerjsinin böyük hissəsini daxildən və ya xaricdən almasından asılı olaraq onu bu qruplardan birinə aid edə bilərik. (70% daxildən enerji yaradan 30% xaricdən alan insan birinci qrup insanlara aid etmək olar).
Bütün bunları bildik amma istifadə etmədikcə heç bir əhəmiyyəti yoxdur. Bilmək, ən əsası özünü bilmək tanımaq çox əhəmiyyətlidir. Özümüzü nə qədər yaxşı tanısaq, enerjimizin mənbəyini müəyyən edə bilsək, o enerjini daha səmərəli istifadə edə və paylaşa bilərik, həmçinin həyatda özümüzə daha daha uyğun bir mövqe və bizə yaxın insanları seçə bilərik. Enerjinizin necə yarandığını bildiyinizdə onu yenidən yaratmağınız bir o qədər asan olacaq. Unutmayın sizin enerjinizə ehtiyaci olan insanlar və proseslər var.