Bu yazıda mövzumuz şirkətlərin inkişaf strategiyası və həyatlarının müxtəlif dönəmlərində alınıb-satılmasıdır. Daha doğrusu böyümək, daha dayanıqlı, sağlam böyümək üçün strateji addımlardan sayılan, kobud ifadə edəsi olsam, “böyüt sat” prinsipindən yazacam. Adətən şirkətlər bəlli vaxtdan sonra niyə hissələrini satır, satması məntiqlidirmi, tək sahibli olan şirkətlər, yoxsa hissəli idarə etmə effektivdir? Amma mövzuya keçməzdən öncə hazırkı an üçün dünya iqtisadiyyatında gedən proseslərə “quşbaxışı” baxaq. Bu mənzərəni bizə daha aydın görməyə kömək edəcək.


Giriş əvəzi


Dünyada hazırda çox maraqlı proseslər gedir. Siyasi proseslər nə qədər gərgindirsə, bu öz növbəsində mütləq şəkildə iqtisadiyyata da sirayət edir. Məsələn, hər xırda siyası dalğalanmada Türkiyədə lirə “oynayır”. Adamlar bilmir ki, 10 gün sonraya lirəni hansı kursla sabitləsinlər. Təzəlikcə ABŞ-İran siyasi gərginliyi də pik həddə çatıb və bu da gələcəyi iqtisadi baxımdan xoş göstərmir. Bundan əlavə ABŞ-ÇİN iqtisadi savaşı proseslərə az təsir etməyib. Çin iqtisadiyyatında geriləmə Avropa Birliyi ölkələrinə də mənfi təsir edir. Çinə qarşı ABŞ-ın tətbiq etdiyi əlavə vergilər bir çox istehsalatın bağlanmasına səbəb olub. İndi dünyanın gözləri Çindədir. Daha doğrusu Çinin daxili istehlakçılarında. Çin xalqı daha çox istehlak etməsə dünya bundan zərər görəcək. İşə baxın, Avropada oturub dua edirlər ki, bu il çin müştərisi daha çox mal alsın . 13 trilyon dollarlıq iqtisadiyyata malik Çində 2018-ci il 6.6% böyümə ilə başa çatıb ki, bu da son 28 ilin ən aşağı rəqəmidir.


Parallel olaraq Avropanın ən böyük iqtisadiyyatı sayılan Almaniya keçən ili az qala 0% artımla tamamlayacaqdı. Avropanın 2-ci böyük iqtisadiyyatı sayılan Fransa da 1,5% civarı artım göstərib. Italiya və Yunanıstan isə konkret baş ağrısıdır. Proseslərin belə davam edəcəyi halda 2019 sonu və 2020-nin əvvəlini dünya iqtisadiyyatı qlobal durğunluq halına keçə bilər. Türklər demiş “gözler yine Amerikada” Təbii ki, Avropadakı geriləməyə Brexit də ciddi təsir edib. Türkiyənin özündə isə Goldman Sachs -2.5% təxminlə proqnoz verib. Xüsusilə son olanlardan sonra Türkiyə iqtisadiyyatının gələcəyi barədə pozitiv gözlənti ehtimalı azalır.


Niyə “Böyüt Sat”?


Dünyada, eləcə də Azərbaycanda bir-çox şirkətlərin alınması, satılması ilə bağlı xəbərləri oxuyuruq. Məsələn, filan şirkət filan şirkəti 1 milyon dollara aldı və ya filan şirkət hansısa başqa şirkətin 30%-ni aldı. Ümumiyyətlə şirkətin satılması və ya hansısa bir hissəsinin satılması məntiqlidirmi? Yəqin ki, bu suallar haçansa Sizi də düşündürüb. Əvvəla ondan başlayaq ki, qlobal müstəvidə və ya xarici bir kapital şirkətinə şirkət satmaq istəyirsizsə, o zaman siz bütün prosesləri avtomatlaşdırmalı, vergidən tutmuş, idarəetmə prosedurlarına kimi hər şeyi şəffaf aparmalısınız. Maliyyə göstəriciləriniz şəffaf şəkildə hazırlanmalı, bəyan edilməlidir.


Azərbaycanda şirkətə onun sahibi tərəfindən çox mühafizəkar yanaşma sərgilənir. Bir çox hallarda şirkətin satışı bir tərəfə, onun loqosunun, adının dəyişdirilməsi belə “namus, qeyrət” məsələsi qədər həssas ola bilər. Tək təsisçili şirkətlərə daha çox üstünlük veririk. Şərikli işlərə, bir sözlə çox da isti baxmırıq. Düşünürəm ki, artıq indiki mərhələdən sonra, yəni şəffaflaşma artıqdan, yeni idarəetmə metodları tətbiq edildikən və bizneslə sırf biznes üçün məşğul olduqdan sonra bizdə də rəsmi şirkət alışı və satışı xəbərləri çoxalacaq.


Bəs şirkəti böyüdüb satmağın nə kimi faydaları var? Gəlin ondan danışaq.


“Biz şirkətlərin hissələrini sataraq əslində onları ölümsüzləşdiririk. Vacib olan işçilərin və proseslərin davamlılığıdır” deyir Türkiyənin Forbes 100 siyahısına düşən milyarderlərdən olan Akfen Holdinqin sahibi Hamdi Akın. Bəli, hər bir şirkətin inkişaf tsikli var, həyat dövrü var. O mərhələlərin hər birində şirkət fərqli reaksiyalar alır və verir. Praktika göstərir ki, sonadək tək təsisçili (100% paylı) şirkətlər eyni həvəslə davam edə bilmir. Çox halda isə tək təsisçinin ölümü ilə şirkət də ölmüş olur. Deyə bilərsiniz ki, bəs ailə şirkətləri? Ailə şirkətlərində belə hissəli bölgü olur, ailə üzvləri müəyyən faizlə paya sahib olurlar. Hamdi bəyin dediyi kimi şirkətin hissələrini satmaqla ona yeni nəfəs, yeni həyəcan bəxş etmiş oluruq. Bununla da şirkətlər “ölümsüzləşir”. Həqiqətən də bir şirkət idarə etməsində həyəcan ən vacib amillərdəndir. O itdisə, şirkət yavaş-yavaş mənfiyə doğru gedir deməkdir.


Bir nümunə çəkək. 1985-ci ildə George Amouyal tərəfindən LC Waikiki brendi yaradılır. Ad Havay adasının Waikiki çimərliyi və fransızca “les copains” (dostlar) sözünün baş hərflərindən yaranıb. Brendin bugünkü bazar dəyəri 2 milyard dollardan çoxdur, şirkətin qurucusunun şirkətdə payı isə bugün 6.71% – dir. 200 milyon dollar sərvətilə fransada təqəüddə kef edir. Bu arada dünyanın 50 ölkəsində LC mağazaları var. Şirkəti 3 türk ailəsi idarə edir (Küçük, Dizdar, Kısacık). Adam şirkəti böyüdüb, həqiqi dəyərə mindirib və satıb. Fikir verin, özünün hazırda 6.71% payı var. 2018-ci ildə Doğan Holdinq media orqanlarının hamısını Demirören Holdingə 916 milyon dollara satıb, ümumiyyətlə bu sektordan çıxmışdı. Yəni şirkət satmaq və ya bir hissəsini satmaq xəyanət falan deyil . Əksinə böyüməyin, daha çox pul qazanmağın yollarından biridir.


Təbii ki, satmaq üçün şirkətin bəlli dəyəri olmalıdır. Davamlılıq, sistemlilik, düzgün müştəri portfeli və gələcək perspektivi satışda ciddi rol oynayır. Pulla ölçülə bilən və ölçülə bilməyən dəyərlər var. Şirkət var ki, onun adının dəyəri 500 milyon dollardır. Heç nə etməyib adını satmaq istəsə 500 milyon verən müştərilər sıraya düzülər.


Şirkətin hissələri bir-neçə adamda olanda kontrol mexanizmləri yaxşı işləyir. Kontroldan başqa biznesin inkişafına yönəlik addımlar da fərqli olur, bu mövzuda pay sahibləri daha tələbkar olurlar. Müşahidə şurası yığışıb demokratik seçim edir, CEO təyin edir, ondan iş tələb edir, lazım gələndə investisiya edir və s. Yəni şirkətin çox qazanmasında və yekunda şirkətin dəyərinin artmasında hamı maraqlı olur. Pay alan şirkət və ya şəxs təbii olaraq istəyər ki, məsələn, bugün 1 milyona 30%-ni aldığı şirkətin 3 il sonra 30%-nin qiyməti 5 milyon olsun. O zaman da özü qərar verər ki, hissəsini satar, ya saxlayıb daha da çoxalması üçün çalışar. Hissəli şirkətlərdə səhvlər bağışlanmır, işi bacarmayanı həmən dəyişirlər, ölçü mexanizmləri yaxşı işləyir.


Hissəli şirkətlərdə əsaslandırılmış yeni layihələrə asanlıqla investisiya cəlb etmək olur. Cəlb edilən investisiya isə təbii ki, iqtisadi əsaslandırılıbsa, şirkətə əlavə gəlir yaradacaq və nəticədə də şirkətin dəyəri qalxacaq. Tək təsisçili şirkətlərdə həm lazım olan anda lazımı məbləğdə investisiyanı tapmaq asan deyil, həm də çox risklidir. Qazananda gəlirin hamısı sənin ola bildiyi kimi, itirəndə də birdəfəlik hər şeyini itirirsən. İnvestisiya edən şirkətlər isə bu cür riskləri həmişə dəyərləndirirlər. Birində uduzsalar da bütün riski bir istiqamətə yönləndirmədikləri üçün digər variantda şanslarını yoxlayırlar.


Tək təsisçinin şirkəti təsis edib bir müddət işlədikdən sonra franşiza verməsi, hissələrini ilkin investisiyasından onlarla qat bahaya satması haqqında çox nümunələr çəkmək olar. Dediyim kimi şirkət alımlarında uda da bilərsiniz, uduza da. Məsələn, Microsoft İCQ mesencerini o vaxt baha qiymətə aldı, amma illər sonra aldığı qiymətin yarısına belə sata bilmədi. Belə hallar da olur.


Bir də səhv bilinən bir fikir var ki, şirkətdən hissə almaq, şirkəti idarə etmək deməkdir. Xeyr, hissə almaq o demək deyil ki, onun hər işinə qarışa bilərsiniz, ora “öz adamlarınızı” yerləşdirə bilərsiniz və ya yerləşdirməlisiniz. Sizə nəticə maraqlı olur, nəticəni əldə etməkdən məsul şəxslərdən ancaq bunu tələb edə bilərsiniz.


Azərbaycanda tərkibinə çoxlu şirkətlər daxil olan holdinqlər var. Mənim şəxsi fikrim budur ki, şirkətləri tam almaqdansa hissələrini almaq daha effektivdir. Hər şey elə “pulunu ver al” prinsipi ilə getmir. Daha doğrusu gedər, amma inkişaf edə bilməz. Tək mərkəzdən multi-fokuslu işləri idarə etmək elə də asan deyil. Yeni yaranan və ya sürətlə inkişaf edən kiçik şirkətlərimiz də işlərini böyüdüb bir müddət sonra hissə satmağa hazır olmalıdır. Öz yağında bişən yemək dadlıdır, amma hamıya çatmaz. Odur ki, rahatlıqla böyüdün satın, qorxusu yoxdur.