Bu yazıda məqsədim fikrinizi hamımızın fəxrlə bizimkidir deyib döşümüzə döydüyümüz Lütfi Zadənin elmdə inqilab sayılan qeyri-səlis məntiq konseptinə çəkməkdir. Axı biz azərbaycanlılar bu barədə nə bilirik? Yuxarıdakı cümlədəki faktlardan savayı xüsusi heç nə!



Bu yazımda qeyri-səlis məntiqin biznes və gündəlik qərarlarımıza tətbiqi barədə məlumatları sizə çatdırmağa çalışacam. Başlayaq onun yaranmağından. Deməli, dünya min illərdir ki, Aristotel məntiqi ilə fırlanırdı. Yəni ki, Aristotel indi bu yazımı oxusa və rəy bildirmək qabiliyyətində olsaydı, o, bunu ya yaxşı ya da pis olaraq qiymətləndirərdi. Gördüyünüz kimi, onun qərarında mütləqlik var. Ya yaxşıdır ya pis, ya səhvdir ya da düz, ya biz qeyri-səlis məntiqi bilirik ya da bu barədə heç nə bilmirik. "Bizim" Lütfi isə inqilab elədi və Allahdan başqa heç bir məfhumun mütləq olmadığını dedi. Əgər bu yazını Lütfi Zadə özü oxusa və rəy vermək istəsəydi, o mütləq dəyərləndirmə etməzdi. Deyərdi ki, sənin yazın onluq keyfiyyət şkalasında "yaxşı 7-dir". Aristotel isə sadəcə yaxşı olduğunu deyərdi.



Hər şey isə keyfiyyət bildirən dəyişənlərin (rəng, dad, demokratiya və s.) rəqəmsallaşdırılması ilə başladı. İndi bu kəşf sayəsində Yaponiyanın nəhəng şirkətləri öz gəlirlərini artırırlar. Hətta, Amerikada Federal Təhqiqatlar Bürosu öz qərarlarının optimallaşdırılmasında qeyri-səlis məntiqdən geniş istifadə edir. Utanmasam deyərəm ki, bundan təkcə bizimkilər faydalanmır. Bəs biz necə, öz qərarlarımızda qeyri-səlis məntiqi tətbiq edə bilərik?



Bəli! Mən sizə biri bizneslə biri isə adi həyat vəziyyəti ilə bağlı olan iki misal göstərəcəm. Sizə sual verirəm. Azərbaycanın futbol üzrə milli komandasında ən yaxşı kimdir? Rəşad Sadıqov, Araz Abdullayev, Maksim Medvedev, Əli, Vəli? Kim? Təbii ki , indi siz qərar versəniz, adı ən çox hallanan bombardirlərdən birinin adını çəkərdiniz. Bu cür intuisiyaya əsaslanan qərarlar isə əslində yanlışdır. İndi yaxşı futbolçunu müəyyən edən bacarıqları sadalayaq: qol sayı, dəqiq ötürmələrin sayı, assistlər, sahədə qaçdığı məsafə, və etika (passivində sarı və qırmızı kartlarının olmaması nəzərdə tutulur). Əgər adları sadalanan faktorların hamısını birlikdə hansısa ədəd şəklinə gətirsək gözlənilməz futbolçu ilə qarşılaşardıq. Artıq dünyanın ən çox izlənilən super çempionatlarına da qeyri-səlis "məntiq"-imiz ayaq açmışdır. Futbolçularımız ayaq açmasa belə!



Zadənin "məntiq"-i barədə fundamental biliklərə sahib olduq. İndi "məntiq"-in sizə ən maraqlı olacaq biznes qərarlarında tətbiqi barədə məlumat verəcəm. Belə ki, qeyri-səlis məntiqin insan resurslarının idarə olunması, müştəri əlaqələrində, investisiya portfellərinin optimallaşdırılması, risklərin idarə olunması, şirkətlərin maliyyə cəhətdən qiymətləndirilməsində potensial tətbiqləri mövcuddur. Keçək konkret misala. Zənn edin ki, siz böyük bir şirkətin maliyyə menecerisiniz və siz kapital qərarı verməlisiniz. Qarşınızda A,B,C adlı investisiya layihəsi var və sizin əsas məqsədiniz şirkətin səhmdarlarının mənfəətini artırmaqdır. Və yaxşı bilirsiniz ki, siz dolayı yolla olsa belə şirkətin əsl sahiblərindən - səhmdarlarından asılısınız. Bildiyimiz kimi, bu cür qərarlarda NPV (hazırkı xalis dəyər), IRR (daxili gəlirlilik faizi), payback period (geri dönüşüm müddəti) kimi metodlar geniş istifadə olunur. Menecer isə ən çox tövsiyə olunan bir metodu seçəcək və investisiya qərarı qəbul olunacaqdır. Əksər menecerlərin sadəcə bir metoda bel bağlayıb qərar tutması sadəcə çarəsizlikdir. Bəs bütün metodlardan istifadə edərək qərar vermək olarmı? Əgər həmyerlimizin dünyaya hədiyyə etdiyi yeni düşüncə tərzini - qeyri-səlis məntiqi həyatımıza və qərarlarımıza otuzdursaq, şübhəsiz ki, olar. Əgər menecer qeyri-səlis fikirləşib hesablamalar aparsa o rahatlıqla qərar verəcək. Bu cür düşüncə tərzi həm də gələcək barəsində qeyri - müəyyənliyi də Adəm övladının qadir olduğu qədər azalda bilər. Qeyri-səlis məntiqi bir yazıda dərindən anlamaq qeyri-mümkündür.



Hardan öyrənək? Hamının öyrəndiyi yerdən! Qeyri-səlis məntiqi öyrənmək mümkünsüz deyildir. Axı biz azərbaycanlılar necə olsa elm arxasınca dünyanın o biri başına gedən insanlarıq. Burada heç bir sarkazm yoxdur. Amma heç yerə getmək lazım deyil. Internetdə ingilis dilində kifayət qədər dərs vəsaitləri və video-mühazirələr sadəcə Google-da "fuzzy logic" yazıb axtarmağınızla sizin ixtiyarınızda olacaq. Hesablamalarda istifadə olunan mürəkkəb riyazi düsturlar isə Matlab proqramı ilə daha sadə olacaqdır. Proqram sizin üçün hesablayacaq. Əsas məqsədim həmyerlimizin yolunu sizə göstərmək idi. Əslində isə Lütfi Zadə bizim deyil. Nə qədər ki, etdikləri barədə heç bir məlumatımız olmadığı halda ağız dolusu danışırıq, Zadə bizimki deyil. Onun irsini öyrənsək, kitabları tərcümə olunsa və universitetlərimizdə tədris edilsə, artıq Lütfi Zadə əbədi azərbaycanlı olacaq. Xatırladım ki, Lütfi Zadənin öz elmi irsini vəsiyyət etdiyi Rafiq Əliyev hələ də yaşayır...