Yazının əvvəli


Pul haqq-hesab sevir. Hər yerdə, hər zaman, hər xalqda… Mən uzun zamandır düşünürdüm ki, biz azərbaycanlılar daşdan da olsa, pul çıxarırıq, qazanırıq. Qürur duyurdum. Amma pulu xərcləyə bilmirik. Bundan çox pərişan olurdum. Pula od qoyuruq, divan tuturuq.


Pul isə elə bir nazənindir ki, diqqət və qayğı tələb edir.


Ona əl çirki olaraq baxmayın.


Həyatda hədəflər seçmək, məqsədlər müəyyən etmək, sərvəti artırmaq üçün pul ona bir alət kimi baxılmasını istəyir.


Bu baxımdan yanaşdıqda, İSTEHLAKÇI DAVRANIŞLARI ARAŞDIRMALAR HESABATI çox aktual səslənir və sözsüz ki, bu problemlərlə maraqlananların ciddi marağına səbəb olacaqdır.


Çünki sosial mühitdə xəsisliyə deyil, qənaətcilliyə meyl açıq-aşkar duyulmaqdadır. Maliyyə resurslarına, istər dövlət miqyasında, istərsə də cəmiyyətin özünü formalaşdıran ilkin özək kimi ailədə planlı və düşünülmüş münasibət, qonşudan qalma geri fəlsəfəsi ilə deyil, təhsil və peşəyə, şəxsi inkişafa və sənətlərə yiyələnməklə başqalarını önləmək istəyi vüsət almaqdadır.


“Business İnsight İnternational Research Group” tərəfindən həyata keçirilən araşdırmaların obyektivliyinə tam arxayın olmaqla bərabər, insanların ölkənin və ailənin inkişafına dair fikirlərində tendensiya yoxluğu nəzərə çarpdırmaq istərdim. Bu da ondan irəli gəlir ki, bizim gözləntilərimiz həmişə realdan yuxarı olur. İnsanlar həyata və maliyyəyə daha emosional münasibət göstərirlər. Buradan da bədbinliyə bənzər bir trendin yer almasının şahidi oluruq. Bununla yanaşı, belə cür yanaşmada qəribə heç nə görmürəm. İnsanlar əvvəlki illərdə olduğu kimi, sağa-sola pul xərcləməyəcəklər. Bu da sabahı düşünməklə izah olunur, amma pulun qabaqlarda deyilən kimi, qara gün üçün saxlanıldığını iddia etmək istəməzdim. Xərcləməmək mümkün olduğu yerdə niyə də xərcləyim ki?!


Sadəcə insanlar, indi daha ayıqdırlar, böhran dərslərini yaxşı qavramışlar. Adamlar indi “əşşi, hər şey yaxşı olacaq” demirlər, indi “hər şey pis olacaq” da demirlər. İnsanlar indi daha diqqətli, zamanın gözlənilməz zərbələrinə daha hazırlıqlı olmaq istəyirlər.


Onlar istəyirlər ki, sosial statusdan asılı olmayaraq, heç olmasa, bir az qabağı da görə bilsinlər. Onlar indi kreditə əvvəlki kimi hərdəmxəyal və məsuliyyətsiz münasibətdən uzaqdırlar. Ayaqlarını yorğanlarına uyğun olaraq uzatmaq istəyirlər. Bu, əslində sevindirici haldır. Bu cür səylərinə görə, onları qınamaq olmaz. Əksinə, belə tədbirliliyə görə, reallığı ayıq-sayıq qiymətləndirdiklərinə görə onların mövqeyinə haqq qazandırmalıyıq.


Dünya göz önündə sürətlə dəyişir, texnologiya həyatın bütün sahələrinə dərindən nüfuz edir, bəzi peşələr arxaikləşir, yeni ixtisaslar formalaşır və peşələrə tələbatın rezonanslı artımı, insanların müasir fəaliyyət sahələrinə yeni zamanın inkişaf perspektivinə səmtlənərək can atmaları onların əşyalardan daha çox şəxsi inkişafa vəsait xərcləməsini aktuallaşdırır. Əmtəə fetişizmi yerini düşünülən və planlaşdırılan ailə inkişafı strategiyasına güzəştə getməli olur. Bu hələ aydın ifadəolunan bir tendensiyaya çevrilməsə də, hər halda, hərəkətlənmə müşahidə olunmaqdadır.


Amma bunun dövlət baxımdan, ölkə iqtisadiyyatına təsiri baxımından bir çox problemlər yarada biləcəyi də istisna olunmur. Pul kütləsinin xəzinə funksiyasına keçidi, dövriyyədən çıxarışı müəyyən çətinliklər yaradır, daxili investisiya mühitinə mənfi təsir göstərə bilər. Sahibkarlığa, kiçik biznesə, fermer təsərrüfatı sisteminə arzuolunmaz neqativ təsir göstərə bilər. Bu baxımdan pulun dövriyyədən çıxarılmasının inzibati yolla deyil, münbit investisiya mühiti ilə aradan qaldırılması, kiçik və orta biznesin hər vasitə ilə dəstəklənməsi və həvəsləndirilməsi günün tələblərindən birinə çevrilir.



Təhsilin və texniki tərəqqinin, maliyyə-bank sisteminin və əsaslı tikintinin, aqrar sektorun və emal sənayesinin, xarici ticarətin və investisiyaların cəlbinin sürətlənməsi fonunda insanların istehlakçı vərdişlərinin təkamülünün şahidi olacağıq. İlk baxışda təhlükəli və həyəcanlandırıcı görünən istehlakçı inamı indeksinin müasir vəziyyəti onu düşünməyə əsas verir, baş verən proseslərin gerçəkliyin yenidən və anlaşıqlı qiymətləndirilməsinin təcəssümüdür. Vəziyyətin obyektiv dəyərləndirilməsi bu baxımdan diqqəti cəlb edir.


İndi hər kəs hərəkətdə olmalıdır, ölkə miqyasında regionlararası iqtisadi bağlılıq daha da sıxlaşmalıdır. Bölgə iqtisadiyyatından, kənd və şəhərdən deyil, vahid iqtisadi orqanizmdən bəhs olunmalıdır. Bölgələrin paytaxtdan geriliyi aradan qaldırılmalıdır, müxtəlif təbəqələrin sosial statuslarında fərqlərin silinmələrinə doğru irəliləyişin konturları dəqiqləşdirilməli, tərəqqinin və texniki təkamülün iqtisadiyyatın bütün sahələrinə təsirinin ölkənin inkişafı baxımından faydalı olan trendə çevrilməsi baxımında dəstəklənməlidir.



Ölkə həyatında izafi insan olmamalıdır, hər kəsin öz gücünü tətbiq etməsi üçün imkanlar açılmalıdır. Hər kəsin büdcə düşüncəsi, toplumda roluna adekvat olaraq formalaşmalıdır. Əhalinin güzəranı yaxşılaşmalı, insanların yaşayış səviyyəsi yüksəlməlidir. Bu zaman infrastruktur dövlətin göstərdiyi hərtərəfli qayğı öz səmərəsini verəcəkdir.


İnsanlar pulu bir-birinə açıq vermək üçün deyil, özlərinin biznes və həyat ehtiyacları platformasından çıxış edərək xərcləyəcəklər. Büdcə planlaması ailələrin müasir həyatının ayrılmaz atributuna çevriləcəkdir, insanların həyat tərzinin təkamülü ilə həmahəng olaraq istehlakçı davranışları daha da təkmilləşəcəkdir, daha real ehtiyaclara dayanıqlı olacaqdır.


Bəs indiki halda vəziyyətdən çıxış necə olacaqdır?


Mal və xidmət sahələri reqressiv yolamı qədəm qoyacaqlar?


Yoxsa küsüb istehsalın və satışın miqyasınımı kiçildəcəklər?


Daha baha başa gələn idxalamı üstünlük verəcəklər?


İqtisadiyyat tez küsənləri sevmir. İnsanlar yenə yeməli, içməli, geyməli, əylənməli və yenilənməlidirlər. Uşaqlar bağçaya getməli, gənclər institutda oxumalı, yeni nəsil olaraq formalaşmalıdırlar. Yeni evlər tikilməli, şəhərlər böyüməli, istehsal sahələri yeni avadanlıqlarla təchizat hesabına daha məhsuldar olmalıdır, mal və məhsulların maya dəyəri aşağı düşməlidir.


İnsanlar çoxluq etibarı ilə həyata dəfinələr yaratmaq istəyi ilə gəlmirlər və bu ehtirasla da yaşamırlar. İnsanlar yaşamaq istəyirlər, insanların hamısı istehlakçıdır, bu vərdiş və davranışlar atrafiyaya məruz qalmır, sadəcə bəzi zamanlarda differensiyaya məruz qalırlar, hərdənbir bir az kəmərləri sıxmaq lazım gəlir…



İndi elə zamandır ki, mal və xidmətlər özləri özlərini satmayacaqlar. Menecerlər isə tər tökməli olacaqlar. Balıq ovu çətin olduğu və sevinc bəxş etdiyi kimi, hər bir istehlakçı uğrunda mübarizə gedəcəkdir və bu sahədə rəqabətin sərtliyi uğurla nəticələnəcəkdir. Marketinq yeni səviyyəyə və müstəviyə keçəcəkdir. Klassik marketinq yeni resurslar hesabına tam gəncləşəcəkdir. Müasir kommunikasiya məcralarının, elektron ticarətin, kart ilə ödənişlərin populyarlaşması bizim qarşımızda yeni ticari üfüqlər açacaqdır. Bu, qaçılmaz prosesdir. Onu ləngitmək olar, amma tam dayandırmaq mümkün deyildir.


Bu, sabaha çağırışdır.


Bu, inkişafa çağırışdır.


Bu, qənaətcilliyə səslənməkdir.


Bu, cəmiyyət həyatında olan mürgüləmənin sona gəldiyini, insanların daha aktiv həyat mövqeyi tutmalı olduqlarını zərurətə çevirməkdir.


Bu, ailə təsərrüfatının yeni və müasir tələblər səviyyəsində idarə olunmasını hər bir ailə və hər bir istehlakçı üçün yeni normaya çevirməkdir.



İndi pulu qazanmağı və xərcləməyi öyrənmək zamanıdır.


Hər qəpiyin qədrini bilmək zamanıdır.


Hələ ötən əsrdə yaşamış ekspert, marketoloqlar və reklamçılar deyirdilər ki, biz müştərilərə gözəl nağıllar söyləməliyik ki, onlar pul qablarını çıxarsınlar və pul xərcləsinlər.


Biz onların üzünə gülməliyik.


Bax, buna görə deyirlər ki, müştəri həmişə haqlıdır.


Çünki bizim maaşımızı o verir.


Üzünüzü turşutmayın, siz də Marsdan gəlməmisiniz…


Siz də müştərisiniz…


İndi müştəri davranışlarının yenilənmə zamanıdır.


İndi istehlakçı inamının mühüm indikatora çevrildiyi zamandır.


İndi yeni zamandır.


Teymur Məmmədov,


Marketoloq


Adver.az