Hərdən biraz kənara çəkilib Azərbaycan biznes mühiti haqqında düşünəndə, ən azından özünün belə etdiyin hərəkətlərə fikir verəndə əksər hallarda xırda məsələlərin içində ilişib qaldığını görürsən. Təxminən, filan mağazaya getdim bəs satıcı mənə elə baxdı, restoranda yeməyin duzu çatışmırdı və s. Düzdür ümumi götürdükdə bunların hamısı bütöv olaraq biznes mühitini formalaşdırır, amma son zamanlar maksimum çalışıram öz şəxsi həyatımda belə bu məsələlərin içində itib, batmayım. Hətta məsələlərə maksimum satira ilə yanaşıb, içimdə olan mənfi enerjini da pozitivə çevirə bilirəm. Əslində isə Azərbaycan biznes mühitinə bir çox qlobal trendlər çox gec gəlib çatır. Hansı ki, bu trendlər haqqında bizim daha çox düşünməyimiz lazımdır.



Aktiv şəkildə yazılan bloqlar, kitablar, keçirilən tədbirlər, konfranslar Azərbaycan biznesində tətbiq edilməli qlobal trendləri azdan-çoxdan əhatələyir. Amma nədənsə ətraf mühitin mühafizəsi və yaşıl düşüncədən sanki uzaq qaçırıq. British Council-da gördüyüm daimi işimlə yanaşı ətraf mühitinin mühafizəsi koordinatorluğu da son bir neçə aydır ki üzərimdədir. Bununla bağlı mütəmadi yeniliklərlə maraqlanıram. Eyni zamanda bu fəaliyyətin vacibliyi haqqında daha çox düşünürəm. İstərdim ki, bununla bağlı bəzi fikirlərimi sizlərlə də paylaşım:



1. Bu sadəcə qənaət deyil – Yaşıl düşüncə istifadəni azalt, təkrar istifadə et və ya tullantıdan yararlan prinsipi ilə işləyir. Ümumi desək tükənən və istifadəsi ətraf mühitə ziyan vuran istənilən bir şeyin istifadəsində yuxarıdakı prinsipi işlətmək tövsiyyə olunur. Qlobal brendlər artıq bir neçə ildir ki, bu yanaşmanı biznes gündəliklərinə daxil ediblər. Məsələn, McDonald’s iddia edir ki, onun tualetlərdə quraşdırdığı susuz unitazların hər biri ilə 10 000 litr suyun axıdılmasının qarşısını alır. Ümumilikdə isə Birləşmiş Krallıqda üzrə 1000-dən artıq restoranlarında onlar ilə 200 milyon suya qənaət etmiş olurlar. Bəli, böyük və qlobal brendlər üçün bunlar əhəmiyyətli dərəcədə hiss olunan qənaətlərdir. Amma fəlsəfə sadəcə olaraq qənaət edib qabağa düşmək prinsipi ilə işləmir. Şirkətlərin cəmiyyətə mesajı sırf tükənən resurslara həssas münasibətləridir. Hətta kiçik bir şirkətdə bu cür qənaətin astarı üzündən baha gələ bilər. Ancaq şirkət böyüdükcə əlbəttə ki, bu özünü xərclərə qənaətdə də göstərəcək.



2. İşçinin həyatı sadəcə iş yeri ilə bağlı deyil – Şirkət bu siyasətini nə qədər səmimi aparsa, işçidə bu davranışa inam artacaq və bu onun həyat tərzinə çeviriləcək. Bu sahədə gözü açılan insan istər-istəməz işdən kənar həyatında da davranışlarını davam etdirəcək. Eynilə evdə, küçədə, istirahətdə maksimum diqqətli olacaq. Məsələn bir çox yerlərdə təkrar istehsal üçün istifadə edilə biləcək və ya bilinməyəcək əşya və zibillərin atılması tövsiyyə edilən ayrı-ayrı zibil qutuları var. Əvvəllər bu işə şəxsən elə əhəmiyyət verməzdim. Amma son zamanlar özüm bu qaydanı qorumağa çalışıram və həvəs üçün zibil qutularının içinə də baxıb insanların bu qaydalara əməl edib-etmədiklərini belə desək ‘yoxlayıram’. Əslində bu çox xırda bir nümunədir. Britaniya təşkilatında çalışdığım üçün demirəm. Amma yaşıl düşüncəni aktual edən bir çox qərb şirkətləri bu kimi qlobal trendlərdə öz əməkdaşlarının düşüncəsinə təsir edə bilirlər. Elə mənə də. Məsələn, oteldə əgər 2 gün qalıramsa, dəsmalları da 2 gün istifadə edirəm. Qısa məsafələrə maşınla yox, piyada getməyə üstünlük verirəm.



3. Hər bir brend öz müştəriləri üçün də bir nümunədir – Bu gün bir çox brendlər böyük həvəslə öz yaşıl siyasətlərindən danışırlar. Azərbaycanda tam effektiv görsənməsə də, yaşıl yanaşmanın qərbdə brendlər tərəfindən çox uğurla istifadə edildiyini göstərə bilərik. Yuxarıda da dediyimiz kimi məsələ sadəcə hansısa resurslara qənaət etmək deyil. Vacib olan mümkün qədər az istifadə etməkdir. Təəssüf ki, biz ölkəmizdəki gəncləri bir çox qlobal trendləri susqun yaşadığını görürük. Əlbəttə ətraf mühitin mühafizəsi yeni IPhone telefonu deyil ki, onunla bağlı çox danışılsın, çox müzakirə edilsin. Qlobal brendləri hazırda ən çox narahat edən öz müştərilərinin aldıqları, istifadə etdikləri məhsul və xidmətlərdə pul dəyərinin deyil, bir çox dəyərləri axtarmasıdır. Məsələn, avtomobil alarkən onun nə qədər az benzin sərf etməsi və ətraf mühitə nə qədər az ziyan vurmasından tutmuş, sevimli muğənnilərinin öz konsertində ətraf mühitin mühafizəsinə çağırış edib-etməməsinə qədər. Razıyam, bəzi vaxtlarda bu sadəcə trendi izləməkdir. Yəni gənclər trendləri aktiv izlədiklərini göstərirlər. Amma şirkət trendsevərləri bu məqsədlər üçün istifadə edirsə bunu şəxsən mən qəbahətli saymıram.



Əlbəttə, şirkətlər, fərdi şəxslər, brendlər bunu göstəri üçün edə bilərlər. Lap elə qənaət üçün də. Amma oturub fikirləşdikdə bu trendin hətta şirkətlər, hökumətlər tərəfindən inkişaf etdirilməməsi belə bizə tükənən resurslara biganə yanaşmağımıza icazə vermir. Biomüxtəliflik, təmiz hava, su, normal temperatur bunların hamısı insanın rahatlığı üçündür. Ona görə də ağlı olan istənilən insan təbiətin qorunub saxlanılmasında maraqlı olmalıdır.



Düşünürəm ki, yerli şirkətlərimiz öz strategiyalarına yaşıl düşüncəni mütləq salmalıdırlar. Məsələ, sadəcə zibili ayrı-ayrı qablara atmaqdan getmir. İstehsal prosesində, məhsulun istifadəsində, xidmət sahələrində innovativ düşüncəli insanlarla ətraf mühitə daha az ziyanımız dəyəcək.