PR mütəxəssisdən qonşu ölkəyə çıxan Azərbaycan şirkətlərinə tövsiyyələr. Son illərin biznes axınlarından biri Gürcüstanda fəaliyyət göstərməkdir. Azərbaycanın iri şirkətləri qonşu ölkə bazarına girməyə və orada möhkəmlənməyə çalışırlar.
Çoxdan orada iş görən firmalarımız da var, yeni-yeni ayaq açanlar da. Hər birinin diqqət etməli bəzi nüanslar var. Aşağıda yazacağım məsələlər gürcülərin damarını tutmaqda işə yarayacaq.
Bir müddət Gürcüstanda fəaliyyət göstərmişəm və insanlarının xarakteri, psixologiyasından tutmuş, mediasını və biznes sferasını bir qədər araşdırmışam. Onu deyim ki, bu ölkə coğrafi baxımdan Azərbaycana nə qədər yaxın olsa da digər bütün məsələlərdə bir o qədər uzaqdır. “İkimiz də Qafqaz ölkəsiyik” məntiqi ilə işə başlayan şirkətlərin hamısının baltası daşa dəyib. PR işini düzgün təşkil etməklə həmin təhlükələri azaltmaq mümkündür. İctimaiyyətlə Əlaqələri qurarkən siyasi müstəvidə fərqliliklər, mentalitet, xalqın ümumi xarakteri, ehtiyacları və bu kimi məsələlər nəzərə alınmalıdır.
Azərbaycanlı kimliyindən imtina edilməlidir
Bəlkə də Azərbaycan şirkəti Gürcüstana yox, hər hansı başqa bir ölkəyə girsəydi belə olmazdı, bəlkə də Gürcüstana başqa ölkənin şirkət açmasından danışsaydıq fərqli olardı... Amma bu halda isə Azərbaycan firmaları mütləq Azərbaycana bağlılıqlarını gizlətməlidirlər. Çünki, gürcülər çox milliyyətçi xalqdır. Şovinistlik dərəcəsində. Başqa ölkələrin markalarına qısqanclıqla yanaşırlar. Xüsusən, Azərbaycanın bölgədə lider dövlət halında olması gürcülərin xoşuna gəlmir. Ona görə də bir gürcü istənilən məhsul alarkən yalnız son çarə kimi Azərbaycan məhsulu olduğunu bildiyi bir şeyə vəsait xərcləyir.
Bunun üçün, daha yaxşı olar ki, PR işi zamanı şirkətin yerli - gürcü şirkəti olması imicini yaradasınız. Bu mümkün deyilsə sadəcə xarici bir şirkət kimi yadda qalmağa çalışın. Hətta müharibə apardıqları Rusiya məhsullarına inam və etibar Azərbaycan məhsullarına olan etibardan daha çoxdur. Rusiya şirkəti imici ilə daha çox divident qazanmaq mümkündür, nəinki Azərbaycan. İndiyədək bir neçə Azərbaycan şirkətinin məhsulları məhz Azərbaycana aid olduğu üçün ultra milliyyətçi gürcülər tərəfindən iqnor edilib.
Siyasi amil nəzərə alınmalıdır
Şirkətlərimiz mütləq fərqli bir siyasi mühitdə olduqlarını nəzərə almalıdırlar. Orada filial açan və ya yeni şirkət quran Azərbaycan holdinqləri əsasən Gürcüstanın iqtidar təmsilçiləri ilə dostlaşmağa çalışırlar. Amma o ölkədə biznesin bütün sahələrində tam güc hakimiyyətmeyilli tərəfdə olmur. Müxalif meyilli şəxslər iqtisadiyyatın hansısa sferasında söz sahibidirlər. Buna görə iqtidara meyillənmiş azərbaycanlı biznesmen o digər imkanları itirə bilər. Həmçinin, Gürcüstanda ABŞ meyilli və Rusiya meyilli qüvvələr daim çəkişmədədirlər. Əsas qüvvəyə çevrilməkləri isə növbəli baş verir. Bizim biznesmənlər birinin tərəfində olub digərinin düşməninə çevrilməkdən qorunmalıdırlar.
Başqa tərəfdən isə xarici şirkət sahibinin hansısa siyasi qüvvə ilə yaxınlaşması ictimaiyyətə bəlli olanda çox vaxt yaxşı nəticələnmir. Bu cür firmalar sadə istehlakçının gözündən düşür və onun istehsal etdiyi məhsullara rəğbət azalır. Belə halların yaşanmaması üçün balanslaşdırılmış mövqe ilə çıxış etmək lazımdır. Çox gözəl olar ki, şirkət rəhbərliyindən heç kimsə siyasətçilərlə dostluğu ilə tanınmasın cəmiyyətdə. Və ya marka daha çox siyasi düşüncələri ilə tanınmış şəxslərə yaxın görsənməsin. Şirkətin PR mütəxəssisi təşkil edəcəkləri, hətta iştirak edəcəkləri tədbirə kimlərin qatılacağını dəqiq öyrənməlidir. Onun rəhbərliyin şəxsi dost seçiminə də qarışmağa icazəsi olmalıdır.
Digər xüsusiyyətlər
“Qafqazlı” deyə heç nədə ümumiləşdirmə aparmaq olmaz. Gürcülərlə azərbaycanlılar bir çox məsələlərə yanaşmada fərqlidirlər. Məsələn, mentalitet baxımından oxşar cəhətlərimiz də var, fərqlidi də. Bu cəhətləri araşdırıb dərindən öyrənməmiş istehlakçıya məhsul təklif etməyin.
Geyim
Adi bir şey: kiminsə əynində yeni geyim görən zaman nə bəylər (gürcücə “batano”lar), nə də xanımlar (“kalbatano”lar) bizdə olduğu kimi həmin geyim barədə fikr bildirmirlər. Onlarda “mübarəkdi”, “neçəyə almısan?”, “hardan almısan?” mənaları verən ifadələr işlədilmir. Uzaq başı, “bu gün çox gözəl görünürsən” deyə bilərlər. Məsəl üçün, gürcü xanımların ən elitarları, zövqlüləri nənələrindən qalma şalla da mötəbər bir tədbirə qatıla bilərlər.
Azərbaycan barədə “geridəqalmış” stereotipi var
Onların Azərbaycan barədə daşlaşmış fikrləri var. Hətta 7-8 dəfə Bakıda olmuş bir gürcü Azərbaycan barədə danışarkən gördüklərindən fərqli olaraq şəhərdə bütün qadınların çadralı gəzdiklərindən, onları işləməyə qoymayan mühafizəkar kişilərdən bəhs edir. Gürcülər özlərini hər sahədə bizdən daha modern hesab edirlər. Bu səbəbdən Azərbaycandan gələn müasirliyi rədd edərlər. Hətta, Avropanın ən iri ölkələrini çıxmaqla, digərlərinə inkişaf etmiş ölkə gözü ilə baxmırlar. Amma bina, şəhərsalma baxımından onlardan irəlidə olduğumuzu qəbul edirlər. Hansı gürcünü danışdırıb Bakı haqqında fikrlərini soruşsan “Qafqazın Los-Ancelsi” ifadəsini işlədər.
Din
Əhalinin böyük hissəsi qatı dindardır. Provaslavdırlar (ruslar kimi). Az qala, hər küçədə bir kilsə var. Və kilsə görən anda əllərini baş və çiyinlərinə apararaq xaç çıxarırlar. Hətta sükan arxasında olan sürücülər də az qala hər 100 metrdən bir əllərini sükandan çəkərək belə edirlər. Bir çox yerli şirkət öz məhsullarının satışından qazandıqları gəlirin bir hissəsini kilsəyə bağışlayır. Və bunu mütləq həmin məhsulun üzərində qeyd edirlər.
PR köməyiniz olsun
Sadalanan əngəlləri aşmaq üçn güclü idarəçinin əlində güclü silah var – PR. Başqa bir millətə məhsul satmaq üçün əvvəlcə onun beynini almaq lazımdır axı. Bu zaman yuxarıdakı qeyd olunan məsələləri öz lehinizə istifadə etmək üçün “Public Relations” kimi vasitəniz var. Hədəflər düzgün bəlirləndikdən sonra şirkət özünü cəmiyyətə düzgün tanıtmalıdır. Bir də, nəzərə almaq lazımdır ki, Gürcüstan marketinq, reklam və PR sahəsində Azərbaycandan haradasa 5-10 il öndədir.
Vüqar Baba vugarbaba@gmail.com